C.Cabbarlı bütün yaradıcılığı boyu mənsub olduğu xalqın tərəqqisinə, mədəni inkişafına çalışmış görkəmli dramaturqdur. O, «Sevil», «1905-ci ildə», «Almaz», «Oqtay Eloğlu» və bu kimi başqa pyesləri ilə dramaturgiyamızı xeyli zənginləşdirmiş və bu sahədə bir məktəb yaratmışdır.
        C.Cabbarlı dramaturgiya ilə yanaşı, həm də lirik, satirik şeirlər, mənalı hekayələr, maraqlı ssenarilər, gözəl tərcümələr müəllifi kimi də məşhurdur. Ədibin poeziya yaradıcılığında hər misrası dərin məna tutumuna malik olan və oxucuya yüksək mənəvi keyfiyyətlər aşılayan «Ana» şeiri xüsusi yer tutur.
        Məlumdur ki, ana mövzusu ədəbiyyatımızın daimi mövzularındandır. Görkəmli şairlər, yazıçılar zaman-zaman bu mövzuda qələmlərinin gücünü sınamış, müqəddəs varlıq olan anaya yüksək münasibətlərini, dərin hörmətlərini əks etdirən təsirli əsərlər yaratmışlar. Bununla belə, C.Cabbarlının «Ana» şeiri öz zənginliyi və sənətkarlıq nöqteyi-nəzərindən zirvədə dayanır.
        Şeirlə yaxından tanış olanda C.Cabbarlının anaya sonsuz ehtiram və məhəbbətini hər sətirdə hiss edirsən. Əsərdə şair iki surət yaratmışdır. Bunlardan biri şairin daxili mənini, duyğularını əks etdirən lirik qəhrəman, digəri isə ana obrazıdır. Hər iki surət ümumiləşdirici xarakter kəsb edir. Lirik qəhrəman ana südünü, ana zəhmətini uca tutan övladların nümunəsidir.

 
Ana! Ana!... O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

        Lirik qəhrəmanın söylədiyi bu misralarla şair bütün öyladların öz analarına olan ürək sözlərini ümumiləşdirmişdir. Təbii ki, hər ana öz övladını zirvədə görmək istəyir, dünyada ən yaxşı nə yarsa ona arzulayır. Ancaq damarlarında halal qan axan beç bir övlad öz anasından yüksəyə qalxmaq iddiasına düşməz və bu heç mümkün də deyil. Bunu C.Cabbarlının lirik qəhrəmanının timsalında da aydın görmək mümkündür. O, anasının ayaqlarından öpməyə belə izn istəyir.
        Şair şeirdə lirik qəhrəmanın dili ilə ananın pak obrazını yaratmışdır. O bizə həyat verən bütün anaların prototipidir. Şeiri oxuyanda təbəssüm oynayan dodaqlarından övladına şirin-şirin lay-lay deyən ananın munis çöhrəsi canlanır. Bütün analar belədir. Ən ciddi ana da öz övladını böyük nəvazişlə oxşayır. Şair əsərdə lirik qəhrəmanın anaya sonsuz məhəbbətini daha qabanq nəzərə çarpdırmaq üçün kəskin təzadlar yaratmışdır. Lirik qəhrəman məğrurdur, nə həyatın çətinlikləri, nə dünya malı qarşısında əyilməzdir. O deyir:

 
Pələnglər tuta dövrüm, çəkilmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə ki,
Bir kəsə baş əyib iczimi bəyan eyləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

        Fəqət belə cəsarətli, şir ürəkli, mərd qəhrəmanın məmnunluqla baş əyməyə hazır olduğu bir sima var. Bu, ədəbi qəhrəmanın bir qultək qarşısında səcdədə olmağı özünə fəxarət sandığı anadır.
        Əsərdə müəllif bir sıra bədii təsvir vasitələrindən bəhrələnmişdir ki, bunlar da şeirin təsir gücünü daha da artırmağa xidmət edir. Məsələn, lirik qəhrəman təbiət qüvvələrinə üz tutur, bildirir ki, nə əsən külək, nə alışıbparlayan ildırım, nə guruldayan, çatlayıb dağılan göy qübbəsi, nə də yağışı yağdıran bulud ona təsir etməz. Titrəyən dodaqlarında lay-lay deyən ananın qarşısında isə ömrün vücudu əsər, ruhu pərvaz eylər. O, «Ana... Ana... Sənə rahibəm itaətdə!» deyib ömrü boyu özünü anaya minnətdar və borclu sanır.
Top