Dünya ta əzəldən Xeyirlə Şərin mübarizəsi üzərində qurulub. işıq, aydınlıq xeyir qüvvələrin, zülmət, qaranlıq isə şər qüvvələrin nişanəsidir. Şər qüvvələrin xisləti başqalarına pislik etməkdir. Xeyir qüwələr isə heç vaxt çətinliyə düşən insanları darda qoymurlar, onlara kömək əli uzadır, həyatlarını yüngülləşdirməyə can atırlar. Xeyir və Şərin əbədi mübarizəsi, bir qayda olaraq, Xeyirin qələbəsi ilə başa çatır. Şərin aqibəti isə faciə ilə nəticələnir.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi də özünün «Xeyir və Şər» mənzum hekayəsini bu mövzuda qələmə almışdır. Çin qızının söylədiyi hekayənin əsas müsbət və mənfi qəhrəmanlarının xarakteri onlara Tanrı tərəfindən verilən ada tam uyğun gəlir. Xeyir nə qədər humanist və insanpərvərdirsə, Şər bir o qədər zalım və qəddardır, adı kimi yaramaz işlər görməkdən həzz alır.
Əsərin süjet xətti Xeyirin humanistliyi ilə Şərin bədxahlığı üzərində qurulub. Hadisələr inkişaf etdikcə Xeyirin qəlbinin, düşüncəsinin pisliklərdən uzaq olması, daim xeyirxah, humanist hisslərlə yaşaması oxucuda nə qədər dərin rəğbət oyadırsa, Şərin qəddarlığı bir o qədər nifrət doğurur. Xeyirlə Şərin xarakterləri düşdükləri çətin məqamlarda açılır. Tale onları yol yoldaşı etmişdir. Onlar səhrada yan-yana yol gedirlər. Xeyirin qəlbi hər cür bədxahlıqdan uzaq olduğu üçün yalnız müsbət hisslərlə yaşayır, yol yoldaşından əsla xəyanət gözləmir. Şərin xisləti isə bunun əksinə olaraq pislikdən yoğrulub, o, bəd əməllər törətməkdən, başqalarına ziyan vurmaqdan zövq alır, bunu həyatının məqsədi sanır.
Səhrada Xeyirin suyu qurtarır. O, ümid edir ki, yol yoldaşı su verib onu çətinlikdən xilas edəcək. Lakin Şər ilk fürsət düşən kimi öz xislətini göstərir, ondan su istəyən Xeyirin gözlərini çıxarır. Hətta bununla da ürəyi soyumur - su üstündə gözlərini çıxarıb həyat işığına həsrət qoyduğu Xeyirə bir damla su vermədən onu tərk edir.
Lakin Tanrı Xeyiri çətinliklərlə sınasa da, son anda onu darda qoymur. Yaxınlıqdakı bulaqdan su götürməyə gələn kürd qızı ona su verir, kömək edib evlərinə gətirir. Əhvalatdan xəbər tutan kürd isə Xeyirin gözlərinə yenidən işıq bəxş edir. Beləliklə, əsərdəki digər müsbət surətlərin xeyirxahlığı sayəsində Xeyir tam sağalıb ayağa durur.
Xeyirin sonrakı xeyirxah hərəkətləri də əsl humanistliyin ifadəsidir. O, şahın ölüm ayağında olan qızını heç bir təmənna gözləmədən sağaldıb həyata qaytarır. Şah isə Xeyirin insanpərvərliyini görüb məmləkəti idarə etməyi ona tapşırır. Beləliklə, Xeyir öz humanist əməlləri sayəsində layiq olduğu zirvəyə yüksəlir.
Xeyir humanistliyinə axıradək sadiq qalır. Hətta o, səhrada gözlərini çıxartmış Şərlə yenidən rastlaşanda da onu öldürmür, azad buraxır. Bu, oxucunun gözündə Xeyirin humanistliyini daha da yüksəldir, ona rəğbəti artırır. Şər isə əsərin sonunda layiq olduğu şəkildə cəzalandırılır. Etdiyi pisliklərin müqabilində yaşamağa haqqı çatmayan Şər məhv edilir.
Beləliklə, şair oxucunu Xeyirin Şər üzərində qələbəsinə inandırır. Həyatda da belədir. insanlar ucalmaq, həyatlarını yüngülləşdirmək üçün birbirinə arxa olmalıdırlar. Nahaq demirlər ki, bəşəriyyəti xeyirxahlıq, humanistlik xilas edəcək.