Azərbaycan ədəbiyyatı tarixində müstəsna mövqeyə malik bədii söz ustalarından biri dahi şair Məhəmməd Füzulidir. Azərbaycan xalqının şərəfini, şöhrətini, milli iftixarını təşkil edən, xidməti və fəaliyyəti dilə sığmayan simaları içərisində Füzulinin xüsusi yeri vardır. Onun böyük istedadı və parlaq dühası Azərbaycan mədəniyyəti tarixində yeni bir dövr açmış, Azərbaycan ədəbiyyatını yüksək bəşəri ideallara, dərin insani ehtiraslarla zənginləşdirmişdir. Füzuli bütün varlığı ilə, kamil və mənalı yaradıcılığı ilə həqiqi milli şair olmuş, doğma xalqının həyata baxışları, zövqü, əxlaqı, təsəvvür və arzuları onun əsərlərində yüksək bədii dil və üslub vasitələri ilə əks olunmuşdur.
        Füzuli yaradıcılığının, eləcə də anadilli epik şeirimizirı zirvəsini, şübhəsız ki, onun «Leyli və Məcnun» poeması təşkil edir. Şərq poeziyasının bütün janrlarında qələmini sınayan şairin sənətkarlıq dühası bu əsərdə daha qabarıq və parlaq bir şəkildə özünü göstərir.
        Füzuli «Leyli və Məcnun» poemasını 1537-ci ildə yazmış və onu Türkiyə hökmdarı Sultan Süleyman Qanuniyə ithaf etmişdir. Poemanın mövzusu Yaxın Şərq xalqları arasında Leyli və Məcnun haqqında geniş yayılmış qədim bir əfsanədən götürülmüşdür. Yazılı ədəbiyyatda bu mövzuda ilk irihəcmli poetik əsəri dahi Nizami yaratmışdır. Füzuli ağırlığından böyük Nizaminin belə şikayətləndiyi bir mövzuda əsər yazmağa cəsarət etmədiyini bildirsə də, öz istedad və bacarığını səfərbər edərək möhtəşəm və ölməz bir sənət abidəsi yaratmışdır.
        Poemanın mərkəzi surəti Məcnundur. Əsərin əsasını təşkil edən faciə də məhz Məcnunun - Qeysin faciəsidir. Füzuli öz qəhrəmanının simasında insana, həyata və sevgiyə yeni münasibət ifadə etmiş, zəmanənin fövqündə duran bir aşiq surəti yaratmışdır.
        Qeys dünyaya gələrkən ağlayır, bu, təbii bir hadisədir. Lakin Füzuli buna rəmzi məna verərək göstərir ki, dövrün yüksək düşüncəli adamları cəmiyyətin onlar üçün törədəcəyi dəhşət və faciələri əvvəlcədən dərk etdiklərindən anadan olarkən gələcəkdə çəkəcəkləri əzab və iztirablarını duyaraq ağlamağa başlayırlar.
        Qeys məktəbdə oxuduğu zaman Leyli adlı ərəb qızını görür və sevir. Zavallı gəncin faciəsi də elə bundan sonra başlayır. Çünki onun azad məhəbbəti ilə dövrün qanunlarına daban-dabana ziddir. Leylinin anası məsələdən xəbər tutaraq qızını məktəbdən çıxarır. Qeys isə eşq girdabına düşərək çöllərə qaçır, onu məcnun - dəli adlandırırlar. Leylinin atası qızını bir şərtlə Qeysə verməyə razılaşır ki, onu eşq dəliliyindən qurtarsınlar. Məcnunu pirlərə, müqqəddəs Kəbəyə aparırlar. Lakin Kəbənin qızıl halqasından yapışan Məcnun özünə ağıl yox, eşq diləyərək haqq aşiqinə çevrilir. Sərkərdə Nofəl Məcnuna kömək etmək istəsə də, son məqamda geri çəkilməli olur. Məcnun isə dövrün qayda və qanunlarını qəbul etməyərək cəmiyyətdən qaçır, çöllərdə vəhşilər arasında yaşayır. O, Leylisinə qovuşa bilməsə də, köhnə qanunların qarşısında təslim olub geri çəkilmir, əksinə, yeni idealları ilə zəmanəyə meydan oxuyur.
        Əsərin ikinci qəhrəmanı Leylidir. O, XVI əsr hüquqsuz Azərbaycan qadınlarının ümumiləşdirilmiş obrazıdır. Leyli məktəbdə onunla birlikdə oxuyan Qeysin dərin zəkalı bir gənc olduğunu görərək onu sevir. Lakin onun yaşadığı dövr belə məhəbbəti qəbul edə bilməz. Ona görə də Leyli eşqini hamıdan, hətta doğma anasından da gizlədir. Onu tanımadığı, sevmədiyi bir şəxsə - ibn Salama ərə verirlər. Məcnuna göndərdiyi məktubda Leyli ərə verilərkən ondan heç bir razılıq alınmadığını, bir əşya kimi alınıb satıldığını bildirir:

 
Mən gövhərəm, özgələr xiridar,
Məndə deyil ixtiyari-bazar.
Dövran ki məni məzadə saldı,
Bilməm kim idi satan, kim aldı.
Olsaydı mənim bir ixtiyarım,
Olmaz idi səndən özgə yarım.

        Ər evini soyuq məzar kimi qəbul edən Leyli günlərini göz yaşları ilə keçirir, özünü şam, pərvanə, ay və dəvə ilə müqayisə edir və onlann hamısını özündən xoşbəxt sayır. Leylinin bu təsirli müqayisələrində sevən bir qızın istəyi, qəmi, kədəri, ağrı və acıları əks etdirilmişdir. Füzuli Leyli surəti vasitəsilə qadın haqqında öz duyğu və düşüncələrini ifadə etmiş, qadın hüquqsuzluğuna qarşı etirazını bildirmişdir.
        M.Füzulinin «Leyli və Məcnun» poeması Yaxın və Orta Şərq ədəbiyyatında məhəbbət mövzusunda yazılan ən möhtəşəm ədəbi abidələrdən biridir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov ilk Azərbaycan operası olan «Leyli və Məcnun»u bu poema əsasında yaratmışdır. Poema özünün yüksək məziyyətləri, dərin və dolğun ideyaməzmunu ilə həmişə oxucu diqqətindədır və sevilə-sevilə oxunur.
Top