XIX əsr Azərbaycan ədəbiyyatının yetişdirdiyi ən böyük ədəbi simalardan biri də Mirzə Fətəli Axundovdur. O, ədəbiyyatımızda yeni bir mərhələnin əsasını qoyan görkəmli mütəfəkkir kimi şöhrət qazanmışdır. Dramaturqun yaşayıb-yaratdığı dövrdə yeni realist janrların, o cümlədən dram əsərlərinin yaranması üçün tarixi-mədəni şərait yetişmişdi və bu şərait tənqidi-realizmin inkişafı ilə bağlı idi. Bu şərəfli vəzifəni yerinə yetirmək M.F.Axundova nəsib oldu və o, Azərbaycan ədəbiyyatı tarixində dramaturgiyanın təməlini qoydu.
Görkəmli dramaturqun yazdığı altı komediya içərisində "Sərgüzəştimərdi- xəsis" əsərinin özünəməxsus yeri vardır. Komediya çox vaxt qəhrəmanın adı ilə "Hacı Qara" adlanır. Əsərin əsas ideyası xəsisliyin ifşasıdır. İnsanın təbiətində olan bu mənəvi naqisliyi müəllif Hacı Qaranın simasında tənqid atəşinə tutmuşdur.
Komediyanın mövzusunu M.F.Axundov qaçaq mal alveri ilə mübarizə üçün İran sərhədinə göndərilərkən görüb-eşitdiyi hadisələrdən götürmüşdür.
Komediyada Hacı Qara, Heydər bəy, Səfər bəy, Əskər bəy, Tükəz, Sona və başqa maraqlı surətlər vardır. Heydər bəy və onun yoldaşları əməyə xor baxan müftəxor insanları, Tükəz və Sona o dövr Azərbaycan qadınlarını təmsil edirlərsə, Hacı Qara xəsis tacirlərin mənfı keyfıyyətlərini özündə cəmləşdirir. Komediyanın əsas surəti və komik obrazı da Hacı Qaradır.
Hadisələr əsasən onun ətrafında cərəyan edir. Dramaturq süjet boyu onun gülünc hərəkətlərini, tamahkar əməllərini təsvir etməklə xəsis simasını açıb tamaşaçıya göstərir.
Hacı Qara olduqca xəsisdir. Bu mal-dövlət hərisi sərvətini artırmaq üçün hər cür çirkin əməllərə əl atır. Evdə ailəsini ac saxlayır, onların dolanışığına fıkir vermir, pulu həyatının başlıca məqsədi hesab edir. Hacı Qaranın arvadı Tükəz onun bu xasiyyətinə qarşı çıxaraq deyir: "Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən sənin pulun tükənməz. Yüz manat puldan ötrü nə özünü öldürürsən? ...Öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa, arvad-uşağın doyunca çörək yeyər".
Hacı Qara olduqca xəsis və tamahkar bir tacirdir. O, qəpiyindən keçmir, çalışır ki, var-dövləti çox olsun. Yüz manat zərərə düşdüyü üçün az qalır ki, "qüssədən dərdəcər ola". Pula hərislik, mal-dövlət eşqi onu insani keyfiyyətlərdən uzaqlaşdırır, pulun əlində əsir qalan Hacı Qara kapitalını artırmaq üçün yalan danışır. O, malı satılmadığı üçün az qalır ki, uşaq kimi ağlasın. "Yüz manat zərərim var. Bu dərd şəksiz məni öldürəcək" - deyir. Heydər bəy və yoldaşları onun yanına gələndə yalandan and içərək alverinin çox yaxşı getdiyini söyləyir. Malı tutulan zaman Hacı Qara naçalnikə yalvarır. Bu səhnədə o, dünyanın ən aciz və miskin insanı təsirini bağışlayır. Onun naçalnikə "qurbanın olum, malım yetişməsə ölləm” - deməyi oxucuda və tamaşaçıda nifrət hissi oyadir. Müəllif Hacı Qaranın iyrənc xüsusiyyətlərini komediyada həm onun öz hərəkətləri, həm də Tükəzin dili ilə açıb ifşa edir.
Xəsislik Hacı Qaranı rəzilləşdirir. Onun daxili-mənəvi aləmi tamam korlanır. Onun mənfi xüsusiyyəti xəsisliklə bitmir. Hacı Qara qorxaq, yalançı və lovğadır. Puldan ötrü o, nökəri Kərəməlini ac saxlayır, yalandan oğlu Bədəlin canına and içir. Bütün bu mənfi keyfıyyətlər Hacı Qaranı olduğu kimi səciyyələndirir.
Dramaturq Hacı Qaranı təsvir edərkən həyati detallardan, real cizgilərdən istifadə etmişdir. O, xəsis olmaqla yanaşı, hazırcavab və ayıqdır. Vəziyyəti düzgün qiymətləndirməyi bacardığı üçün onu aldatmaq çətindir. Hacı Qaranın xarakterindəki bu xüsusiyyətlər onu real və canlı obraz səviyyəsinə qaldırır.
M.F.Axundov Hacı Qaranın simasında XIX əsrin əllinci illərində yaşayan Azərbaycan tacirinin ümumiləşdirilmiş surətini yaratmış və yüksək sənətkarlıqla buna nail olmuşdur.
"Hacı Qara" komediyası çağdaş dövrümüzdə də aktuallığını saxlayır. Xəsisliyin, mənəvi yaramazlıqların ifşasında bu əsər heç vaxt əhəmiyyətini itirmir, insanda müsbət keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.