Azərbaycan! Qərinələrin o tayından boy göstərən, yeri uca dağ zirvəsində olan qədim, gözəl diyar. Odla həyat başlayan, cəsur, yenilməz övladları ilə şanlı tarix yazan yurdum, məmləkətim mənim. Keçmişinə baxıb qürur duyduğum, bu gününə baxıb sevindiyim, gələcəyi uğrunda çarpışdığım, beşiyim sandığım, sinəsində azad gəzdiyim, məzarım olacaq Vətənim. Sən mənim vüqarımsan, ucalığımsan, sənsiz mənim qədirqiymətim yoxdur.
        Odlar yurdu Azərbaycan! Bu üç sadə kəlmə bütöv bir xalqın, bütöv bir məmləkətin tarixinin ifadəsidir. Bu ad həm insanların inanclarını, yaşamaq uğrunda çarpışmalarını, həm də onların zaman-zaman yadellilərə qarşı apardıqları mübarizəni özündə əks etdirir. Əcdadlarımız oda sitayış etmiş, onu qorumuş və həyatlarının davamı sanmışlar.
        Ulu babalarımızın odla bağlı düşüncələri bir sıra şərq xalqlarının, o cümlədən də azərbaycanlıların ortaq ədəbi abidəsi plan «Avesta»da öz əksini tapmışdır. «Avesta» atəşpərəstliyin dini kitabıdır. Burada göstərilir ki, dünyanı xeyir Allahı Hörmüz və şər Allahı Əhriman idarə edirlər. Atəşpərəstlərin inanclarına görə bu iki qüvvə arasında gedən mübarizə sonda xeyir Allahının qələbəsi ilə başa çatacaqdır. «Avesta» insanları öz əməlləri ilə xeyirin tez gəlməsinə kömək etməyə çağırırdı. Ən əsas cəhət isə odur ki, atəşpərəstlər odu xeyir Allahının yerdəki əlaməti sanır və buna görə də odu müqəddəs hesab edirdilər.
        Ümumiyyətlə, od əcdadlarımızın həyat tərzinə möhkəm daxil olmuş, onların məişətlərinin ayrılmaz tərkib hissəsinə çevrilmişdi. «Kitabi-Dədə Qorqud» dastanlarından oğuzların el-obanın şad xəbərlərini, həmçinin məmləkəti gözləyən təhlükələri bir-birinə dağların başında yandırdıqları tonqallarla çatdırdıqları bəlli olur...
        Qədim inancların izləri indi də qalmaqdadır. And içəndə müqəddəs oda tapınır, «od haqqı», «yanan ocağa and olsun» deyirik. «Od» anlayışı məişətimizə möhkəm daxil olub, adət-ənənələrimizdə yaşayır. Azərbaycanın müxtəlif bölgələrində, el şənliklərində, toy mərasimlərində od elementlərindən istifadə olunur. El-obada bacasından tüstü çıxan ev bərəkətli sayılır. İnsanların başqalarına arzusunu, diləyini ifadə edən belə bir deyim də əbəs yerə yaranmayıb: səni görüm həmişə ocağın yansın, işığın gəlsin. Ölkəmizdə geniş qeyd edilən Novruz bayramının əsas atributlarından biri də məhz odla bağlıdır. Bayram şənliklərində tonqallar çatılır, uşaqlar, cavanlar bu tonqalların üstündən atılaraq ağrılarını-acılarını odda yandırırlar.
        Ölkəmizdəki ayrı-ayrı tarixi abidələr, bir sıra müqəddəs yerlər də qədim zamanlarda tarixi Azərbaycan torpaqlarında atəşpərəstliyin geniş yayıldığını təsdiqləyir. Belə abidələrdən biri Bakının Suraxanı rayonunda yerləşən Atəşgahdır. Bundan başqa, respublikamızın ərazisində təbiətin möcüzəsi Yanardağ mövcuddur. Məmləkətimizin paytaxtı Bakının emblemində rəmzi üç alov dili təsvir olunmuşdur. Şəhidlər xiyabanının girişində, burada ucaldılan memorial kompleksdə azadlıq aşiqlərinin, Vətənin igid müdafiəçilərinin xatirəsinə əbədi məşəl alovlanır...
        Odla bağlı tarixi köklərdən gələn, insanların həyat tərzi, mifik təsəvvürləri ilə sıx bağlı olan inanclar sanki məmləkətimizin taleyində də öz əksini tapmışdır. Müasir təsəvvürlərdə odlar yurdu Azərbaycan mərdlik, igidlik məkanı kimi qavranılır. Tariximizin səhifələri yadellilərə qarşı mübarizələrlə zəngindir. Qarı düşmən yurdumuzun gözəlliklərinə, zəngin təbii sərvətlərinə həmişə tamah salmış, fürsət düşən kimi məmləkətimizə talançılıq yürüşləri etmişlər. Fəqət onlar odlar yurdu Azərbaycanda layiqli müqavimətlə üzləşmiş, gərgin döyüşlərdə burunları ovularaq geri çəkilməyə məcbur olmuşlar. Yurdumuzun Babək, Cavanşir, Koroğlu, Həcər, Nigar timsallı mərd, yenilməz oğul-qızları vardır. Onlar qeyri-bərabər döyüşlərdə şücaətlər göstərərək düşmənin başına od ələmişlər.
        Odlar yurdu Azərbaycan babalarımızın bizlərə ərməğan etdikləri müqəddəs bir məkandır. Biz onu qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.
Top