Azərbaycan şifahi xalq ədəbiyyatının həcm etibarilə ən böyük janrlarından biri dastanlardır. Bu janra ədəbiyyatşünaslıqda epos da deyilir. Əsasən, epik növə daxil olan dastanlarda lirik növdən, xüsusən qoşma və gəraylılardan geniş şəkildə istifadə olunur. Aşıqlar dastanın nəsr hissəsini bir aktyor kimi danışır, nəzm hissəsini isə sazda çaldığı havaya uyğun olaraq oxuyurlar.
Mövzu və məzmunlarına görə dastanlar, əsasən, iki yerə bölünür: a) qəhrəmanlıq dastanları və b) məhəbbət dastanları.
Xalqın, onun igid övladlarının azadlıq və haqq-ədalət uğrunda xarici işğalçılara və yerli feodallara qarşı mübarizəsini əks etdirən dastanlara qəhrəmanlıq dastanları deyilir. Qəhrəmanlıq dastanlarında xalqın həyatında baş verən ən mühüm tarixi hadisələr, ayrı-ayrı tarixi şəxsiyyətlərin vətənin azadlığı, xalqın xoş güzaranı uğrunda göstərdiyi şücaət və qəhrəmanlıqlar əks etdirilir. «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Qaçaq Nəbi» və «Qaçaq Kərəm» dastanları qəhrəmanlıq dastanlarının səciyyəvi nümunələridir. Bu dastanlar müxtəlif dövrlərdə yaranmış, xalqların həyatındakı müxtəlif tarixi hadisələri əks etdirən bədii sənət əsərləridir.
«Kitabi-Dədə Qorqud» dastanında qəbilə quruluşunun dağılmağa başlayıb yeni feodal münasibətlərinin formalaşdığı tarixi dövrün həyatı və baxışları əks etdirilmiş, «Koroğlu» dastanında xalqın yadelli işğalçılara və yerli zülmkarlara qarşı mübarizəsi ümumiləşdirilmişdir. «Qaçaq Nəbi» və «Qaçaq Kərəm» dastanlarında isə ictimai zülmə və istismara qarşı xalqın etiraz və mübarizəsi verilmişdir.
Qəhrəmanlıq dastanlarında qəhrəmanın başına toplaşanlar və onunla birlikdə mübarizə aparan da xalqın say-seçmə oğulları, qeyrətli qızlarıdır. Koroğlunun dəliləri, Nəbinin silahdaşları xalqın sevimli övladlarıdır.
Azərbaycan şifahi xalq ədəbiyyatında azad məhəbbəti tərənnüm edən, bir-birini sevən gənclərin məhəbbətinə, onların bu məhəbbət uğrunda apardığı mübarizəyə həsr olunan dastanlar məhəbbət dastanları adlanır. «Şah ismayıb, «Novruz və Qəndab», «Abbas və Gülgəz», «Aşıq Qərib» və s. kimi dastanlar məhəbbət dastanlarının gözəl nümunələridir. Bu dastanların qəhrəmanları bəzən öz igidlik və cəsarətləri ilə qələbə qazanır, bəzən də sazın və sözün köməyi ilə istəklərinə qovuşurlar. Bəzi məhəbbət dastanları faciəli sonluqla bitir, qəhrəmanlar vüsala çatmadan həlak olurlar. Belə dastanlarda xalq öz qəhrəmanlarına mənəvi cəhətdən qələbə qazandırır, onları məhv edən qara qüvvələrə qarşı dinləyici və oxucuda nifrət hissı aşılayır.
Məhəbbət dastanları, bir qayda olaraq, ustadnamə ilə başlayıb duvaqqapma ilə sona yetir. Lakin sonu faciə ilə qurtaran məhəbbət dastanlarında duvaqqapma olmur.
Dastanlar müxtəlif yollarla əmələ gəlir. Bir qisim dastanlar naməlum aşıqların ayrı-ayrı xalq qəhrəmanlan haqqında qoşulmuş şeirləri, mahnıları əsasında yaranmış, bir hissə dastanlar isə ayrı-ayrı aşıq və şairlərin məhəbbət mövzusunda qələmə aldığı şeirlər və xalq içərisində onların haqqında gəzən rəvayətlər əsasında formalaşmışdır. Müəyyən qisim dastanlar vardır ki, onları aşıqlar özləri yaratmışlar.
Azərbaycan xalq dastanlarının həcm genişliyi, məzmun dərinliyi, forma əlvanlığı, nəzm və nəsrin ülvi bağlılığı musiqiçilərimizin diqqətini cəlb etmiş, bu nümunələr əsasında dünya şöhrətli və gözəl musiqi əsərləri yaradılmışdır. Böyük bəstəkarlarımız Üzeyir Hacıbəyov tərəfindən yaradılmış «Əsli və Kərəm», «Koroğlu», Müslüm Maqomayevin yaratdığı «Şah ismayıl» operaları dastanlar əsasında yaranan gözəl musiqi əsərləridir.