Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əbdürrəhim bəy Haqverdiyevdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşayıbyaratmış bu sənətkar realist ədəbiyyat tariximizdə gözəl hekayələr və dolğun məzmunlu dram əsərləri müəllifi kimi şöhrət qazanmış, zəngin bir irs qoyub getmişdir.
Ədəbi yaradıcılığa dramaturq kimi başlayan Ə.Haqverdiyev bədii nəsrdə də qələmini sınamış, uğurlu nəsr əsərləri ilə bacanqlı bir nasir kimi tanınmışdır «Ata və oğul», «Ayın şahidliyi», «Bomba», «Acından təbib» və s. kimi maraqlı hekayələrin, «Cəhənnəm məktubları» adlı gözəl povestin müəllifidir.
Ə.Haqverdiyevin bədii nəsr yaradıcılığında «Mirzə Səfər» hekayəsi daha çox diqqəti cəlb edir. Bu hekayədə XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşamış açıq gözlü, namuslu bir ziyalının surəti verilir. Mirzə Səfər idarədə katib vəzifəsində çalışır. Yuxarı təbəqələr tərəfindən sayılmayan Mirzə Səfərin vicdanı pak və təmizdir. İdarə işçilərinin çoxu rüşvətlə baş girlədikləri halda, Mirzə Səfər insanı alçaldan bu çirkin əmələ nifrət edir. Onun vəzifəsi ərizə yazmaqdır, gəliri də çox deyildir. Lakin Mirzə Səfər bu az gəlirlə də kifayətlənir. Ərizə yazdıranın dövlətli və ya kasıb olmasının onun üçün əhəmiyyəti yoxdur, o, hamıya eyni münasibət bəsləyir. Mirzə Səfər üçün təmiz ad hər cür maldan, dövlətdən əzizdir, yüksəkdir, yaltaqlardan da zəhləsi gedir. Onun uşaqlarını məktəbdən çıxardırlar. Bu hadisə Mirzə Səfərə ağır təsir edir. Lakin Həsən ağa kimi murdar adamın ayağına xahişə getmir. O, sınır, lakin alçaqlar qarşısında əyilmir. Əyilmək xüsusiyyəti Mirzə Səfərin təbiətinə yaddır. Mirzə Səfərin necə möhkəm bir xarakterə malik olduğu onun idarə rəisi və Həsən ağa ilə qarşılaşmasında aydın şəkildə görünür. O, Həsən ağanın şəhər dövlətliləri arasında böyük nüfuza malik olduğunu çox yaxşı başa düşür. Lakin buna baxmayaraq, irəli soxulub növbədən kənar ərizə yazdırmaq istəyən Həsən ağanın qohumunu ələ salır və rədd edir.
Mirzə Səfərin ən yaxın adamı saatsaz Usta Zeynaldır. Mirzə Səfərlə Usta Zeynal arasındakı münasibət əsl dostluq nümunəsidir. Usta Zeynal ziyalı olmasa da, elmə, maarifə rəğbət bəsləyən və öz səciyyəsi etibarilə Mirzə Səfərə yaxın olan bir adamdır. Onun da ikiüzlülükdən, yaltaqlıqdan, rüşvətxorluqdan acığı gəlir, paklığı, təmizliyi yüksək qiymətləndirır. O, Mirzə Səfəri bir qardaş kimi sevir, çətin gündə əsl dost kimi hərəkət edir, özünün kasıb olmasına baxmayaraq, Mirzə Səfərin oğlanlarının ali təhsil almasında əlindən gələn köməyi əsirgəmir. Hekayənin sonunda Mirzə Səfərin ölümünə ən çox ürəkdən yanan şəxs də elə Usta Zeynal olur.
Ə.Haqverdiyevin «Mirzə Səfər» hekayəsi böyük tərbiyəvi əhəmiyyətə malikdir və oxucuya mərdlik, vicdani saflıq, dostluqda sədaqət və s. kimi insani keyfiyyətlər aşılayır. Əsər bu gün də oxucular tərəfindən böyük maraqla qarşılanır və sevilərək oxunur.