Ən gözəl insani hisslərdən biri dostluqdur. Dostluq insanlar arasında qarşılıqlı münasibət forması kimi meydana çıxır. Əsl dostluq qarşılıqlı anlaşma və səmimiyyət şəraitində təşəkkül tapır. Dostluğun bir sıra şərtləri var ki, bunu nəzərə almadan onu axıra qədər davam etdirmək və möhkəmlətmək olmaz. Mən indiyə qədər çox uşaqla dostluq etmişəm. Lakin onların xasiyyətinə bələd olduqca hiss etmişəm ki, hər adamdan adama ürək dostu, qəlb yoldaşı olmaz.
        Mən sinfimizdə M. adlı bir oğlanla dostluq edir, onu özümə yaxın bildiyimdən bütün sirlərimi ona açır, bir iş görməzdən əvvəl onunla məsləhətləşirdim. Bir dəfə biz ədəbiyyat kabinetində dərs keçməli idik. Hələ zəng olmamışdı. Mən bayırda olarkən dostum sinif yoldaşlarımızdan biri ilə zarafatlaşanda özü də bilmədən şkafın şüşəsinə toxunmuş və onu sındırmışdı. Müəllim sinfə gələndə şüşəni sınmış görüb, onun kim tərəfindən sındırıldığını soruşdu. Sinifdə qəribə bir vəziyyət yaranmışdı. Müəllim kimə müraciət edirdisə, «mən içəridə olmamışam», «xəbərim yoxdur», «bilmirəm » sözlərini eşidirdi. Hadisəni törədənin adını dəqiq bilməsəm də, uşaqların baxışları, dostumun sifətinin ifadəsi məni şübhəyə salmışdı. Yaxşı ki, bu cansıxıcı vəziyyət uzun sürmədi. Müəllim dedi:
        - Uşaqlar, mən bilirəm ki, bu işi sizlərdən biri görmüşdür. Siz isə onu ələ vermək istəmirsiniz. Lakin o yoldaşınız əgər sizə hörmət edirsə, qoy sabah sizin qarşınızda üzr istəsin.
        Zəng vuruldu. Mən uşaqlardan öyrəndim ki, şüşəni dostum sındırmışdır. Doğrusu, onun qorxaqlığına ürəkdən acıdım. Atalar yaxşı deyib ki, «Dost yaman gündə tanınar». Mən də dostumu düşdüyü bu çətin vəziyyətdən qurtarmaq üçün ona öz məsləhətimlə kömək etməyi qərara aldım. Ona bildirdim ki, sabah müəllimdən üzr istəyib, həqiqəti ona deməsə, mən özüm deyəcəyəm.
        Sabahı gün dostumun hərəkətini tənqid etdim və həqiqəti açıb söylədim. Bundan sonra o, məndən incidi. Onun buna haqqı var idimi? Məncə, yox. Axı dostluq, hər şeydən əwəl, səmimilik deməkdir, yoldaşın səhvlərinin tənqid etmək, nöqsanlarını açıb göstərmək deməkdir.
        Mən əsl dostluğu Mirzə Səfərlə Usta Zeynalın, Qaraca qızla Ağca xanımın, Mehdi ilə Vasyanın, Cəlil Məmmədquluzadə ilə ömər Faiq Nemanzadənin dostluğunda görürəm. Çünki onların əlaqə və münasibətləri əsl dostluğa xas olan cəhətlər üzərində qurulmuşdur və ən saf, ən ülvi münasibətlərdir.
Top