Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında dramaturgiyanın və realist bədii nəsrin banisi kimi şöhrət tapmışdır. Onun çoxşaxəli yaradıcılığı maarifçilik ideyalarının təbliği, avamlığa, dini xurafata, mədəni geriliyə qarşı mübarizə ilə səciyyələnir.
        Ədib 1857-ci ildə qələmə aldığı «Aldanmış kəvakib» əsəri ilə ədəbiyyatda yeni tipli realist nəsrin, povest janrının əsasını qoymuşdur. Povestin mövzusu tarixçi Isgəndər bəy Munişinin I Şah Abbasın hakimiyyətindən bəhs edən «Tarixi-aləmarayi-Abbasi» («Dünyanı bəzəyən Abbasın tarixi») adlı kitabından götürülmüşdür. M.F.Axundzadənin istinad etdiyi hadisənin qısa məzmunu belədir. Münəccim Mövlanə Cəmaləddin Yəzdi I Şah Abbasa xəbər verir ki, yaxın vaxtlarda göydə ulduzlar toqquşacaq və bundan şaha bədbəxtlik üz verəcək. Şahı bu bəladan qorumaq üçün cəzaya layiq bir adamı müvəqqəti olaraq onun yerinə taxttaca əyləşdirmək qərara alınır. Çöp Yusif Sərrac adlı bir nəfərə düşür və o, şah elan edilir. Üç gündən sonra axtarış zamanı Yusif Sərracın evindən Şərab tapılır və o, dinə xəyanətdə suçlanaraq edam edilir. I Şah Abbas yenidən öz taxt-tacına əyləşir.
        M.F.Axundzadə bu tarixi hadisəni öz dövrü ilə əlaqələndirmiş və onu yeni ruhda təqdim etmişdir. Başqa sözlə desək, tarixdə baş vermiş məlum hadisə maarifpərvər yazıçıya öz mütərəqqi dünyagörüşünü, humanist ideyalarını ifadə etmək üçün bir platforma rolunu oynamışdır. Belə ki, ədib bu hadisələrin timsalında nadanlığa və despotizmə əsaslanan şərq üsuliidarəsini tənqid atəşinə tutmuş, eyni zamanda özünün qabaqcıl dünyagörüşünün, maarifçilik ideyalarının təcəssümü kimi ədalətli şah obrazı, mütərəqqi idarəetmə nümunəsi yaratmışdır.
        Povestdə yazıçının əsas tənqid hədəfi olan Şah Abbasın xarakterik xüsusiyyətlərindən biri onun bacarıqsızlığıdır. Bu səbəbdən ölkə acınacaqlı vəziyyətə düşüb: kəndlər, şəhərlər viran qalıb, insanlar aclıq və səfalət içində yaşayırlar.
        Şah Abbas ölkəni idarə etməkdə aciz olduğu qədər də zalım və qəddardır. Onun hakimiyyətinin gücü despotizmdə və istibdaddadır. Şah Abbas taxt-tacını qorumaq üçün əhalini qorxu içində yaşamağa məcbur edir. insanlar günahsız yerə qətlə yetirilirlər. Qəddar şah, hətta övladlarına da rəhm etmir. O, oğlanlarından birini öldürmüş, ikisinin isə gözlərini çıxartmışdır.
        Feodal üsuli-idarəsinin tipik hakimi kimi, Şah Abbasın xarakterini tamamlayan digər bir mənfi cəhət isə onun nadanlığıdır. Şahın dövlət idarəçiliyini yaltaq, ikiüzlü, bacarıqsız məmurlara həvalə etməsi ilk növbədə onun nadanlığından irəli gəlir. Əsərdə yazıçı saray əyanlarının daxili aləmini onların öz nitqləri vasitəsi ilə açıb rüsvay edir. Şah Abbasın ətrafında xalqı düşünən müsbət fikirli bir dənə də məmur yoxdur ki, bu da ölkədəki üsuliidarənin mahiyyəti barədə konkret təsəvvür yaradır. Maliyyə işlərinə baxan vəzir Mirzə Möhsün rüşvəti idarəçilikdə əsas amilə çevrilmişdir. O, məmurları şaha peşkəş verməyə məcbur edir, yüksək dövlət vəzifələrini pulla satır. Xəzinədar Mirzə Yəhya xəzinəni məmurların və hərbiçilərin maaşları hesabına doldurmağa çalışır. Sərdar Zaman xan qoşun başçısı olsa da, ordu işlərindən əsla başı çıxmır. Onun nadanlığı o səviyyədədir ki, düşmənin hücumunun qarşısını almaq üçün yolları, körpüləri dağıtdırır, əkinləri, mal-qaranı tələf etdirir. O hətta belə axmaqlığı ilə fəxr edərək məmnunluqla söyləyir ki, düşmən Təbrizə topxana gətirə bilmədi, şəhərə yalnız atlı və piyadalarla daxil oldu. Şah Abbasın üsuli-idarəsində mənsəb sahibi olanlardan biri də mollabaşı Axund Səməddir. O, paxıl və yaltaqdır, daim qisas almaq, başqalarına pislik etmək hissi ilə yaşayır, Qorxaqlıq, yaltaqlıq, vəzifəpərəstlik əsərdə təsvir olunan münəccimbaşı Mirzə Sədrəddini və onun ustadı Mövlana Cəmaləddini səciyyələndirən əsas cəhətlərdir. Onlar şaha yarınmaq üçün etdikləri hərəkətləri və danışıqları ilə gülüş doğurur, özlərinə qarşı ikrah hissi yaradırlar.
        Povestdə bütün bu mənfi surətlərə qarşı yazıçının maarifçilik ideyalarından çıxış edərək yaratdığı Yusif Sərrac obrazı dayanır. Yusif Sərrac müəllifin arzuladığı, həyatda görmək istədiyi, xalqa yaxın olan ağıllı və ədalətli hakim obrazıdır. O, ruhani təhsili alsa da, din xadimlərinin ikiüzlülüyü onu bu sahədən üz döndərməyə məcbur etmişdir. O, sərraclıq (at yəhəri düzəltmək) sənətini özünə peşə seçmişdir. Sadə və mehriban xarakterli Yusif Sərrac eyni zamanda cəsarəti ilə fərqlənir. O, şahın zülmü, məmurların özbaşınalıqları, ruhanilərin ikiüzlülüyü barədə hər yerdə söhbət salır. Elə buna görə də ulduzların toqquşması təhlükəsi yarananda saray əyanları Yusif Sərracı şahlıq taxtına əyləşdirirlər ki, xətər ona dəysin. Şahlıq taxtına əyləşən Yusif Sərrac qısa bir müddətdə ölkədə islahatlar həyata keçirir, xalqın mənafeyinə uyğun gələn əmrlər verir. O, ilk növbədə nadan və yaltaq məmurları saraydan uzaqlaşdırır, münəccimliyi ləğv etdirir, vilayət hakimlərinə xalqa ədalətli davranmağı tapşırır. ölkədə xalqın mənafeyinə uyğun vergi sistemini tətbiq edir, şəhər və kəndlərin, yolların abadlaşdırılmasına başlanılır. O, susuz yerlərə su çəkilməsi, məktəblər, xəstəxanalar tikilməsi barədə sərəncam verir.
        Beləliklə, təsadüf nəticəsində hakimiyyətə gələn Yusif Sərrac qısa müddətdə özünü ağıllı, ədalətli və uzaqgörən, xalqın, ölkənin mənafeyini düşünən bir şah kimi təsdiqləyir. Lakin zülmə, haqsızlığa adət etmiş əhali Yusif Sərracın yaratdığı humanist üsuli-idarəni qəbul edə və ona dayaq dura bilmir. Bundan istifadə edən fitnəkarlar üsyan qaldırıb Yusif Sərracı taxtdan salmağa müvəffəq olurlar.
Top