Azərbaycan şifahi xalq ədəbiyyatının həcm etibarı ilə ən böyük janrlarından biri dastanlardır. Bu janra ədəbiyyatşünaslıqda həm də epos deyilir. Əsasən epik növə daxil olan dastanlarda lirik ədəbi nümunələrdən, xüsusən də qoşma və gəraylılardan geniş şəkildə istifadə olunur. Aşıqlar məclislərdə dastanın nəsr hissəsini bir aktyor kimi danışır, nəzm hissəsini isə sazda çaldıqları havalara uyğun oxuyurlar.
İdeya-məzmun baxımından dastanlar iki qismə bölünür: qəhrəmanlıq dastanları və məhəbbət dastanları.
Xalqın, onun igid övladlarının azadlıq və haqq-ədalət uğrunda xarici işğalçılara, yerli hökmdarlara qarşı mübarizəsini əks etdirən dastanlara qəhrəmanlıq dastanları deyilir. Bu qəbildən olan dastanlarda xalqın həyatında baş verən ən mühüm hadisələr, ayrı-ayrı tarixi şəxsiyyətlərin Vətənin azadlığı, haqq-ədalətin bərpası, zülmün, istibdadın kökünün kəsilməsi uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlar əks etdirilir. «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Qaçaq Nəbi», «Qaçaq Kərəm» kimi eposlar qəhrəmanlıq, igidlik mövzusunda yaradılan gözəl dastan nümunələridir. Bu eposlar müxtəlif dövrlərdə araya-ərsəyə gəlmişdir və xalqımızın təkamül yolundakı tarixi hadisələri əks etdirən bədii söz abidələridir.
«Kitabi-Dədə Qorqud» dastanında qəbilə quruluşunun dağılmağa başlayıb yeni feodal münasibətlərinin formalaşdığı tarixi dövrdə əcdadlarımızın həyat tərzi, dünyagörüşü əks etdirilmiş, «Koroğlu» dastanında xalqın yadelli işğalçılara və yerli zülmkarlara qarşı mübarizəsi ümumiləşdirilmişdir. «Qaçaq Nəbi» və «Qaçaq Kərəm» dastanlarında ictimai bərabərsizliyə, zülmə və istismara qarşı xalqın etirazı, mübarizəsi öz əksini tapmışdır.
Qəhrəmanlıq dastanlarında qəhrəmanın başına toplaşanlar və onunla birlikdə mübarizə aparanlar xalqın say-seçmə oğulları, qeyrətli qızlarıdırlar. Koroğlunun dəliləri, Nəbinin silahdaşları xalqın içindən çıxan igidlərdirlər.
Azərbaycanın şifahi xalq ədəbiyyatında azad məhəbbəti tərənnüm edən, bir-birini sevən gənclərin saf eşqinə, onların bu eşq uğrunda çəkdikləri cəfalara, vüsala yetmək naminə göstərdikləri çarpışmalara həsr olunan dastanlar məhəbbət dastanları adlanır. «Şah lsmayıl», «Novruz və Qəndab», «Abbas və Gülgəz», «Aşıq Qərib» və sair bu kimi dastanlar məhəbbət dastanlarının gözəl nümunələridir. Bu eposların qəhrəmanları bəzən öz igidlik və cəsarətləri ilə qələbə qazanır, bəzən də sazın və sözün köməyi ilə istədiklərinə qovuşurlar. Bəzi məhəbbət dastanları faciəli sonluqla bitir, qəhrəmanlar vüsala çatmadan həyatla vidalaşırlar. Belə dastanlarda xalq öz qəhrəmanlarına mənəvi cəhətdən qələbə qazandırır, onları məhv edən qara qüvvələrə qarşı dinləyicidə və oxucuda nifrət hissi aşılayır.
Məhəbbət dastanları bir qayda olaraq ustadnamələrlə başlayıb, duvaqqapma ilə sona yetir. Lakin sonu faciə ilə qurtaran məhəbbət dastanlarında duvaqqapma olmur.
Dastanlar müxtəlif yollarla əmələ gəlir. Bir qisim dastanlar bu və ya digər xalq qəhrəmanları haqqında naməlum aşıqlar tərəfindən qoşulmuş şeirlər, mahnılar əsasında yaranmış, bəzi dastanlar isə ayrı-ayrı aşıq və şairlərin məhəbbət mövzusunda qələmə aldıqları şeirlər, xalq arasında gəzən rəvayətlər əsasında formalaşmışdır. Müəyyən qisim dastanlar vardır ki, onları aşıqlar özləri yaratmışlar.
Azərbaycan xalq dastanlarının həcm genişliyi, məzmun dərinliyi, forma əlvanlığı, nəsr və nəzmin üzvi bağlılığı musiqiçilərimizin də diqqətini cəlb etmişdir və bu dastanlar əsasında gözəl musiqi nümunələri yaradılmışdır. Böyük bəstəkarımız Ü.Hacıbəyovun yazdığı «Əsli və Kərəm», «Koroğlu», M.Maqomayevin yaratdığı «Şah İsmayıl» operalan dastanlar əsasında araya-ərsəyə gələn gözəl musiqi nümunələridir.