Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri Rəsul Rzadır. Onun dərin məzmunlu, humanist mahiyyətli ədəbi yaradıcılığı özünə milyonlarca pərəstişkar qazanmış, yüksək sənət xəzinəsi kimi şöhrət tapmışdır.
        Yaradıcılıq fəaliyyətinə gənc yaşlarından başlayan Rəsul Rza 1932-ci ildə «Çapey» adlı ilk şeirlər kitabını nəşr etdirmiş, sonralar isə «Qanadlar», «Çinar», «Vəfa». «ölməz qəhrəmanlar», «Könül səsləri», «Vaxt var ikən» və s. kimi çoxsaylı kitabları ilə geniş oxucu kütləsi qazanmış, novator bir şair kimi şöhrətlənmişdir.
        R.Rza lirikasının ən gözəl nümunələrindən biri «Mən torpağam» şeiridir. Fəlsəfi düşüncələrin, bəşəri duyğuların təcəssümü olan bu lirik sənət əsərində müəllif canlı ümumiləşdirmələr apararaq özünü təbiət hadisələrinin, həyati amillərin yerində qoyur, onların mahiyyətini, məna və dəyərini açmağa çalışır. Şair əsərdə «mən» sözünü tez-tez işlətməklə özünü ana torpağa, gözəl və yaraşıqlı bahara, ağlar buluda, möhkəmlik rəmzi olan qranitə, qaranlıqlann qənimi olan işığa və s. bənzədərək insanın daxili, mənəvi zənginliyini, dözüm və mətanətini, insaniyyətini və ülviliyini monoloqları bir tərzdə açıb göstərir, bəşər övladını uca və ali bir varlıq, dünyaların sevincini, qəmini daşıyan bir vücud kimi təqdim edir:

 
Mən işığam - qaranlığın qənimi,
Mən insanam, daşıyıram qəlbimdə
Dünyaların sevincini, qəmini.

        «Mən torpağam» şeiri insanın və təbiətin bütövlüyünü, insanın təbiətin ayrılmaz, həm də onu dəyişdirə bilən bir hissəsi olduğunu ifadə edən dəqiq və mənalı bir təsdiqlə bitir:
 
Mən torpağam, nemətimi, varımı,
Zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm ölərəm.

        R.Rzanın «Mən torpağam» şeiri hisslərinin səmimiliyi, duyğularının saflığı ilə diqqəti cəlb edir. İnsanı həyatı, təbiəti gözəlləşdirən bir varlıq kimi təsdiqləyən bu lirik şeir indi də səmimi duyğular ifadə edən bir əsər kimi oxucu kütləsi tərəfindən yüksək hərarətlə qarşılanır va sevilərək oxunur.
Top