XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ədəbiyyatımızda novator sənətkar kimi tanınan Rəsul Rzanın yaradıcılığında insan mövzusu xüsusi yer tutur. Insanın yaşamasının mənası nədədir? O, həyatda nə üçün çarpışır? Hansı məqsədlər uğrunda mübarizə aparır? Şair bu kimi suallarla bağlı düşüncələrini böyük sənətkarlıqla qələmə aldığı fəlsəfi şeirlərində ümumiləşdirmişdir.
        Haqqında bəhs etdiyimiz «Mən torpağam» şeiri də bu qəbildəndir. Əsəri qısa belə səciyyələndirmək mümkündür: Bu şeir şairin daxili məninin ifadəsidir. Əsərdə lirik qəhrəman «lnsan kimdir?» sualına fəlsəfı məzmunda cavab arayır. Şair rəngarəng bədii vasitələrdən istifadə edərək göz önündə ləyaqətli, sadə, eyni zamanda qürurlu və məğrur bir insan obrazı canlandırır. Lirik qəhrəmanın monoloqu şəklində qələmə alınan şeirdə insanın torpağa bağlılığı qabardılaraq ön plana çəkilir. Bu da təsadüfi deyildir. Torpaq həyatın əzəli və müəyyən mənada elə onun özüdür.
        Şeirin əvvəlində qürur hissi ilə:

 
Mən torpağam, məni atəş yandırmaz
Tərkibimdə kömürüm var, külüm var.

deyən lirik qəhrəman sonda yenə insanın torpağa əbədi ülfətinin üstünə qayıdır. Bu dəfə o, iki müqəddəs varlıq arasındakı bağlılığın başqa cəhətlərini dilə gətirir:
 
Mən torpağam, nemətimi, varımı,
Zəhmətsevən insanlarla bölərəm.

 
        Rəsul Rza həyatı özünəməxsus şəkildə mənalandırır. Şairin qənaətinə görə adi həyat sürmək hələ yaşamaq demək deyildir. İnsan hər mənada ucada dayandığından mənalı və ləyaqətli ömür yaşamalıdır. Şair insanın əzəmətini, vüqarını, yaşamasının mənasını nəzərə çatdırmaq üçün bir sıra vasitələrdən istifadə edir. O, təbiət hadisələrinə üz tutur, müxtəlif bənzətmələr aparır. Baharın çəmən-çəmən çiçəyi-gülü var, külək özünü əsməsi ilə təsdiqləyir. Səhraları susuz görən bulud göz yaşı töküb ağlayır. Şair belə müqayisələri təsadüfən aparmır. O, bədii təsvir vasitələrindən istifadə edərək bununla demək istəyir ki, insan da öz həyatını əməli ilə mənalandırmalıdır. Həyatda yaradan insan yaşayır və o, yaratmağı ilə qürur hissi keçirir, zirvələrə yüksəlir. Əks halda insan yaşaya bilməz.
 
Mən insanam, sadə insan əlimin
Yaratdığı nemətlərlə öyünməsəm, - ölərəm.

        Şairin qənaətinə görə insan olan kəsin bu dünyada məsuliyyəti çox böyükdür. Lirik qəhrəman qəlbində həm dünyanın sevincini, həm də qəmini daşımağa hazırdır.
 
Mən insanam, daşıyıram qəlbimdə
Dünyaların sevincini, qəmini.

        Şairin lirik qəhrəmanı təəssübkeşdir. O, Vətəni və dili olduğu üçün iftixar hissi keçirdiyini məğrur-məğrur aləmə car çəkir.
        Sonra şair insanı «hər parçasında möhkəmliyi duyulan qranitlə», «tapşırıqla axmayan bulaqla» müqayisə edir. Bu müqayisələrdə insanın əzəməti, ucalığı, əqidə dönməzliyi bir daha qabarıq şəkildə nəzərə çarpır.
        Şeirin sonunda şair daha təsirli müqayisə aparmışdır. Müəllifin lirik qəhrəmanı həyatını özünə bənzətməsinin dərin fəlsəfi məna yükü vardır. Bununla şair oxucuya belə bir fikri aşılamaq istəyir: nə qədər ki, insanın ürəyi döyünür, beyni işləyir, əzələləri vurur, deməli, o, yoldadır - arayıbaxtarır, qurub-yaradır, yeni ideyalar, arzular barədə düşünür.

 
Mən həyatam, həmişə yoldayam
Nəfəsdəyəm, arzudayam.

        Rəsul Rzanın «Mən torpağam» şeiri sərbəst vəzndə yazılmışdır. Bu vəzn şairə daxilindən gələn güclü hisslərini, dərin fəlsəfi düşüncələrini dolğun və təsirli şəkildə ifadə etməyə imkan vermişdir. Əsərin dili aydın və səlis olduğuna görə onun məzmunu, ayrı-ayrı misralarda ifadə olunan fəlsəfi fikirləri asan başa düşülür.
Top