Ənvər Məmmədxanlı Azərbaycan ədəbiyyatının tanınmış simalarındandır. Yazıçının müxtəlif illərdə böyük sənətkarlıqla qələmə aldığı «Bakı gecələri», «Karvan dayandı», «Qızıl qönçələr», «Şərqin səhəri», «Şirvan gözəli», «Babək» kimi əsərlərini oxucular maraqla mütaliə edirlər.
Ədibin ən yaxşı əsərlərindən biri də «Buz heykəl» hekayəsidir. Hekayənin adında qış soyuqluğu hiss olunsa da, yazıçı əsərdə bütün varlığı ilə körpəsinə bağlı olan ananın qəlbinin hərarətini təsvir etmişdir. Ananın övladına məhəbbəti bəşəri və əbədi duyğudur. Dünyaya övlad gətirən ana onu qayğısız böyütmək üçün hər cür çətinliyə dözməyə, məhrumiyyətlərə qatlaşmağa, hətta canından belə keçməyə hazırdır. «Buz heykəl» əsərində də belə böyük, sərhədsiz ana məhəbbətinin şahidi oluruq.
Əsərdə yazıçı 1941-1945-ci illər müharibəsinin ilk ilində cəbhə xəttinə yaxın yerdə baş verən bir hadisəni qələmə almışdır. Şaxtalı bir qış gecəsidir. Hər yan ağ qara bürünüb. Top gurultuları şaxtalı gecəni titrədib lərzəyə salır.
Belə soyuq və vahiməli qış gecəsində gənc bir ana yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır. Ana tələsir. O, sinəsinə sıxdığı körpəsini hava işıqlananadək çayın o tayına - azad torpağa keçirməlidir.
Ana nəfəsini dərmədən irəliləyir. Ancaq nə qədər yol gedirsə, qarlı çöllərin sonu görünmür, elə bil gecə donub qalıb, saniyələr yerində sayır. Ana taqətdən düşür. Şaxta ona saatbasaat, anbaan daha güclü təsir edir. Bu geniş soyuq çöllərdə onun köməyinə çatası bir qüwə yoxdur, yeganə istinadgah yeri qarşısına çıxan qoşa ağcaqayın ağacıdır. Ana dəhşətli hisslər keçirir - ona elə gəlir ki, qılınc kimi kəsən şaxta onun qucağındakı körpənin həyatına qəsd edir. «Ana ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir - körpə donur, körpə donacaq...»
Lakin ana ürəyindəki qorxuya təslim olmur, əksinə ona üsyan edir. Ana məhəbbəti tükənməz və hər şeydən güclüdür. Dünya donub buzlağa çevrilsə də, ana ürəyinin hərarəti sönməyəcək.
Ana ciyərparasını bədheybət şaxtadan qorumaq üçün yun jaketini, başındakı qalın şalını, əynində başqa nə paltar varsa, hamısını çıxarıb balasına bükür. Bununla da kifayətlənmir, «titrəyən son nəfəsini», eşidilməyən son sözünü də körpənin üstünə ötürür: «- Qorxma, tifilim, qorxma, ufacığım, son nəfəsimin istisi də sənindir...»
Səhər tezdən kəşfiyyatdan qayıdan üç əsgər qoşa ağcaqayın ağacının yanında dəhşətli mənzərə ilə rastlaşır. Ana şaxtadan donub buz heykələ dönmüşdür. Onun əyninin paltarına büküb sinəsinə sıxdığı ciyərparası isə sağdır.
Böyük məhəbbəti, son nəfəsinin istisi ilə balasını şaxtadan qoruyan ana, ən böyük ehtirama layiqdir. Ana ürəyinin genişliyinə heyran qalan kəşfiyyatçılar onun buz heykəli önündə yerədək səcdə edirlər və körpəni götürüb azad torpağa tərəf irəliləyirlər...
«Buz heykəl» əsərini oxuyub qurtardıqdan sonra uzun müddət onun təsirindən ayrıla bilmədim. Əsər oxucuya ülvi hisslər aşılayır, onun gözündə ananı müqəddəsləşdirir.