Azərbaycanın xalq yazıçısı ilyas Əfəndiyevin yaradıcılığında xalqımızın tarixi keçmişi və azadlığı uğrunda apardığı mübarizə mövzusu mühüm yer tutur. Yazıçının «Xəncər» hekayəsi də bu mövzuda qələmə alınmışdır.
        Hekayədə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın Vətənin azadlığı uğrunda apardıqları mübarizə, bu mübarizədə xalqın nümayəndələrinin göstərdikləri əzmkarlıq təsvir olunur.
        Əsərdəki hadisələr İranın kiçik bir şəhərində cərəyan etsə də, əslində Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın müstəqillik uğrunda səngimək bilməyən mübarizəsinin ümumiləşdirilmiş ifadəsidir. Vətən torpağı bir ildir ki, demokratların mübarizəsi sayəsində millətçi fars rejiminin əsarətindən qurtulmuşdur. İran Azərbaycanında milli hökumət qurulub. Dükanların üzərindən farsca lövhələr götürülüb, yerinə Azərbaycan dilində yazılmış lövhələr asılıb, küçələrin adları dəyişdirilib. Adamlar «ana dili», «milli hökumət», «Azərbaycan» sözlərini tez-tez və sonsuz qürurla təkrar edirlər. Müəllif insanların keçirdikləri hissləri belə ifadə edir: «Elə bil ki, onlar bu sözlərin tələffüzündən sonsuz bir zövq duyurdular... Elə bil ki, onlar bu sözlərlə öyünür, fəxr edirdilər. Səhər tezdən tacir və peşəkarlar «Azərbaycan» qəzetinin təzə nömrəsini alıb oxumağa tələsirdilər».
        Lakin xalqın bu sevinc hissi uzun sürmür. Fars şovinistləri milli hökuməti silah gücünə devirirlər. Bundan sonra şəhərdə təqiblər başlanır, milli hərəkatın fəal üzvlərinə ağır işgəncələr verilir.
        Əsərdə hadisələrin mərkəzində gənc müəllimə Südabə dayanır. Fars millətçilərinin azərbaycanlıların hüquqlarını tapdalamaları, onlara həqarətlə yanaşmaları bu gənc qızda milli hisslərin alovlanmasına səbəb olmuşdur. Südabə hələ tələbə ikən bir məclisdə fars millətçiləri tərəfindən aldadılır. Bu hadisə onun həyata baxışını dəyişir. O, milli mənsubiyyətinə görə insanlara fərq qoyan fars millətçilərinə kəskin nifrət bəsləyir, Vətənini, xalqını azad görmək istəyir. Gənc müəllimə şagirdlərini də bu ruhda tərbiyə etməyə çalışır. Südabədə vətənpərvərlik hissi çox güclüdür. O, həyatı təhlükədə olanda belə atasının təkidi qarşısında geri çəkilmir, çətin, ağır günlərdə də çox sevdiyi şagirdləri və xalqı ilə bir yerdə olmağa qərar verir. Südabə müəllimənin son dərsində şagirdlərinə ünvanladığı sözlər onun çox yüksək iradi keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Gənc müəllim onu edam etməyə aparmağa gəlmiş fars zabitlərindən çəkinmədən deyir: «Vətənimiz uğrunda mübarizə edin!». Südabənin şagirdlərinə dediyi bu sözlər əslində bütün xalqa ünvanlanıb. O, hamını ayağa qalxmağa, zülmə, istibdada qarşı haqq mübarizəsinə səsləyir.
        Müəllif soydaşlarımızın fars millətçilərinə qarşı qəzəbini müxtəlif vasitələrlə qabarıq şəkildə nəzərə çarpdırmışdır. Südabə müəllimənin şagirdi ildırımın atasından qalmış qılıncı düşmənə qarşı istifadə etməsinin böyük rəmzi mənası var. Bu, bir tərəfdən Südabə müəllimənin tərbiyəsinin hədər getmədiyini, onun çoxlu ardıcıllarının yetişdiyini təsdiqləyir. Digər tərəfdən isə lldırımın fars zabitinə yönəltdiyi qılınc xalqın düşmənə qarşı sıyrılmış qəzəbinin ifadəsidir.
        İ.Əfəndiyevin böyük sənətkarlıqla qələmə aldığı «Xəncər» əsəri oxucuya dərin vətənpərvərlik hissi aşılayır. Əsəri oxuduqdan sonra biz azadlığın hər bir xalq üçün necə böyük xoşbəxtlik olduğunu daha dərindən dərk etdik. Azərbaycanın müstəqilliyi xalqımızın ən böyük nailiyyətidir və hər birimiz onu göz bəbəyi kimi qorumağa çalışmalıyıq.
Top