XIX əsrin sonlarında - XX əsrin əvvəllərində yaşayıb-yaratmış və ədəbiyyatımızı «Xortdanın cəhənnəm məktubları», «Dağılan tifaq», «Bəxtsiz cavan», «Pəri cadu» kimi dərin məzmunlu əsərlərlə zənginləşdirən Əbdürrəhim bəy Haqverdiyevin ustalıqla qələmə aldığı bədii sənət nümunələrindən biri də «Mirzə Səfər» hekayəsidir. Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir.
        Hekayənin ideya-bədii xüsusiyyətlərindən söhbət açarkən buradakı obrazların xarakterinə, daxili aləminə nəzər salmaq gərəkdir. Məlumdur ki, Ə.Haqverdiyev əsərlərində öz ideyalarının, həyata baxışlarını ifadə etmək üçün bir sıra dolğun obrazlar yaratmışdır. Zalım, fırıldaqçı, yalnız öz xeyirlərini güdən, arxasızları, kimsəsizləri incidən mənfi tiplər ədibin kəskin satira atəşinə tuş gəlmişlər. Əksinə yazıçı əsərlərində məzlum, kasıb, təmiz qəlbli zəhmət adamlarına rəğbət bəsləmiş, cəmiyyətdə hər hansı bir hüququ olmayan, zalımların əlində alətə çevrilən insanların tərəfini saxlamışdır.
        Ə.Haqverdiyevin qəhrəmanlarından bir qismi isə həyatda qarşılaşdıqları haqsızlıqlardan, qeyri-insani münasibətlərdən əziyyət çəksələr də, müti vəziyyətdə qalmırlar, mübarizlik göstərirlər. Haqqında bəhs etdiyimiz hekayənin baş qəhrəmanı Mirzə Səfər xaraktercə məhz belə insandır. Q, kasıb olsa da, ailəsini çətinliklə dolandırsa da, ləyaqətini uca tutur, varlıların qarşısında heç vaxt əyilmir. Yazıçı hekayədə Mirzə Səfərin timsalında mənəvi cəhətdən təmiz bir obraz yaratmışdır. O, ətrafdakılardan fərqli olaraq mənəvi dəyəriəri uca tutur, həyatda bir kimsənin qarşısında qorxacaq, gözükölgəli olmamaq üçün rüşvət almır, az miqdarda qazancı ilə kifayətlənir. Buna görə də qürurludur, heç kəsin qarşısında yaltaqlanmır, hamıya eyni gözlə baxır. Bu cəhətdən onun qəzada sayılıb-seçilən Həsən ağanın qohumu ilə dialoqu daha səciyyəvidir. Mirzə Səfər Həsən ağanın dəftərxanada növbədənkənar sənəd yazdırmaq istəyən qohumuna kəskin cavab verərək deyir: «Neyləyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan». Belə ləyaqətli ömür yaşaması ətrafdakılarda Mirzə Səfərə dərin hörmət oyatmışdır. Hamı ona ehtiram bəsləyir.
        Hekayənin baş qəhrəmanı Mirzə Səfər mütərəqqi dünyagörüşü ilə də diqqəti cəlb edir. O, elmə, savada böyük əhəmiyyət verir və övladlarının ali təhsil almaları üçün hər bir çətinliyə dözür.
        Əsərdə müəllifin oxuculara rəğbətlə təqdim etdiyi surətlərdən biri də Mirzə Səfərin dostu usta Zeynaldır. Yazıçı, onun timsalında zəhmətə bağlı, dostluğa sadiq təmiz bir insan obrazı yaratmışdır. Mirzə Səfərlə usta Zeynal xaraktercə bir-birinə çox oxşadıqlarından onların dostluğu həyatın sınağından çıxaraq uzunömürlü olur. «Əsl dost necə olmalıdır?» sualının cavabını bu iki şəxsin münasibətlərinin nümunəsində tapmaq mümkündür. Hekayədə Mirzə Səfər həyatın çətin sınağı ilə üz-üzə qalır. O, oğlanlarının gimnaziyada təhsillərini davam etdirmələri üçün ildə səksən manat pul ödəməlidir. Mirzə Səfər bu qədər pul tapmaq iqtidarında olmadığına görə bərk narahatlıq keçirir. Lakin usta Zeynal dostunun çətinliklə üz-üzə qalmasına imkan vermir, onun övladlarının təhsil haqqının yarısını öz öhdəsinə götürür...
        Hekayədə yazıçı daxili aləminə, mənəvi keyfiyyətlərinə görə Mirzə Səfərlə usta Zeynaldan tamamilə əks qütbdə dayanan Həsən ağa obrazını da çox məharətlə yaratmışdır. Bu tip mal, pul sarıdan nə qədər varlıdırsa, mənəvi cəhətdən bir o qədər rəzildir. Kasıblara münasibətdə hədsiz dərəcədə qəddar olan Həsən ağa həm də yaltaqdır. O tez-tez cilddən-cildə girir və bu yolla daxili eybəcərliklərini pərdələməyə çalışır. Həsən ağanın siması onun Mirzə Səfərin övladlarına münasibətində aydın görünür. Vaxtilə Mirzə Səfərin oğlanlarının gimnaziyada pulsuz təhsil almalarına imkan verməyən Həsən ağa onları ali təhsil alıb geri döndükdən sonra özünü canıyanan ağsaqqal kimi göstərməyə çalışır. Lakin onun bu ikiüzlülüyü oxucuda əks reaksiya doğurur, ona qarşı ikrah hissi oyadır.
        Mirzə Səfərin övladlarının çətinliklərə dözərək ali təhsilə yiyələnmələri əsərin təsirini daha da artırır. Bununla ədib həyata nikbin baxışlarını ifadə etmişdir.
Top