Mikayıl Manaf oğlu Rzaquluzadə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, əsərləri üçün mövzunu daha çox şifahi xalq ədəbiyyatından və tarixi keçmişimizdən seçmiş, yüksək insani duyğular, əxlaqi məziyyətlər ifadə edən bədii nümunələr yaratmışdır. Yaşadığı illərdə yazıçının «EI gücü», «Qaranquş yuvası», «Qu gölü», «Dəniz nağılı», «Yaz günəşi» və s. kimi kitabları çap olunmuşdur.
        M.Rzaquluzadənin ən yaxşı əsərlərindən biri «Babəkin andı» hekayəsidir. Mövzusu tarixi keçmişimizdən alınmış bu hekayədə xalq qəhrəmanımız Babəkdən, onun mübarizələrlə dolu həyat yolunun başlanğıcından bəhs olunur.
        Əsərdə göstərilir ki, uzun müddətli ayrılıqdan sonra evlərinə qayıdan Babək yenidərı getmək istəyir. Anası onu yoldan saxlamağa çalışsa da. Babəkin fikri qətidir. Onu getməyə məcbur edən hiss isə xalqı zülüm və zillətdən xilas etmək, Vətəni yadelli tapdağından, ərəb işğalçılarından və iran hakimlərinin əsarətindən qurtarmaq duyğusudur. Babəkin onlara qonaq düşmüş Cavidana dediyi sözlər bunu açıq şəkildə sübut edır. O, tərəddüd göstərən cəngavərə deyir:
        - Təbriz, Ərdəbil, Zəncan va sair şəhərlərdəki emalatxanaların fəhlələri, bütün Azərbaycan və iran əkinçiləri xəlifəyə, hökumət məmurlarına xanlara, bəylərə nifrət edirlər. Hamı canla-başla üsyana hazırdır. Xəlifə və sarayın hədsiz-hesabsız vergiləri hamını cana gətirib. Bütün bu yüz minlərlə adamların başı bir yerə bağlansa, el gücünün qabağında dağ da dura bilməz!
        Cavidanın ölümündən sonra böyük bir üsyançı dəstəsinə sərkərdə seçilən Babək qılıncını başı üzərinə qaldıraraq and içir:
        - Yer üzünün bütün nemətiərini, xəlifə sarayının zinətlərini, şah qəsrlərinin sərvətlərini yaradan bizik, bizim qabarlı əllərimizdir. And içirəm vətənimizin bağrından fışqıran sönməz odlara, and içirəm dik başlı azad dağlarımız üzərində ucalan əbədi günəşə, ana yurdumuzun üfüqlərindən yad səsləri kəsilməyincə, bu qılınc qınına girməyəcəkdir!
        Babəkin bu andına cavab olaraq minlərlə qılınc başlar üzərinə qalxır və biz inanırıq ki, bu mərd insanlar vətən uğrunda canlarından da keçməyə hazırdırlar və heç vaxt xalqı əsarətdə qoymayacaqlar.
        «Babəkin andı» hekayəsi şanlı keçmişimizi əks etdirən bir əsər kimi diqqətəlayiqdir. Əsər bu gün də oxucular tərəfindən yüksək qürur və iftixar hissi ilə qarşılanır və sevilə-sevilə oxunur.
Top