Azərbaycanın istiqlalı uğrunda mübarizəni həyatının məqsədi seçən və ömrünün sonunadək bu məqsəd uğrunda çarpışan böyük sənətkar Xəlil Rza Ulutürkün yaradıcılığını qısa şəkildə xarakterizə etsək, belə deyə bilərik: onun poeziyası şair-vətəndaş vəhdətindən yaranan poeziyadır. Bu poeziyada vətəndaş harayı və təəssübkeşliyi yüksək sənətkarlıqla öz poetik ifadəsini tapmışdır. Şairin «Mənim dilim» şeiri buna misaldır.
X.Rza «Mənim dilim» şeirini sovet hakimiyyəti illərində qələmə almışdır. Bu da təsadüfi deyildir. Həmin illərdə keçmiş ittifaqın bütün ərazisində, o cümlədən də Azərbaycanda milli dillərə ögey münasibət bəslənilir, onlar sıxışdırılırdı. Milli ruhlu şair olan X.Rza, təbii ki, belə vəziyyətlə barışa bilməzdi və o, dövrün qadağalarına məhəl qoymayaraq doğma dilini vəsf edən «Mənim dilim» şeirini qələmə almışdır. Əsərdə şairin ana dili ilə bağlı düşüncələri öz əksini tapıb. Şeirin lirik qəhrəmanı şairin özüdür. O, xalqımızın təəssübkeş, milli dəyərlərə bağlı ziyalılarının ümumiləşdirilmiş obrazı kimi qəbul olunur.
Şeirin əvvəlində rəmzi məna daşıyan səhnə təsvir edilir. Ana yüyrüyü yelləyərək öz körpəsinə layla deyir. Adətən, körpə ana laylasının sədaları altında rahatlanaraq yuxuya gedir. Şairin haqqında bəhs etdiyi körpə isə ana laylasını eşidəndə yuxulamır. Şair buna fəlsəfi yanaşır.
Bayaq ana südü əmib,
İndi ana ruhu əmir.
Bu misralardan hasil olan məna belədir: ana südü körpənin fizioloji yaşaması, böyüməsi üçün lazımdır. Yüyürükdə eşitdiyi layla ilə körpəyə keçən ana ruhu isə onun özünüdərki üçün gərəkdir. Şirin ana dilində söylənilən layla ilə verilən bu ruh insanın qanına keçir və heç vaxt onun canından çıxmır. Şairin lirik qəhrəmanı illər ötüb yaşa dolandan sonra bu həqiqəti dərk edərək qürurla deyir:
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
Doğransam da dilim-dilim.
Şeirin sonrakı misralarını oxuduqda şairin ana ruhuna bərabər tutduğu doğma dilinə sədaqətinin, hədsiz bağlılığının səbəbi aydınlaşır. Lirik qəhrəmanın sinəsindəkilər adi sözlər deyil. O bu sözlərdə babaların nəfəsini, «Çənlibeldə at oynadıb, şimşəklərlə qoşa gedən igidlərin nərəsini» hiss edir. Bu dildə «yüz abidə, min abidə» yazılıb, «xilafəti parçalayan Babəkin qəzəbi» səslənib. Bu dildə yurdun təbiətinin rənglərini, gözəlliyini - Göygölün təmizliyini, Qoşqarın vüqarını duyursan. Şair oxucuya «Qərbə, Şərqə işıq saçan» Füzulini, «hər sətrini yüz hədəfə tuş etdiyi» Sabiri xatırladır.
Şairin şanlı keçmişimizin səhifələrini vərəqləməsi, görkəmli söz ustadlarının adlarını çəkməsi təsadüfi deyildir. Bununla o, bir tərəfdən oxucuya qürur hissi aşılayır, digər tərəfdən də, müasir nəsli zəngin tariximizin, ədəbiyyatımızın salnaməsi yazılan bir dili dünya durduqca yaşatmağa çağırır.
Əsərdə müəllif ana dili və Vətən kəlmələrini yanaşı işlədir. Dilin taleyini elə Vətənin taleyi sanan şair yazır:
Sağdır, dilim, demək sağdır milyard yaşlı məmləkətim.
Buna görə də şair oxucuya üz tutaraq öz ana dilini qala bilməyə və bu qalanı düşmənlərdən, yad təsirlərdən qorumağa çağırır. Şair doğma dilinə xor baxanlara, onu sevməyənlərə qəzəbini də gizlətmir. O, belələrinə yurd havasını haram sanır, «İtsin mənim gözümdən qoy ilim-ilim» deyib onlara açıq nifrətini dilə gətirir.
Xəlil Rzanın ustalıqla və özünəməxsus çılğınlıqla qələmə aldığı «Mənim dilim» şeirinin son misralarının da çox sanballı məna yükü vardır. Tarixin gərdişi üzündən xalqımız ikiyə bölünmüş Vətən dərdi yaşayır. Bu dərddən qəlbi sızlayan şair ana dilini o sahili bu sahillə birləşdirən polad körpüyə, qılınca, Günəşə bənzədir. Əlbəttə, burada şair daha zərif təşbehlər də işlədə bilərdi. Ancaq o bunu qəsdən etməmişdir. Şair ana dilini polad körpüyə, qılınca, Günəşə bənzətməklə əslində onun möhkəmliyini, əbədiyaşarlığını və əzəmətini nəzərə çarpdırmışdır.