Həyatda hər şey gözəldir. Hər şeyin öz yeri, öz gözəlliyi olur. Lakin hər bir insanın da həyata bir cür baxışı olur. Buna görə də bir şeyə hamı eyni cür münasibət bildirə bilməz.
Bütün fəsillər gözəldir. Hər fəslin öz gözəlliyi var, lakin yenə də hər kəs bunların birinə daha çox üstünlük verir.
Bayramlarımız da öz yeri, öz gözəlliyi ilə seçilir, amma bu bayramlar içərisində mənim üçün əziz olanı, xoş olanı Novruz bayramıdır.
Bəlkə də, bu bayram qədimliyinə, yaxud da yeni ilin başlanğıcı olduğuna görə mənə daha sevimlidir. Çünki bu bayram əsrlərdən-əsrlərə bizim milli, dini adət-ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır. Novruz bizim ümumdövlət, ümumxalq, ümummilli bayramımızdır. Ümumxalq, ümummilli amilləri hər bir insan ilə, hər bir vətəndaş ilə bir olanda bayram da daha yüksək səviyyəyə qalxır, insanlar da bir-biri ilə daha sıx ünsiyyətdə olur.
Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir.
Novruzu ona görə sevirəm ki, bu bayram bütün insanları coşdurur, hər bir insanı sevindirir, şənləndirir. İnsan nə qədər qəm-qüssə içərisində olsa da bu bayramda özünü şən əhvali-ruhiyyədə hiss edir.
Novruz bayramı həm da dünyada yaşayanların bayramı, həm də dünyanı tərk edən insanların ruhunun bayramıdır. Bu bayram ərəfəsində hər bir insan öz əcdadını, babasını, dünyadan köçmüş əzizlərini yada salır, qəbiri üstünə gedir, onların ruhlarına dualar oxutdurur. Bu bayram bizim milli bayramımızdır. Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur.
Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri da Novruz bayramıdır.
Novruz bayramı martın 20-21-də keçirilir. Bu isə yaz gecə-gündüz bərabərliyinə təsadüf edir.
Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin, Torpağın isinməsi, «dirilməsi» durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına dörd həftə qalmış keçilməyə başlayır.
Axır çərşənbə günü təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik arzulanır. Həmin gün hamı öz evində olmalıdır.
Bayramın gözəlliyindən biri də baharın gəlişindən qabaq səməni göyərdilməsidir. Həyat, bolluq nişanəsi olan səməni baharın ilk müjdəçisi hesab olunur.
Bayram günündə qadınlar dadlı-ləzzətli şirniyyatlar bişirir, yumurta boyayırlar. Bütün evlərdə bayram süfrəsi açılır, cürbəcür xörəklər bişirilir. Bayram xonçası bəzənir, səməni qoyulub, şamlar yandırılır.
İlin axır çərşənbəsində tonqal qalanır və odun üstündən hoppanırlar. Bu adət soyuq qışın çıxması və onun isti yaz fəsli ilə əvəz olunması ilə bağlıdır.
Yazın gəlişi ilə təbiət canlanır, hər tərəf gözəlləşir. Sanki insanlar da gözəlləşir, üzlərdə sevinc, fərəh görünür.
Saydığım keyfiyyətlərinə görə mən Novruz bayramını çox sevirəm və bir şagird kimi arzum budur ki, torpaqlarımız tezliklə işğaldan azad edilsin və köçkünlərimiz öz yurd-yuvalanna dönüb ikiqat bayram etsinlər.