Ədəbiyyatımızın görkəmli klassiklərindən biri kimi şöhrət tapan Hüseyn Cavidin yaradıcılığında insanpərvərlik, humanizm kimi ideyaların təbliği mühüm yer tutur.
 
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.

deyən ədibin ilk səhnə əsəri olan «Ana» dramı da bu cəhətdən çox səciyyəvidir.
        Mövzusu Dağıstanın həyatından götürülmüş «Ana» dramında xeyirlə şər, qəddarlıqla mərhəmət, insanpərvərlik üz-üzə qoyulmuşdur. Orxan, Murad şər qüvvələri təmsil edirlər. Onlar mənfi ehtirasların Qurbanına çevrilmişlər və fürsət düşən kimi, başqalarına qarşı pislik, xainlik etməkdən çəkinmirlər. Dramaturq əsərdə bu şər qüvvələrə qarşı duran insanpərvər Səlma ana, ismət, Səlim, Qanpolad kimi müsbət obrazlar yaratmışdır. Dramın mənfi surətləri mənən nə qədər cılız, xudbin, qəddar və eyni zamanda nə qədər qorxaqdırlarsa, müsbət qəhrəmanlar bir o qədər həyatda doğru yol tutan, mərd və alicənab insanlardırlar.
        Dramaturqun humanist ideyalarının carçısı olan əsərin baş qəhrəmanı Səlma ananın qəlbi sanki mərhəmətdən, insanpərvərlikdən yoğrulmuşdur. O, hətta oğlunun qatilini belə bağışlaya bilən son dərəcə geniş ürəyə malikdir. Ananın yeganə oğlunun qatili Murada yaşamaq şansı verməsi adi hadisə deyildir. Ədib bununla yer üzündə qan izini ağılla, həyata və insanlara dərin məhəbbətlə kəsməyin mümkün olduğu barədə baxışlarını ifadə etmişdir.
        Əsərin süjet xətti son dərəcə dramatik hadisələr üzərində qurulmuşdur. Başlanğıcda oxucu oğlunu gözləyən Səlma ananın həyəcanının, keçirdiyi narahatlığın şahidi olur. Ana təlaş içindədir, hər gecə qanlı yuxular görür, hiss edir ki, nə isə acı bir xəbər olacaq. Həssas ana qəlbinin çırpıntıları yaxınlaşan faciədən xəbər verir.
        Bundan sonra hadisələr yüksələn xətlə inkişaf edir və daha də kəskin xarakter alır. Oğul gözləyən ana onu qan içində, həyatının son anlarını yaşayan bir vəziyyətdə qarşılayır. Yeganə oğlunun gözlərini həyata əbədi yumması ananın qəlbində fırtına qoparır, onun daxilində qatilə qarşı qəzəb, nifrət hissləri coşub daşır. O, intiqam almaq barədə düşünür. Lakin tezliklə hadisələr başqa səmtə yönəlir. Qatilin «təhlükəsizliyinə zəmanət verdiyi qəfil qonağı» olduğunu biləndə ananın qəlbindəki qisas hissi səngiyir, o «məhv olsa aləm, dirilməz Qanpolad» deyib qatil Murada yaşamaq şansı verir.
        Təbii sual yaranır: Səlma ana nə üçün əlinə düşən fürsətdən istifadə edib oğlunun qisasını almır? Ananın belə hərəkət etməsi onun alicənablığı ilə əlaqədardır. Son anda humanist ana qəlbi qan tökməyə razılaşmır, nə qədər çətin olsa da, qatil Muradı deyil, içindəki intiqam hissini boğur. Əsərin digər müsbət qəhrəmanı Səlma ananın humanistliyini belə xarakterizə edir:

Böyüklükdə, mərhəmətdə seçilmiş
Alicənablıq boynuna biçilmiş.

        Ananın insanpərvərliyi, mərhəməti qatil Muradı belə sarsıdır. O, Qanpolada atəş açmaqla necə bir dəhşətli səhvə yol verdiyini anlayaraq özünü qınayır, peşmançılıq içində deyir:
 
Doğrayın məni riştə-riştə
Əvət doğrayın, məhv olmalı zalım.
Ah, bir alçağa mərhəmət nə lazım?
Qanlı bir canavar sağ buraqılmaz,
Bən bir xainim, öldürün.

        Əsərin mənfi qəhrəmanı Orxan faciələrə, bədbəxtliklərə rəvac verir. O, şəxsi məqsədinə çatmaq üçün, hətta başqasının həyatına son qoymaqdan belə çəkinmir. Lakin cəzasız da qalmır. Ədib onun acı aqibətini təsvir etməklə həyatda bütün yaxşılıqlar kimi, heç bir pisliyin də cavabsız qalmadığını göstərmək istəmişdir.
        Beləliklə, hadisələr inkişaf etdikcə böyük dramaturq H.Cavidin «Ana» dramında oxucuya çatdırmaq istədiyi əsas niyyət aydınlaşır. Ədib dramatik, eyni zamanda həyati və inandırıcı səhnələri təsvir etməklə, ələlxüsus da ananın mərhəmətini, xarakterindəki alicənablığı qabartmaqla yer üzündə qan izini kəsməyin zəruriliyini və bunun mümkun olması ideyasını aşılayır.
Top