Azərbaycan ədəbiyyatı tarixində ən görkəmli mövqeyə malik sənətkarlarımızdan biri Cəfər Qafar oğlu Cabbarlıdır. O, ədəbi yaradıcılığa çox gənc yaşlarından başlamış, qələmini həm şeir, həm bədii nəsr, həm də dramaturgiya sahəsində sınamışdır. Xüsusən dramaturgiya sahəsində yüksək şöhrət qazanan Cəfər Cabbarlı çox zəngin bir yaradıcılıq yolu keçmiş, lirikanın və bədii nəsrin də gözəl nümunələrini yaratmışdır. Onun lirik əsərləri içərisində «Ana» şeiri xüsusi yer tutur.
«Ana» şeiri təkcə C.Cabbarlının deyil, bütövlükdə Azərbaycan lirik şeirinin ən gözəl nümunəsidir. Ədəbiyyatımızda anaya həsr edilmiş ən yaxşı ədəbi abidələrdən biridir. Bu lirik şeir anaya həsr olunmuş ən böyük himn, ən gözəl simfoniyadır.
«Ana» şeirində şair yüksək bir duyğu ilə ananın böyüklüyünü və müqəddəsliyini nəzərə çatdırır. Bunun üçün bədii təzadlardan istifadə edən müəllif dünyada heç bir qüvvədən qorxmadığını, heç bir qüwədən çəkinmədiyini, yalnız zərif və zərif olduğu qədər də güclü bir vücud olan müqəddəs bir şəxsin - ananın qarşısında özünün də, ən qüvvətli və möhkəm insanların da gücsüzlüyünü, itaətkarlığını, onların ana nəvazişinə, ana əlinin hərarətinə nə qədər ehtiyacı olduğunu böyük bir ustalıqla göstərir:
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Heç bir çətinlikdən, hətta ölümdən, qiyamət dəhşətindən belə qorxmayan, heç kimin və heç nəyin qarşısında əyilməyi ağlına belə gətirməyən şair yalnız müqəddəs bir şəxsin - ananın qarşısında acizdir, anaya bir rahib kimi həmişə itaətdədir:
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
Ana... Ana... Sənə mən rahibəm itaətdə!
C.Cabbarlının «Ana» şeiri həm anaya məhəbbət hissinin coşqun bir ifadə tərzi, həm də zərif, həzin və incə ritmi ilə oxucunu cəlb edən möhtəşəm bir əsərdir. Bu əsər bu gündə dillər əzbəri, sevilərək oxunan lirika nümunəsidir.