Azərbaycan xalqının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri Şah İsmayıl Xətayidir. O, cəsur bir sərkərdə, tədbirli bir dövlət başçısı olmaqla yanaşı, həm də incə ruhlu bir şair olmuş, «Xətayi» təxəllüsü ilə gözəl şeirlər yazaraq ədəbi irsimizi zənginləşdirmişdir.
        Şah Ismayıl Xətayi kiçik bir ömür yaşamış, lakin zəngin bir irs qoyub getmişdir. Onun ədəbi irsi ana dilində lirik şeirlər «Divan»ından, «Nəsihətnamə» və «Dəhnamə» adlı məsnəvilərdən ibarətdir.
        Xətayinin ədəbi yaradıcılığında «Dəhnamə» məsnəvisi xüsusi yer tutur. 1506-cı ildə qələmə alınmış bu əsər həm həcminin genişliyinə, həm də yüksək ideya-bədii dəyərinə görə diqqəti cəlb edir. «Dəhnamə»nin bədii dəyər cəhətdən ən qiymətli hissəsi «Bahariyyə»dir. Poemada rəsmi başlıqdan sonra verilmiş bu hissədə gözəl bir bahar təbiəti təsvir edilir.
        Klassik ədəbiyyatımızda baharın təsvir olunduğu lirik şeirlər «Bahariyyə» adlanır. «Bahariyə» klassik şeirin müxtəlif janrlarında, lakin daha çox məsnəvi formasında yazılır. Klassik Şərq poeziyasında geniş həcmli epik əsərlərdə belə «Bahariyyə»lərə tez-tez təsadüf edilir ki, Xətayinin baharın gözəl təsvirini verən «Bahariyyə»si də bunlardan biridir.
        «Bahariyyə»də Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi, füsunkar təbiət mənzərələri əks etdirilir. Müəllif burada baharın gəlişi ilə təbiətdə bir canlanma duyulduğunu, bağların, çəmənlərin al-yaşıl geyindiyini, baharın ilıq nəfəsindən şövqə gələrək dil-dil ötən, cəh-cəh vuran quşların yaz sevincini vətənpərvər bir ruhla təsvir edir.

 
Qış getdi, yenə bahar gəldi,
Gül bitdiyi laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Yer geydi qəbayi-xızrpuşan,
Cümlə dilə gəldi ləbxəmuşan.

        «Bahariyyə»də diqqəti cəlb edən cəhətlərdən biri də baharın gəlişı ilə təbiətdə yaranan canlanma və gözəlliyin əsərin ümumi ruhu, qəhrəmaların mənəvi-daxili aləmi ilə üzvi bağlılığındadır.
        Şah İsmayıl Xətayinin «Bahariyyə» əsəri vətənə, vətənin əsrarəngiz gözəlliyinə vurğun olan bir şaır qəlbinin çırpıntıları kimi bu gün də diqqət mərkəzində, oxucu marağındadır. Əsər bu gün də oxucular tərəfindən dərin hərarətlə qarşılanır və sevilə-sevilə oxunur.
Top