Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Ədibin ən yaxşı əsərlərindən biri də 1922-ci ildə qələmə aldığı «Oqtay Eloğlu» faciəsidir. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş - ziyalı təəssübkeşliyini ön plana çəkmişdir. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. 0, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir.
        Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: «Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam».
        Müəllif Oqtayı teatr fədaisi kimi təqdim edir. O, xalqının maariflənməsi, cəhalətdən qurtulması, Avropa dəyərlərinə yaxınlaşması yolunun milli teatrdan keçdiyini düşünür. Buna görə də milli teatr yaratmaq Oqtay üçün bir ideala, həyat amalına çevrilir. Mövhumatın, geriliyin hakim kəsildiyi cəmiyyətdə bu heç də asan iş deyil. Insanlar teatrı qiymətləndirmir, aktyora oyunbaz kimi baxırlar. Müsəlman qadınları çadra altında gəzirlər, səhnəyə çıxmağa cürət etmirlər. Daha acınacaqlı cəhət isə odur ki, Oqtay çalışdığı teatr truppasında da Mazandaranski, Şalıqulu, Şəkinski, Xaspolad kimi əslində teatrdan və milli təəssübkeşlik hissindən uzaq adamlarla əhatə olunur. Onlar milli teatr yaratmaqda Oqtaya kömək etmək əvəzinə, işləri pozub onu gülüş hədəfinə çevirməyə çalışırlar. Lakin bütün bunlar Oqtayı tutduğu yoldan geri döndərə bilmir. O, milli teatr yaratmaq uğrunda hər çətinliyə dözməyə, məhrumiyyətlərə qatlaşmağa hazırdır.
        Oqtay kasıb ailədəndir, pula böyük ehtiyacı var, anası və bacısı ciddi ehtiyac içində yaşayırlar. Belə bir vəziyyətdə dostu Səməd ona təminatlı iş təklif edir. O, qubernatora dilmanc düzəlib yaxşı donluq qazana və beləliklə də, ailəsinin firəvan yaşayışını təmin edə bilər. Lakin Oqtay «qocaman bir xalqın səadətini» özünün ailə üzvlərinin firəvanlığına qurban verə bilməyəcəyini söyləyir.
        O, rus səhnəsində işləmək təklifini də eyni qətiyyətlə rədd edir, milli teatrda elan olunan tamaşanın pozulmaması üçün üzüyünü belə çıxarıb verməkdən çəkinmir. Oqtayı «yoxdan var yaratmağa» sövq edən qəlbindəki ümiddir. O, milli teatrın yüksələcəyinə inanaraq deyir: «Mənim də başıma gənclərimiz, qızlarımız çiçək səpəcəklər. Mən də mədəni bir həyatım var deyə sevinəcəyəm».
        Lakin varlı ailədən olan Firəngizə qarşı məhəbbəti ümidlə çarpışan, əzab-əziyyətlərə dözən Oqtayın həyatını dəyişir. Firəngiz qardaşı Asian bəyin təhriki ilə Oqtaya onu sevmədiyini bildirir, Oqtay bu cavabdan sarsılır, həyatda həqiqətin harada olduğunu dərk edə bilmir, onda insanlara qarşı nifrət hissi baş qaldınr. Oqtay qubernatoru təlqin etdiyinə görə sürgünə göndərilir. On il sürgündə qaldıqdan sonra Oqtay Vətənə dönür və yenidən səhnəyə qayıdır. On ildə çox hadisələr baş vermişdir. Zorla Danyar bəyə ərə verilən Firəngiz əri tərəfindən atılmışdır. Teatrda isə vaxtilə Oqtayın səpdiyi toxumlar cücərməyə başlayıb. Indi daha çox adam teatra gəlmək həvəsindədir, tamaşalar zamanı teatrın salonunda daha çox müsəlman qadını görünür. Bir vaxtlar lağa qoyulan Oqtay indi xeyli məşhurlaşıb. Bütün bunlar Oqtayın bədxahlarını bərk narahat edir. Onlar tamaşanı pozmaq, Oqtayı gözdən salmaq üçün birləşərək təxribatlara əl atırlar. Bu zaman Firəngiz qəti qərar verir və bilərəkdən qadın rolunu oynamaqdan boyun qaçıran aktrisanı əvəz etməyə hazır olduğunu bildirir. Budur, Oqtayın daha bir arzusu çin olmuşdur - ilk Azərbaycan qadını səhnədədir. Şillerin «Qaçaqlar» faciəsində Oqtay kral, Firəngiz Amaliya rolunda üz-üzə gəliriər. Lakin bu qeyri-adi görüş onları əbədi olaraq ayırır. Oqtay faciə içində faciə yaradır. Səhnədə Kral Amaliyanı deyil, Oqtay Firəngizi öldürür. İlk baxışda bu, Oqtayın Firəngizdən qisas alması kimi də görünə bilər. Lakin Oqtayın hərəkəti romantik və mistik olsa belə, rəmzi məna daşıyır. Bununla əsərin qəhrəmanı Firəngizin Aslan bəylərin əlində yenidən alətə çevrilməsinin qarşısmı almaq, səhnəyə gələn ilk Azərbaycan qadınını əbədi yaşatmaq istəyir.
        Oqtay müəyyən mənada müəllifin prototipidir. Məlumdur ki, C.Cabbarlı cəmiyyətin tərəqqisində teatrın rolunu yüksək qiymətləndirirdi. Beləliklə, dramaturq teatrla bağlı düşüncələrini sevə-sevə yaratdığı səhnə fədaisi Oqtayın dilindən ifadə etmişdir.
Top