XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Səməd Vurğunun yaradıcılığını qısa şəkildə belə xarakterizə etmək mümkündür. O, ədəbiyyata xalq ruhu gətirmişdir. Onun şeirləri cilalanmış poeziya nümunələridir. Bu poeziyada yüksək amallar, milli hisslər, vətənpərvərlik, - azərbaycançılıq düşüncələri, bəşəri ideyalar sadə, eyni zamanda romantik bir vüsətlə tərənnüm edilmişdir.
Şairin yaradıcılığında «Vaqif» dramı xüsusi yer tutur. ideya-məzmun və bədii xüsusiyyətləri baxımından bu əsəri Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin sırasına aid etmək mümkündür.
Əsərdə hadisələr əsasən Qarabağ xanlığında cərəyan edir. Dram tarixi mövzudadır. Məlumdur ki, XVIII əsrin ikinci yansında İran şahı Məhəmməd Qacar Şuşa qalasını tutmuş və elə burada da öz əyanları tərəfindən qətlə yetirilmişdir.
Şair bu tarixi olayı öz yaradıcılıq təxəyyülünün süzgəcindən keçirərək xalqımızın yadellilərə qarşı mübarizəsini əks etdirən monumental bir əsər yaratmışdır.
«Vaqif» dramında iki əsas xətti fərqləndirmək mümkündür. Bunlardan biri xalqın ibrahim xanın timsalında yerli məmurların zülmünə, istibdadına qarşı apardığı mübarizədir. Digər xətti isə xalqın Qacarın timsalında yadelli işğalçılara qarşı apardığı azadlıq mübarizəsi təşkil edir. Xalqın vətənpərvərliyi, torpağa bağlılığı bu istiqamətləri bir-biri ilə əlaqələndirərək əsərin məzmununa və süjetinə bütövlük gətirir.
Hər iki xəttin mərkəzində əsərin baş qəhrəmanı Vaqif dayanır. Müəllif onun timsalında xalqın müdrikliyini, mənəvi zənginliyini, əyilməzliyini ifadə edən bir obraz yaratmışdır. Əgər əsərin digər müsbət qəhrəmanı Eldar və onun silahdaşları xalqın vuran qoludursa, Vaqif mənəviyyat daşıyıcısıdır, zəka sahibidir, xalqın düşünən beynidir. Əsərdə Vaqif həm şair, həm də dövlət xadimi - Qarabağ xanının vəziri kimi təqdim olunur. O, hər iki planda xalqa sədaqəti və bağlılığı ilə yadda qalır. Vaqif şair kimi ilhamını doğma təbiətdən alır, onun könül quşu doğma diyarlarda gəzir, dili «ellər, ellər» deməkdən yorulmur. Xalq da ona qarşılıqlı məhəbbət bəsləyir, hər zaman hörmətini saxlayır. Xalq köklərini təmsil edən şair Vidadi namaz üstə Vaqifin halına yanır. Kəndlilər Vaqiflə görüşməyi özlərinə fəxr sanırlar. Sadə insanlar onun oğlu Əli bəyin toyuna əziz qonaq kimi təşrif gətirirlər.
Vaqif dövlət xadimi kimi də xalqa sadiqdir. O, saraya şəxsi imtiyazlar, səfa görmək naminə getməmişdir. Əksinə, burada xalqın hüquqlarını müdafiə edir, sadə insanları xanın qəzəbindən qoruyur. Vaqif ona saraydan uzaqlaşmağı məsləhət görən dostu Vidadiyə deyir:
Mən orada olmasam, qan çıxar dizə,
Quşlar da ağlayar ellərimizə.
Xan məndən utanır, çəkinir bir az,
Mən getsəm, qırğının hesabı olmaz.
Qacarla qarşılaşması səhnəsində Vaqifin şair və dövlət xadimi kimi müdrikliyi, cəsarəti və təşkilatçılığı daha qabanq şəkildə təzahür edir. Qacarın hüzuruna gətirilən şair «Əyilməz vicdanın böyük heykəli» deyib baş əymir, şaha kəskin cavablar verir və xalqın yadellilərə qarşı mübarizəsini təşkil edir. Biz döyüş meydanında Eldarı və onun silahdaşlarını görsək də, qələbəni təmin edən Vaqifin çağırışı, xalqın ona olan inamıdır.
Vaqif müdrik olduğu qədər də humanistdir. Arvadı Xuramanın vardövlətə, şan-şöhrətə aldanıb ona xəyanət etməsi Vaqifi mənən ağrıdır. Lakin o, Xuramanın peşiman olub özünü öldürməsi xəbərinə də biganə qalmır, buna acıyır.
Müəllif İran şahı Məhəmməd Qacan qana susayan, son dərəcə zalım və istilaçı bir şah kimi təsvir etmişdir. O, xaraktercə Vaqifin tamam əksidir. Vaqif nə qədər humanistdirsə, Qacar bir o qədər qəddardır. Hələ uşaq ikən onu siyasi mübahisələr zəminində şikəst etmişlər - axtalamışlar. Onun varisi yoxdur. Buna görə də özünü bədbəxt sanır. Həyatını, təbiətin gözəlliyi onun könlünü oxşamır. Qacar həyat kamını insanlara zülm etməkdən, şəhər və kəndləri dağıtmaqdan, qan tökməkdən alır. O deyir:
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır.
Qacar Tiflisi odlara qalayıb, Azərbaycan xalqının mədəniyyətinə həqarətlə baxır, Vaqifə zülm edir. Onun qəddarlığı əsir gürcüləri - iki qardaşı bir-birinə parçalatmaq istəməsi səhnəsində daha qabarıq şəkildə üzə çıxır. O, Vətənində də sevilmədiyini etiraf edir. Vaqiflə qarşılaşması səhnəsində cavabları onu dar düşüncəli, milli köklərdən uzaq düşən bir şah kimi səciyyələndirir və ona olan nifrəti daha da artınr.
Ölkələr fəth edən Qacar Qarabağda güclü xalq müqaviməti ilə qarşılaşır. Qacar həqarətlə baxdığı, çarıqlı bir ölkə sandığı Qarabağda Misri qılıncla qətlə yetirilir. Bu rəmzi bir yekundur. Bununla müəllif göstərmək istəmişdir ki, qəddarlıqla qurulan hakimiyyətin sonu yoxdur, xalqın inamına deyil, qılınca güvənən fatehləri acı aqibət gözləyir.