XVIII əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi Molla Pənah Vaqifdir. Azərbaycan xalqının tarixi həyatında o həm incə ruhlu, zərif duyğulu bir şair kimi, həm də istedadlı və bacarıqlı bir dövlət xadimi kimi şöhrət qazanmışdır. Azərbaycan ədəbiyyatı tarixində yeni ədəbi məktəbin əsasını qoyan Vaqif lirik şeiri orijinal bir istiqamətdə inkişaf etdirmiş, poeziyamızda şifahi xalq şeiri üslubunu aparıcı mövqeyə çıxarmışdır.
        Vaqif lirik şairdir. Onun xalq zövqünə, xalq ruhuna uyğun olaraq yazdığı əsərlər mürəkkəb və ziddiyyətli bir dövrün gözəllik, məhəbbət və şadlıq nəğmələridir.
        Vaqif lirikasının əsas mövzusu məhəbbətdir. Lakin şair məhəbbət mövzusuna sələfiərindən fərqli olaraq, yeni bir tərzdə yanaşmış, onu real hisslər, gerçək duyğular kimi təqdim etmişdir. Vaqifin şeirlərində məhəbbət mövzusu romantık çərçivədən çıxaraq yeni bir keyfiyyət alır, real gözəlliyin, həyati hisslərin ifadəsinə çevrilir.
        Vaqif lirikasında səciyyəvi cəhətlərdən biri real və təbii qız və gəlinlərin təsvirinə geniş yer verilməsidir. Şairin təsvir etdiyi gözəllər zahiri və mənəvi gözəllikləri özündə cəmləşdirən real Azərbaycan qızlarıdır. Bu gözəllər özünün reallığı, təbiiliyi, estetik seçimi ilə keçmiş şeirin mücərrəd və romantik gözəllərindən fərqlənir:

 
Boyu mina gərdən, sinəsi mərmər,
Bəyaz ola gül əndamı sərasər.
Əlində al həna, zülfündə ənbər,
Qaşında, gözündə sürmə gərəkdir.

        Vaqif poeziyasında məhəbbət aparıcı mövzu olsa da, şair başqa mövzulara, xüsusən xalq həyatı ilə bağlı hadisələrə də biganə qala bilməmişdir. Böyük sənətkarın xəlqi mahiyyət daşıyan əsərlərindən biri «Hayıf ki, yoxdur» qoşmasıdır. Bu şeirin yazılmasının maraqlı bir tarixçəsi vardır. Kür qırağına səfərlərinin birində ibrahim xan çox ləngiyir və bu ləngimə yerli əhalinin üzərinə əlavə qayğılar qoyur. Yerli ağsaqqallar Vaqifdən xahiş edirlər ki, xanın getməsini sürətləndirsin. Vaqif də bu münasibətlə «Hayıf ki, yoxdur» qoşmasını yazır və şeiri qəsdən elə qurur ki, İbrahim xanın burada qalmağa həvəsi olmasın, Şuşaya - saraya qayıtsın.
        «Hayıf ki, yoxdur» şeirində biz Vaqifi xalq mənafeyinə xidmət edən, elin-obanın yoxsul həyatına, Kür qırağının acı taleyinə yanan bir xalq sənətkarı kimi görürük. Şair burada Kür qırağının təbii imkanlarını, gözəlliklərini göstərməklə yanaşı, həmin ərazidə yaşayan əhalinin kasıb yaşayışını, çətin güzəranını özünəməxsus bir ustalıqla qələmə alır:

 
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə cahanın.
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur.

        Vaqif Kür qırağında yaşayan qız-gəlinlərin təbii gözəlliklərini vəsf etməklə bərabər, onların yoxsul geyimini, davranış və rəftarlarındakı məhdudiyyəti də ürək ağrısı ilə qələmə alır:
 
Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə,
Bəzəyi, libası, hayıf ki, yoxdur.

        Vaqif poeziyasındakı ən mühüm xüsusiyyətlərdən biri təbii həyat hadisələrinin real təsvirini həqiqi yaradıcılıq prinsipinə çevirməkdən ibarətdir. Onun şeirlərindəki insanlar, bu insanların daxili-mənəvi aləmini əks etdirən hiss və düşüncələr romantik-rəmzi şəkildə deyil, həqiqi və gerçək duyğular, real və təbii həyəcanlar şəklində qələmə alınmışdır. Vaqifin təsvir etdiyi gözəllər real insani cizgilərlə göstərildiyi kimi, bu gözəllərə məhəbbət bəsləyən lirik qəhrəman da real və həyati duyğulara malik bir gəncdir, gözəlliyə biganə qalmayan Azərbaycan oğludur.
        Molla Pənah Vaqif orta əsrlər Azərbaycan poeziyasının qüdrətli klassikidir. Onun ədəbi irsi gözəlliyin dərkinə xidmət edən həqiqi sənət nümunələridir. Bu zəngin yaradıcılıq irsi xəlqi mahiyyət daşıyan, realist prinsiplərə əsaslanan sənət əsərləridir. Vaqif şeirləri bu gün də sevilir, oxunur və məclislər bəzəyinə çevrilir.
Top