Neft Azərbaycanın əsas milli sərvətidir. Respublikamızın ərazisi bütün dünyada «qara qızıl» ehtiyatı ilə zəngin olan bir diyar kimi tanınır. Dünyada ilk neft quyusu da məhz Abşeron yarımadasında 1847-ci ildə qazılmışdır. O vaxtdan başlayaraq «qara qızıl»ın sənaye üsulu ilə çıxarılması getdikcə təkmilləşmiş, güclü ənənələr təşəkkül tapmış, geniş kəşfiyyat, emal, nəqletmə şəbəkəsi yaradılmışdır. Heç təsadüfi deyildir ki, respublikamızın paytaxtı Bakı şəhərini bəzən «Neft Akademiyası» da adlandırırlar.
Azərbaycan neftçiləri dünya neftçıxarma sənayesinə bir sıra yeniliklər gətirmişlər. Onlardan biri barədə ayrıca söhbət açmaq gərəkdir. Qəhrəman neftçilərimiz Xəzəri fəth edərək açıq dənizdə ilk dəfə «qara qızıl» çıxarmaga başlamaqla yer üzündə neftçıxarmanın yeni erasının təməlini qoydular. Bu qeyri-adi hadisə 1949-cu ilin soyuq yanvar günlərində baş verdi. Əslində, bu vaxtadək böyük iş həcmi yerinə yetirilmişdi. Alimlər bir neçə il gərgin çalışaraq hesablamaları, bütün axtarış, geoloji-kəşfiyyat işlərini uğurla başa çatdırmışdılar. Proqnozlar sevindirici idı. Xəzərin təkində zəngin neft-qaz ehtiyatı var!
Beləliklə, əməli işə start verildi. Bir qrup cəsur neftçi açıq dənizə - Bakıdan təxminən 100 kilometr Cənub-Şərqdə Qara daşlar adlanan yerə çıxdılar. Bunun nə demək olduğunu təsəvvürə gətirmək çətin deyildir - fırtınaya, qasırğaya, bəzən günlərlə ara verməyən sərt küləklərə dözmək lazım idi. Fəqət neftçilərimiz geri çəkilmədilər, dəmir iradələri ilə şıltaq Xəzəri ram etdilər. İlk quyu güclü fontan vurdu və neftçilər qələbələrinin şərəfinə Qara daşlara rəmzi «Neft Daşları» adını verdilər. İlk quyunun fontan vurduğu bu ərazidə genişmiqyaslı tikinti-quraşdırma əməliyyatlarına başlanıldı. Beləcə, neftçilərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində dünyanın yeni möcüzəsi - açıq dənizdə polad estakadaların üstündə ucalan şəhər yarandı. Burada yaşayış binaları, sosial təyinatlı obyektlər inşa edilmiş, istirahət guşələri yaradılmış, yaşılıqlar salınmışdır. Dənizin dibindən çıxarılan neft on kilometrlərlə uzanan borularla sahilə nəql olunur. Azərbaycanın şöhrətini bütün dünyaya yayan «Neft Daşları»nda qəhrəman dəniz neftçilərinin bütöv nəsli yetişmişdir. Onlardan Qurban Abbasovun, M.P.Kaveroçkinin, Ağa Qurban oğlu Əliyevin, Yusif Kərimovun, Akif Cəfərovun, Xanoğlan Bayramovun və başqalarının adını çəkə bilərik.
Ötən onilliklər boyu neftçıxarma Azərbaycan iqtisadiyyatının əsas və aparıcı sahəsini təşkil etmişdir. Respublikamızda neftçıxarma ilə bağlı güclü infrastruktur formalaşmışdır. Bakıdakı «Azərneftyağ» və Yeni Bakı Neftayırma zavodlarının sahəsi on hektarlarla ərazini əhatə edir. Bu müəssisələrdə ən müasir tələblərə cavab verən emal qurğuları quraşdırılıb. Sözügedən istehsalatlarda hazırlanan müxtəlif adda sürtkü materialları, yağlar, yanacaq həm respublikanın daxili tələbatını ödəyir, həm də xarici ölkələrə ixrac olunur.
Torpaqlarımızın neftlə zəngin olması respublikamızda emal sənayesi ilə yanaşı, neft-maşınqayırma sənayesinin də inkişafına güclü təkan vermişdir. Bakıda və respublikamızın digər şəhərlərində qazma, neft-mədən avadanlığı, kəsici-deşici alətlər istehsal edən onlarca zavod fəaliyyət göstərir. Səttərxan adına maşınqayırma, «Bakı fəhləsi» zavodlarında, Zabrat və Sabunçu maşınqayırma müəssisələrində hazırlanan avadanlıqlara həm respublikamızda, həm də yaxın və uzaq xarici ölkələrdə böyük tələbat vardır. Xarici bazarlara göndərilən qazma və neft-mədən avadanlıqlarının ixracından respublikamızın büdcəsinə hər il böyük məbləğdə valyuta daxil olur.
Azərbaycan müstəqillik qazandıqdan sonra özünün yeni neft erasına qədəm qoymuşdur. ölkəmizin yeni neft strategiyasını ümummilli liderimiz Heydər Əliyev hazırlamışdır. Onun qətiyyəti və uzaqgörənliyi sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə birlikdə Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə dair müqavilə imzalandı. «Əsrin müqaviləsi» adlanan bu müqavilə artıq işləyir və Azərbaycana neft gəlirləri gətirir. indiyədək ölkəmizin neft sənayesinə böyük məbləğdə sərmayə qoyulub, on minlərlə yeni iş yerləri açılıb, qazma qurğuları, platformalar, neft kəmərləri, terminallar və digər vacib obyektlər tikilib. Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasının optimal və altemativ marşrutları seçilib. Belə ki, hazırda milli sərvətimiz dünya bazarlarına alternativ marşrutlarla nəql olunur. Üç dənizi birləşdirən Bakı- Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası tamamlandıqdan sonra respublikamızın neft ixracı imkanları daha da artmışdır.
Böyük öndərimiz Heydər Əliyevin hazırladığı yeni neft strategiyasının əsas qayəsi ondan ibarətdir ki, neftdən əldə olunan gəlirlər səmərəli şəkildə Azərbaycan xalqının mənafeyinə yönəldilsin. Bu məqsədlə Azərbaycan Dövlət Neft Fondu yaradılmışdır. İndiyədək Neft Fonduna milyardlarla dollar vəsait toplanmışdır. Bu, bütün Azərbaycan xalqının sərvətidir. Neft Fonduna yığılan vəsaitdən ölkəmizdə sosialyönümlü layihələrin həyata keçirilməsinə lazımi qədər vəsait ayrılır.
Yeni neft strategiyası reallaşdıqca Azərbaycanın iqtisadi gücü daha da artacaq, respublikamız hər sahədə inkişaf edən, çiçəklənən ölkəyə çevriləcəkdir.