Azərbaycan ədəbiyyatınm ən görkəmli nümayəndələrindən biri Nizami Gəncəvidir. O, xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi ən böyük parlaq sima, nadir sənət dahisidir. Ədəbi yaradıcılığa hələ gənc yaşlarından başlayan Nizami yüksək əxlaqi-tərbiyəvi məzmunlu qəzəl, qəsidə və rübailəri ilə çox tez tanınmış, məşhurlaşmışdır. Lakin Nizamini dünya ədəbiyyatında şöhrətləndirən, şübhəsiz ki, onun poemalarıdır.
        Böyük şair bütün ömrü boyu beş yüksək sənət incisi, beş poema yazmışdır ki, bu da sonralar «Xəmsə» adı ilə dünya şöhrəti qazanmışdır. Nizaminin ən gözəl əsərlərindən biri «Yeddi gözəl» poemasıdır. Bu poemanın əsasını Sasani hökmdarlarından olan Bəhram Gurla bağlı əhvalatlar, eləcə də yeddi ölkənin gözəl şahzadə qızlannın ona danışdığı nağıl və hekayələr təşkil edir.
        Poemadakı maraqlı hekayələrdən biri də Çin gözəli Yəğmanazın söylədiyi «Xeyir və Şər» əsəridir.
        «Xeyir və Şər» məzmun hekayəsinin əsasını xeyirxahlıqla bədxahlığın, yaxşılıqla pisliyin mübarizəsi təşkil edir. Xeyirxahlığı təmsil edən surətlər Xeyir, Kürd və kürdün qızıdır. Bədxahlıq isə öz adına layiq olan Şərin timsalında verilmişdir. Hekayənin əvvəli Şərin bədxahlığı ilə başlayır. O, qızmar səhrada susuzluqdan inləyən və ondan su diləyən Xeyirin gözlərini çıxardır, su da verməyib çıxıb gedir. Xeyir təbiətinə xas olan sadəlikdən və açıqqəlblilikdən çıxılmaz vəziyyətə düşür, səhrada kimsəsiz qalır. Lakin Şərin qələbəsi uzun çəkmir. Xeyirxah qüwələr Xeyiri himayə edir, çətin vəziyyətdən qurtarırlar. Gözəl kürd qızı qum səhrada qan içində çapalayan Xeyiri evlərinə gətirir, onun atası isə səndəl ağacının yarpaqlarından məlhəm düzəldərək Xeyirin gözlərini sağaldır.
        Xeyir də yaxşılığa yaxşılıqla cavab verir. O, kürdün bütün işlərinə kömək edir, can yandırır, onun var-dövlətini daha da artırmağa çalışır. Kürd də Xeyirin nəcibliyini, mərdliyini görərək öz yeganə qızını ona verir, onu bir övlad kimi qəbul edir.
        Əsərdə xeyirxahlığın təntənəsi bununla bitmir. Xeyir yol üstündə şah qızının xəstə olduğunu eşidərək səndəl ağacının yarpaqları vasitəsilə onu sağaldır.
        «Xeyir və Şər» mənzum hekayəsindən çıxan yekun nəticə bundan ibarətdir ki, yer üzündə xeyir həmişə qalib gələcək, şər isə ayaqlar altına düşəcəkdir. Məhz bu yüksək ideyasına görədir ki, əsər bu gün də diqqət mərkəzindədir və oxucular tərəfindən sevilə-sevilə oxunur.
Top