Azərbaycan xalqının dünya bəşər həyatına bəxş etdiyi ən nadir simalardan biri Məhəmməd Füzulidir. Məhəmməd Füzuli Azərbaycan xalqının əbədiyaşar şairi, Azərbaycan şeirinin günəşidir. Onun yaradıcılığı tükənməz bir xəzinədir. Elə bir xəzinədir ki, bu xəzinədən bütün bəşər öz payını götürsə, yenə bu xəzinə tükənməz. Çünki bu, pak duyğular, nəcib hisslər, yüksək fikir və amallar xəzinəsidir. Beş yüz ilə yaxındır ki, Azərbaycan xalqının bədii zövqü, əxlaqi-mənəvi görüşləri Füzuli poeziyası ilə köklənir, Füzuli poeziyası ilə bəstələnir. Füzuli bütün varlığı ilə, kamil və mənalı yaradıcılığı ilə həqiqi milli şair olmuş, doğma xalqının həyata baxışları, zövqü, əxlaqı, təsəvvür və arzuları onun əsərlərində yüksək bədii bir dil və üslubla əks olunmuşdur.
        Füzuli klassik Şərq şerinin bütün janrlarından istifadə etmiş, hər janrın imkan və xüsusiyyətlərini nəzərə alaraq bir-birindən gözəl sənət əsərləri yaratmış, zəngin bir irs qoyub getmişdir. Dahi şairin bu ədəbi irsində XVI əsr həyatının rəngarəng poetik mənzərəsi yaradılmışdır.
        Füzuli, hər şeydən əvvəl, lirik bir şairdir. Onun lirik şeirlərinin böyük əksəriyyəti qəzəl janrında yazılmışdır. Bu janr şairin təbiətinə, ruhuna, bədii istedad və zövqünə uyğun gəldiyindən o, özünün lirik duyğu və düşüncələrini daha çox bu formada yazdığı əsərlərdə ifadə etmişdir. Füzuli lirikasının, xüsusən onun qəzəllərinin əsas mövzusunu məhəbbət təşkil edir. Füzuli özünün yaradıcılığındakı bu cəhətə işarə edərək yazır.

 
Məndən, Füzuli, istəmə əşarü-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

        Füzuli lirikasındakı məhəbbət anlayışı geniş və çoxcəhətlidir. Şairin yaradıcılığındakı məhəbbət mövzusu həm bəşəri və həyati sevgi duyğularına, həm də mistik-ilahi eşq və gözəlliyə əsaslanır. Füzuli belə əsərlərində lirik qəhrəmanı aşiqin yerə-göyə sığmayan odlu məhəbbətini hərarətli bir dillə izhar edir, onun həsrətdən doğan kədər və iztirablannı əlvan boyalarla açıb göstərir. Şairin eşq dəlisi olan aşiqi çəkdiyi bütün əzab və əziyyətləri özünə fəxr sayır, özünü məhəbbət aləmində Məcnundan da üstün bilir:
 
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var...

        Fizuli lirikasının ən gözəl nümunələrindən biri «Məni candan usandırdı...» qəzəlidir. Eşq və gözəlliyin romantik ifadəsi olan bu qəzəl Füzuli dühasının nadir incilərindəndir. Qəzəl aşiqin güclü şikayətləri ilə başlayır. Həqiqi bir məhəbbətlə sevən, lakin istəyinə qovuşmayıb iztirablı anlar keçirən aşiqin acı ahları yerigöyü yandırır, lakin muradının şamını yandıra bilmir:
 
Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?!

        Qəzəldəki hər bir beyt aşiqin məhəbbətinin, vüsal həsrətinin bu və ya digər cəhətini açmağa, keçirdiyi səmimi duyğuların ifadəsinə xidmət edir. Onun eşqi insanı yüksəldən, nəcib və müqəddəs insani duyğuları ifadə edən mənalı, təmiz bir eşqdir. Buna görədir ki, aşiq nə qədər kədərli, onun çəkdiyi iztirablar nə qədər güclü olsa da, o, ümidsiz deyildir. Onun ahnaləsində də, həsrətdən doğan kədərində də bir vüsal ümidi özünü göstərir.
        Füzuli lirikasında bəzən ictimai motivlərə də təsadüf olunur ki, bu əsərlərində, xüsusən qitələrdə şair dövrünün müəyyən mənfi cəhətlərini, ictimai ədalətsizlik və haqsızlıqları, şahların var-dövlət naminə kütləvi insan tələfatına səbəb olan müharibələr aparmasını tənqid edir.
        Füzuli lirikası solmaz, saralmaz bir bədii gözəlliyə malikdir. Bu lirika pak duyğular, yüksək fikirlər xəzinəsidir. Dahi şairin milli ədəbiyyatımızı zənginləşdirən ədəbi inciləri bu gün də insanların qəlbinə hərarətlə yol tapır və sevilə-sevilə oxunur.
Top