Mikayıl Rzaquluzadə həm uşaqların, həm də böyüklərin sevimli yazıçısıdır. Onun əsərləri hamı tərəfindən maraqla mütaliə edilir. «EI gücü», «Qaranquş yuvası», «Qu gölü», «Dəniz nağılı», «Yaz günəşi» kimi əsərlərin müəllifi olan M.Rzaquluzadə yaradıcılığı boyu tez-tez tarixi mövzulara müraciət etmişdir. Yazıçının oxucularda böyük vətənpərvərlik hissi oyadan əsərlərindən biri də «Babəkin andı» hekayəsidir.
        Hekayədə Vətən oğullarının yadellilərə qarşı apardıqları mübarizə ümumiləşdirilərək bədii şəkildə təsvir olunub. Biz əsərin baş qəhrəmanı Babəkin timsalında mərd, çətinliklərdən qorxmayan bir Vətən övladını görürük. Onun qəlbində mənsub olduğu xalqa böyük məhəbbət, torpağa möhkəm bağlılıq hissi var. O, ana yurdunu dərin məhəbbətlə sevir.
        Kasıb ailədə doğulub boya-başa çatan Babək hələ uşaq ikən həyatın hər üzünü görmüş, çətinliklərdən keçmişdir. Uşaqlıqdan zəhmətə qatlaşan Babəkdə erkən gənclik illərindən vətənə məhəbbət, xalqa istək, yadellilərə nifrət hissi baş qaldırmışdır. Hamı kimi Babəkin valideynləri də düşmənlərin zülmündən əziyyət çəkir, çox çalışsalar da, ailəni çətinliklə dolandırırdılar. Həmvətənlərinin ağır həyatı Babəkin qəlbini göynədir. O, haqsızlığa, zülmə, istibdada kəskin qəzəb bəsləyir və necə olursa olsun doğma torpağı yadellilərdən xilas etmək barədə düşünür. O, bu məqsədlə Cavidanın dəstəsinə daxil olur, dağlara çəkilərək düşmənlərə qarşı mübarizə aparmağa başlayır. Çox sevdiyi anasının yalvarışları da onu bu yoldan döndərə bilmir. Onun qərarı qətidir: həmvətənlərinə zülüm verən, yurdunun, var-dövlətini talayan işğalçıların ayağı bu torpaqlardan kəsilməlidir.
        Babəkin bacarığı və igidliyi onu Cavidanın gözündə yüksəldir, ona qarşı böyük inam yaradır. Çox keçmir ki, Cavidan döyüşlərin birində həlak olur. Onun yerini tutan sərkərdə Babək qılıncını başı üstünə qaldıraraq and içir:
        - Yer üzünün bütün nemətlərini, xəlifə sarayının zinətlərini, şah qəsrlərinin sərvətlərini yaradan bizik, qabarlı əllərimizdir.
        And içirəm Vətənimizin bağından fışqıran sönməz odlara, and içirəm dik başlı azad dağlarımız üzərində ucalan əbədi günəşə, ana yurdumuzun üfüqlərindən yad səsləri kəsilməyincə, bu qılınc qınına girməyəcəkdir!
        Babək andına axıradək sadiq qalır. O, qılıncını heç vaxt qınına qoymur, ömrünün sonuna qədər düşmənlərə qarşı mübarizə aparır.
        Babək xarici işğalçılara qarşı mübarizədə tək deyildir. Vətənin minlərlə igid övladı qılıncı başları üstünə qaldıraraq onun andına qoşulur. Xalqın gücünü təmsil edən azadlıq aşiqlərinin gec-tez qələbə çalacaqları labüddür.
        Biz indi Babək kimi ölməz qəhrəmanların qanından yoğrulmuş torpaqda yaşayırıq. Onların həyatı gənc nəsil üçün örnəkdir. Hər birimizin borcu qəhrəmanların öz qanları bahasına azad etdikləri torpağı göz bəbəyi kimi qorumaq, onu düşmən tapdağına verməməkdir.
Top