Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Abdulla Şaiqdir. Qələminin gücünü müxtəlif ədəbi janrlarda sınayan A.Şaiq uşaqlar üçün bir-birindən maraqlı əsərlər yazmışdır. Sadə dillə qələmə alınan bu əsərlər böyük tərbiyəvi təsir gücünə malikdir. Bu əsərlər oxucuya dərin əxlaqi dəyərlər aşılayır, uşaqlara həyatın mənasını anladır, onları yüngül həyatdan uzaq olmağa, əməyi sevməyə səsləyir. Müəllifin belə dərin məzmunlu əsərlərindən biri də «Zəhmət və Zinət» şeiridir.
 
Bu dünyada sev zəhməti,
Odur həyatın zinəti!

        A.Şaiqin mənzum nağıl şəklində qələmə aldığı «Zəhmət və Zinət» əsərində oxucuya aşılamaq istədiyi əsas fikir bu iki misrada ifadə olunmuşdur. Müəllif əsərdə insanın həyatında mühüm rol oynayan zəhmətlə zinəti qarşılaşdırır. Insanın həyatı, yaşaması üçün bunlardan hansı daha vacibdir? Şair əsərin qəhrəmanı Alış kişinin həyatının müxtəlif anlarını, xoş və kədərli günlərini təsvir edərək oxucunu bu suala cavab tapmağa istiqamətləndirir. Kənd içində adlı-sanlı əkinçi olan Alış kişinin iki çanğı var. Onlardan biri Zəhmət, digəri isə Zinətdir. Alış kişi Zinəti özünə daha yaxın dost sanır. Onu dəmir sandıqda saxlayır, həmişə silib-təmizləyir. Alış kişinin hər çətin, qara günündə ona qardaş olan, yer şumlayan, əkən, biçən, toztorpağa bürünən Zəhmətə isə münasibəti fərqlidir. O, axşam evə gələndə Zəhməti bir bucağa atır və Zəhmət hər uşağa, hər evə girib-çıxana tapdaq olur. Sahibinin ögey münasibətindən inciyən Zəhmət küsüb uzaqlara gedir.
        Zəhmətsiz qalan Alış kişinin az vaxtdan sonra həyatı dəyişir. O, çətinliklərlə üzləşir, «kənddə ac və çaşqın gəzir», el onu qınayır. Zinət isə belə çətin anlarında sahibinə heç bir kömək göstərə bilmir, əksinə Zəhməti küsdürdüyünə görə onu qınayır, özünün də rəngi saralır.
        Səhvini anlayan Alış kişi Zinəti də götürüb Zəhməti axtarmağa gedir. Zəhmət günahını etiraf edən Alış kişini bağışlayır və onlar yenidən birgə həyata qayıdırlar.
        Əsərdən ibrətamiz nəticə hasil olur: insanın həyatının əsl bəzəyi zəhmətdir. Zəhmət olmayan yerdə zinətin heç bir dəyəri yoxdur, o tez puç olub gedəcək. Buna görə də insan həyatını əməklə mənalandırmağa çalışmalıdır.
Top