XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əhməd Cavadın yaradıcılığında azadlıq, istiqlal ideyalarının tərənnümü ilə yanaşı, doğma Vətən, onun əsrarəngiz təbiəti də böyük məhəbbətlə vəsf edilmişdir. Bu cəhətdən şairin lirikasının gözəl nümunələrindən olan «Göygöl» şeiri daha xarakterikdir.
Ə.Cavad bu şeiri Azərbaycan təbiətinin incisi sayılan Göygölün bənzərsiz gözəlliyindən ilhamlanaraq qələmə almışdır. Şair müxtəlif bədii təsvir vasitələrindən istifadə edərək bu gözəlliyi dolğun şəkildə oxuculara çatdırmışdır. Şeir həm də ona görə təsirlidir ki, onun hər misrasında şairin yanğısı, doğma diyara, ana təbiətə böyük məhəbbəti hiss olunur.
Dağların qoynunda, yaşıllıqların əhatəsində qərar tutan, Tanrıdan aldığı gözəlliyi ilə ətrafa hakim kəsilən, bu gözəllikdə sanki təbiətin özünə belə naz satan Göygöl! Məgər Azərbaycanı varlığı qədər sevən Ə.Cavad doğma diyarın təbiətinin bu nadir gözəlliyindən vəcdə gəlməyə bilərdimi? Əsla yox! Ana təbiətin bənzərsiz abidəsi Göygöl ömrü boyu «azadlıq», «istiqlal» deyən |şairin xəyallarını qanadlandırmış, qəlbini iftixar hissi ilə doldurmuşdur. Müəllif şeirin elə ilk bəndindəcə gözlərimiz önündə füsunkar bir təbiət mənzərəsi canlandırır. Sanki rəssam əlinə fırça götürüb gözlə gördüklərini tabloya köçürmüşdür.
Dumanlı dağların yaşıl qoynunda
Bulmuş gözəllikdə kamalı Göygöl.
Yaşıl gərdənbəndi gözəl boynunda
Əks etmiş dağların camalı, Göygöl.
Hiss edəndə ki, bu gözəllik mücərrəd şair təxəyyülünün məhsulu deyil, müəllif konkret məkandan, Vətənimizin bir guşəsindən söhbət açır, sənin də qəlbin iftixar hissi ilə dolur, şairin sevincindən sənə də pay düşür, fərəhlənirsən...
Ə.Cavad Göygölün şöhrətinin Şərqə, Şimala yayılmasından, şairlərin onun halına heyran qalmalarından məmnunluqla söhbət açır. Şairin qənaətinə görə, təbiətin bu nadir incisinin gözəllikləri saya gəlməz qədər çoxdur. Şair Göygölə o qədər məftundur ki, «Bulunmaz dünyada bənzərin deyərək» yer üzündə ona tay-bərabər tutmağa heç nə tapa bilmir.
Lakin vətənpərvər şair «Göygöl» şeirini heç də başdan ayağa qədər nikbin notlar üstündə qələmə almamışdır. Şeir bir-birindən gözəl təbiət mənzərələri ilə yanaşı, mətnaltı mənalarla da zəngindir. Belə ki, əsərin ayrıayrı sətirlərində müəllifin dərin nisgili hiss olunur. Şair Göygölün seyrinə gələnlərə xitab edərək deyir:
Kəsin eyşi-nuşi, gələnlər, susun,
Dumandan yorğanı, döşəyi yosun.
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı, Göygöl.
Nə idi doğma təbiətin bir guşəsinin əsrarəngiz gözəlliyindən vəcdə gələn şairi duyğulandıran, onu pərişan edən? Nə üçün şair gözəllər-gözəli Göygölü yorğun pəriyə bənzədir? Nə üçün onun pişvazına gələnlərə susmağı, «eyşi-nuşi kəsməyi» məsləhət bilir? Hanı həmişə qonaq-qaralı olan Göygölün büsatı, şad, çal-çağırlı günləri?
Şairin nisgili, təlatümlü hisslər keçirməsi təsadüfi deyildir. Ə.Cavad bu şeiri Azərbaycan Demokratik Cümhuriyyəti süqut etdikdən sonra - sovet hakimiyyəti illərində yazmışdır. Azadlıq aşiqi olan Ə.Cavad Azərbaycanın dövlət müstəqilliyinin əlindən alınmasını sakit qarşılaya bilməzdi. Şair Göygölün pəjmürdə halını, əvvəlki növrağının pozulduğunu təsvir etməklə, sanki ana təbiətin də məmləkətin acı taleyinə yas saxladığını nəzərə çarpdırmaq istəmişdir.
Şairin Göygölə xitabən:
Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?
kimi kədərli sualları da Azərbaycanın dövlət müstəqilliyini itirməsi səbəbindən keçirdiyi narahatlıqla bağlıdır. Təsadüfi deyildir ki, «Göygöl» şeirinə görə vətənpərvər şair təqiblərə məruz qalmışdır.