Azərbaycan ədəbiyyatının klassiklərindən biri də Abbas Səhhətdir. O, daha çox romantik şeirlər müəllifı kimi məşhurdur. Onun yüksək ustalıqla qələmə aldığı «Əhmədin qeyrəti» poeması, uşaqlar üçün yazdığı «Cücələrim», «Qaranquş balaları», «Yaz», «Quşlar», «Ayı və şir» kimi şeirləri, dünya ədəbiyyatından etdiyi tərcümələr sevilə-sevilə oxunur. Şeirlərini «Səhhət» təxəllüsü ilə qələmə alan böyük şairin yaradıcılığında vətən mövzusu xüsusi yer tutur. Vətən, xalq onun üçün müqəddəs idi. Buna görə də həyatı boyu Vətəninə, xalqına əlindən gələn yaxşılıqlar etməyə çalışmıdır. A.Səhhətin vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlərdən biri də «Vətən» adlanır.
Şair bu şeiri gənclərdə, böyüməkdə olan nəsildə vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə qələmə almışdır. Şeirin hər misrası oxucunu Vətəni böyük məhəbbətlə sevməyə, onu candan əziz sanmağa çağırır. Əruz vəzninin rəməl bəhrində qələmə alınan şeirdə şairin doğma Vətənə həssas övlad münasibəti yüksək poetik dillə təsvir olunur. Şair şeirin ilk misralarında Vətəni könlünün sevgili məhbubu adlandırır:
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim...
A.Səhhətin Vətənə olan sevgisi mücərrəd anlayış deyildir. Şair şeirin sonrakı misralarında Vətənə olan bağlılığının səbəblərini açıqlayır. Doğma yurd ona qoynunda yer verdiyinə, böyütdüyünə görə şair Vətənə hədsiz minnətdardır və Vətəni unutmağı heç təsəvvürünə belə sığışdıra bilmir. Şair Vətəni ana ilə müqayisə edir. Vətən onu sinəsiüstə bəslədiyi kimi, o da Vətəni gözləri üstə saxlayacağını bildirir və «Olərəm əldən əgər getsə Vətən» deyir. A.Səhhət Vətəni əbədi, həmişəyaşar varlıq kimi dəyərləndirir. Şairə görə Vətən bir də ona görə müqəddəsdir ki, burada əcdadlarımız dəfn olunublar, gələcək nəsillər burada ömür-gün sürəcəklər. Müəllif bu fikri belə ifadə edir:
Vətən - əcdadımızın mədfənidir!
Vətən - övladımızın məskənidir!
Əsərin sonunda oxucu vətənpərvər şairin naxələflərə, Vətənə xor baxanlara kəskin münasibətinin şahidi olur. Şairin gəldiyi qənaət belədir ki, Vətəni sevməyən insanda vicdan ola bilməz.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
Beləliklə A.Səhhətin «Vətən» şeiri bizi vətənpərvər olmağa, doğma yurdu ürəkdən sevməyə səsləyir. Vətən anlayışı əbədi olduğu kimi, sevimli şairimiz A.Səhhətin «Vətən» şeiri də öz aktuallığını həmişə saxlayacaqdır.