Poeziyamızda «güldürən və ağladan şair» kimi tanınan Mirzə Ələkbər Sabirin satira yaradıcılığının ideya-bədii xüsusiyyətləri də ilk növbədə məhz bu amillə müəyyən olunur. O, satiralarının böyük əksəriyyətini incə yumor hissi ilə qələmə almışdır. Lakin satiraların mahiyyətinə vardıqda, ustalıqla ifadə olunmuş sətiraltı mənaları qavradıqda başa düşürsən ki, şair gülmür, əksinə onun qəlbindən qəm çayı axıb keçir. Sabirin yumoru xalqını, Vətənini dərin məhəbbətlə sevən, elə buna görə də həmvətənlərinin acı taleyinə, çəkdikləri müsibətlərə, məmləkətin cəhalət və səfalət içində boğulmasına biganə qala bilməyən, yanan bir vətəndaş şairin əzabları ilə yoğrulmuşdur.
«Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!
Dəng oldu qulağım!»
misralarını yazan Sabirin kinayəsi əslində təəssübkeşliyin ifadəsidir.
Vətəndaş-şair kimi öz vəzifəsini «düzü-düz, əyrini-əyri» yazmaqda görən M.Ə.Sabirin satiralannda dövrünün bütün eybəcərlikləri əks olunmuşdur. O, gördüklərinə və ətrafda baş verənlərə biganə qalmamış, böyük cəsarətlə nöqsanları faş etməyə, həmvətənlərinin gözünü açmağa çalışmışdır. Xalqın ağır həyatı, cəhalət içində yaşaması onu ömrü boyu düşündürmüşdür. Cəmiyyətdəki ədalətsizlik, təbəqələşmə, səhərdən axşamadək işləsə də, qarın dolusu çörəyə möhtac qalan fəhlənin, əkinçinin məşəqqətli həyatı şairi bərk narahat edirdi. O öz ürək ağrılarını «Əkinçi», «Dilənçi», «Bizə nə?!», «Ağlaşma», «Səbr eylə», «Fəhlə» kimi şeiıiərində yana-yana qələmə almışdır. Onun təqiblərə baxmayaraq, böyük cəsarətlə yazdığı satiraları istibdada söykənən rus hakimiyyətinə, həmvətənlərini əzməklə özlərinə var-dövlət toplayan yerli mülkədarlara, bəylərə, tacirlərə, digər səlahiyyət sahiblərinə qarşı bir üsyan idi. O, kəskin ruhlu şeirlər yazmaqda həmvətənlərini qəflət yuxusundan ayıltmaq, onlara öz hüquqlarını anlatmaq, ədalətsizliyə qarşı mübarizəyə istiqamətləndirmək istəmişdir.
Şairəm, əsrimin ayinəsiyəm,
Məndə hər kəs görür öz qaş-gözünü.
deyən M.Ə.Sabirin satiralarını bir növ tiplər qalereyasına bənzətmək mümkündür. Kimlərdir böyük şairin satira aynasında görünən tiplər? Oz xalqına, dilinə yuxarıdan aşağı baxanlar, var-dövlət hərisləri, Vətən xainləri, qoçular, insanları cəhalətə sürükləyən yalançı din xadimləri M.Ə.Sabirin kəskin satira atəşinə tuş gəlmişlər. Şair şeirlərində bir çox hallarda tipi öz dili ilə danışdıraraq onun daxili aləmini, xarakterik xüsusiyyətlərini oxucuya daha qabarıq şəkildə çatdırır. Bu cəhətdən «Bir cibimdə əskinasını» şeiri səciyyəvidir. Şeirdə xalqına, Vətəninə, insan taleyinə biganə olan yaramaz bir tip danışır. Şair onun simasında ümumiləşdirilmiş obraz yaratmışdır. Bu tip tacir də, ruhani də, dar düşüncəli vəzifə sahibi də, lovğa bəyzadə də, birdən varlanan üzdəniraq kapitalist də ola bilər. Bənddən-bəndə tipin daxili aləmi açılır. O, söylədiyi sözlərlə öz-özünü ifşa edir. Bu tip yalnız özünü, var-dövlətini, şan-şöhrətinin artmasını düşünən xudbindir. Şeirin elə ilk bəndindəcə onun necə qorxulu tip olduğu üzə çıxır.
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Pişgahi-çeşmi-canında Vətən etsə vəfat
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Göründüyü kimi, şairin danışdırdığı tip özünün şəxsi həyatını, eyşişrətini Vətəndən üstün tutur, hətta məmləkətin məhvi, dinin əldən getməsi, həmvətənlərinin ehtiyac içində yaşaması belə onun vəcinə deyildir. O ancaq kassada dinarların çoxalmasını arzulayır, hər şeyin sonunu pulda gorur.
M.Ə.Sabir satiralarında dövrün eybəcərliklərini faş etməklə yanaşı, həm də xalqın ağır güzəranına, məmləkətin inkişafdan qalmasına səbəb olan amilləri açıb göstərməyə çalışmışdır. Şairin qənaətinə görə, zülmün, istibdadın, geriliyin bir səbəbi dövrün üsuli-idarəsində olsa da, xalqın acı tale yaşamasında dini xurafatın da rolu az deyildir. Cəhalətin hökm sürdüyü cəmiyyətdə valideynlər övladlarını dünyəvi məktəblərdə oxumağa göndərməyə razı olmur, «oxutmuram əl çəkin» deyirlər. Buna görə də M.Ə.Sabir insanlar arasında mövhumat yaymaqla məşğul olan, Islam dinindən sui-istifadə edən yalançı din xadimlərini kəskin satira atəşinə tutur.
Çatışmazlıqlar, eybəcərliklər içində çabalayan cəmiyyəti işığa ancaq zəka sahibi olan ziyalılar çıxara bilərlər. Lakin M.Ə.Sabirin dövründə xalq, Vətən təəssübü çəkən ziyalıların sayı az idi. Bir çox «intiligentlər» isə özlərini xalqdan üstün tutur, həmvətənlərinə həqarətlə baxırdılar. «Türkü danışmaq bizə şayan deyil» deyən belə «intilgentləri» şair gülüş hədəfinə çevirmişdir.
M.Ə.Sabirin satiralarından söhbət açarkən böyük ədib C.Məmmədquluzadənin «Sizi deyib gəlmişəm, ey mənim müsəlman bacı və qardaşlarım!» müqəddiməsi ilə işıq üzü görən «Molla Nəsrəddin» jurnalını xatırlamamaq mümkün deyildir. «Molla Nəsrəddin» M.Ə.Sabirin timsalında qüdrətli bir satirik qələm sahibi tapdığı kimi, Sabir də «Molla Nəsrəddin»in timsalında satiralarını nəşr etdirməyə yaxşı imkan qazanmışdır.