İlin ən gözəl fəsillərindən biri bahardır. Baharın gəlişi bizdə Novruz bayramı kimi qeyd olunur. Baharın ilk müjdəçisi qaranquşlar olsa da onun əsas atributu al-yaşıl səmənidir. Səməni bahar gözəli, yaz pərisidir. Səməni xeyir, bərəkət simvolu, bolluq və firavanlıq rəmzidir. Hələ lap qədim zamanlardan ulu əcdadlarımız baharın gəlişini səməni ilə qeyd etmiş, qablarda səməni qoyaraq yetişdirmiş, onun bolluq və xeyir gətirəcəyinə, insanları xoşbəxtliyə və səadətə qovuşduracağına inanmışlar.
Novruz bayramı baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Ta qədimdən bir çox Şərq xalqlan, o cümlədən azərbaycanlılar Novruz bayramını ən təntənəli bir bayram kimi keçirir, onu möhtəşəm bir şəkildə qeyd edirlər. Adamlar Novruzu şənliklərlə, nəğmələrlə qarşılayırlar:
Novruz, novruz bahara,
Güllər, güllər nübara.
Bağçamızda gül olsun,
Gül olsun, bülbül olsun!
Bahar gəldi, bahar gəldi, xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Novruz bayramı vaxtı azərbaycanlılar bayram süfrəsi açırlar. Bu süfrənin bəzəklərindən biri də səməni olur. Stolun üstünə cürbəcür xörəklər, çərəz və şirniyyatlarla yanaşı, səməni də qoyulur.
Göyərdilmiş səmənidən tavada halva da bişirirlər. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi salınır. Uşaqlar, cavanlar, qız-gəlinlər dəstə ilə səməni tavasının dövrəsinə dolana-dolana səs-səsə verib belə bir nəğmə oxuyurlar:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam...