Azərbaycan ədəbiyyatında dərin iz qoyan sənətkarlardan biri də Xaqani Şirvanidir. X.Şirvani ədəbiyyat tariximizə ilk poema yazan şair kimi daxil olmuşdur.
XII əsrdə yaşayıb-yaratmış böyük şair öz şeirlərində tərbiyə məsələlərinə ciddi diqqət yetirmiş, elmi, biliyi, yüksək qiymətləndirmişdir. Şairin həyat təcrübəsi, müşahidələri əsasında gəldiyi nəticə belədir: İnsan yalnız elm, bilik öyrənməklə, ağıllı adamların nəsihətlərinə qulaq asmaqla dünyanın sirlərini öyrənə bilər.
Bu cəhətdən şairin «Gənclərə nəsihət» şeiri də səciyyəvidir. Şeir bütün zamanlarda aktual olan tərbiyə mövzusundadır. Gənclərin həyat təcrübəsi azdır. Onların təsir altına düşmək ehtimalı böyükdür. Buna görə də onları erkən yaşlarından həyatda düzgün mövqe tutmağa istiqamətləndirmək gərəkdir. «Gənclərə nəsihət» şeirini bütövlükdə bərkdən-boşdan çıxmış, müdriklik zirvəsinə yüksəlmiş bir insanın hələ həyat yollarında ilk addımlarını atan, təcrübəsi az olan gənclərə öyüd-nəsihəti kimi də qiymətləndirmək mümkündür.
Şeirdə Xaqani Şirvani insandakı müsbət və mənfi keyfiyyətləri üz-üzə qoyur, gəncə xitab edərək onu rəzil əməllərdən uzaq olmağa, fəzil keyfiyyətlərə yiyələnməyə çağırır. Şair şeirin elə ilk bəndindəcə fitnəni «əlləri dərdə salan» bəd əməl kimi qiymətləndirir və gəncə fıtnə törətməkdən uzaq olmağı məsləhət görür. Müəllif bu fikri davam etdirərək yazır.
Cana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edər onu tar-mar.
Xaqani Şirvaninin yüksək qiymətləndirdiyi müsbət keyfiyyətlərdən biri də vəfadır. Şair vəfa mənzilini ən yaxşı mənzil hesab edərək gənci vəfa küçəsində ev tutmağa səsləyir, hər kəsə bivəfa olmamağı nəsihət edir. Şairin qənaətinə görə, dostluq edən kəs dostluğu yüksək qiymətləndirməli, dostunun yolunda dünya malından belə keçəcəyi, çətinliklərə dözməyi bacarmalıdır. Şeirdə oxuyuruq:
Qırsa bir budağı dost hirslənərək,
O, cənnət ağacı olsa da, əl çək.
Şair insanda həmçinin, mehribanlıq və nəvaziş, mərdlik, hünər kimi keyfiyyətləri də yüksək qiymətləndirir. Aqil adamlar isə ən yüksək hörmətə layiqdirlər. Şair sual edir:
Dünyada aqil tək bir ustad varmı?
O, bir qul yanında şagird olarmı?
Şeirin sonunda şair nəsihətlərini tamamlayır. Burada o, pis adamlan kor əqrəblə, lal, kar ilanla müqayisə edərək gəncləri belələrindən uzaq olmağa çağırır.