XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Süleyman Rəhimovun yaradıcılığından xalqımızın yadellilərə qarşı mübarizəsi mövzusu qırmızı xətlə keçir. Ədib xalq qəhrəmanlarının haqsızlığa, ədalətsizliyə qarşı qeyri-bərabər döyüşlərdə göstərdikləri igidliyi şirin dillə tərənnüm etmiş, onların oxucular tərəfındən sevilən bədii obrazlarını yaratmışdır.
Yazıçının «Pəri çınqılı» hekayəsinin mövzusu da xalqımızın qəhrəmanlıq tarixindən götürülmüşdür. Əsərin əsas qəhrəmanı Qaçaq Nəbi xalqın içindən çıxan cəsur bir igiddir. Xalqını, elini-obasını böyük məhəbbətlə sevən Qaçaq Nəbi çar ordusunun Azərbaycanda hökmranlıq etməsi ilə barışa bilmir. Çar üsuli-idarəsinin yerlərdəki nümayəndələrinin, bəylərin əhali ilə sərt davranmaları, ədalətsizliklərə yol vermələri, hər addımda haqsızlıqlar törətmələri Qaçaq Nəbini silaha sarılmağa vadar edir. Hər cığırına, hər enişinə, yoxuşuna bələd olduğu dağlar, meşələr qaçaqlıq taleyi yaşayan Nəbinin oylağıdır. O, çar ordusuna, var-dövlət hərisi olan yerli bəylərə qarşı apardığı mübarizədə tək deyil. Onun başına özü kimi mərd, qorxmaz həmvətənlərindən ibarət çoxlu sayda qaçaq cəm olmuşdur. ömür-gün yoldaşı Həcər də Nəbinin sadiq silahdaşlarındandır. Azərbaycan qadınının xarakterik keyfıyyətlərini özündə birləşdirən Həcər «Kitabi-Dədə Qorqud» eposundan, «Koroğlu» dastanından bizə bəlli olan kişi qeyrətli təəssübkeş qadın obrazlarını xatırladır. Həcər sədaqətli ömür-gün yoldaşı olmaqla bərabər, həm də Nəbiyə etibarlı arxadır. O, döyüş meydanlarında Nəbi ilə çiyin-çiyinə vuruşur, qəhrəmanlıqlar göstərir. Nəbinin özü Həcərin mərdliyini, kişi qeyrətini yüksək qiymətləndirərək deyir:
Qoy sənə desinlər,
ay qaçaq Nəbi,
Həcəri özündən,
ay qoçaq Nəbi.
Əsər boyu yazıçı baş qəhrəmanın vəfalı dostu Bozatı da sevə-sevə tərənnüm edir. Bozat Nəbini heç vaxt darda qoymur, onu ən çətin anlarda təhlükələrdən sovuşdurur.
Nəbinin və onun başına yığılan qaçaqların yeganə məqsədi əhalini çar üsuli-idarəsinin təmsilçilərinin və yerli bəylərin zülmündən qurtarmaqdır. Onlar imkan düşən kimi rus qoşunlannın, yerli bəylərin üstünə hücum çəkir, həmvətənlərinin qisasını alırlar.
Nəbinin igidliyi Nikolay padşahı bərk qorxudur. Qaçaqların rus qoşunlarına gözlənilməz zərbələri onu «cana gətirir». Buna görə də Nikolay padşah Nəbini öldürənə, ya da onu diri-diri tutub hüzuruna göndərənə kisəkisə qızıl vəd edir.
Əsərdə Zəngəzur naçalniki Səlim bəy padşahın tapşırığını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır, pristavlarını, koxalarını, yasovullarını yerindən tərpədib Nəbini izləyir. Bundan başqa, Naxçıvan, irəvan naçalnikləri də Qaçaq Nəbinin ardınca adam salmışlar. Nəbi isə həmişə düşmən hiylələrindən duyuq düşür. O, doğma dağlarda üstünə gələn bölükbölük əsgərləri, kazakları ağır itkilərə məruz qoyaraq tez-tez yerini dəyişir.
Nəbinin və onun başının dəstəsinin şücaətləri xalq arasında qaçaqlara böyük hörmət qazandırır. Onların şöhrəti hər yana yayılır. «EI-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlayır». Yazıçı əhalinin Nəbiyə olan rəğbətini belə ifadə edir: «Qaf elində sinəsi qabaran hər kəs Nəbidən danışırdı. Dağlarda tütək çalan çiyni yapıncılı çobanlardan çadırlarda dastan açan əli sazlı aşıqlara qədər hamı Nəbinin şəninə söz qoşur, Həcəri tərifləyir, Aynalıdan söhbət salıb Bozatın ildırım qaçarağını vəsf eyləyirdi».
Əsərdə diqqəti çəkən məqamlardan biri də yazıçının insanlardakı mərdlik və namərdlik kimi keyfiyyətləri üz-üzə qoymasıdır. Xalq qəhrəmanı Nəbi mərdliyi, sözübütövlüyü sayəsində ucalmış, şan-şöhrət tapmışdır. Xisləti namərdlik, arxadan zərbə vurmaq olanların yeri isə həyatın dibindədir. Səlim bəyin rəzilliyi, Sarımsaq oğlunun faciəli aqibəti buna misaldır.
Yazıçı hekayəni nikbin sonluqla tamamlayır. Həmişə xalqı ilə bir olan, həyatda heç vaxt yadlara əyilməyən Nəbi təhlükədən sağ-salamat qurtulur. Bu isə o deməkdir ki, xalq naminə çarpışan və gücünü xalqdan alan qəhrəman yenilməzdir.