XIX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəiərindən biri Seyid Əzim Şirvanidir. Klassik poeziya ənənələrini davam etdirən bu görkəmli sənətkar Azərbaycan ədəbiyyatı tarixinə dərin məzmunlu, incə ruhlu lirik şeirləri və ictimai eyibləri kəskin ifşa edən satiraları ilə böyük şöhrət qazanmışdır. Onun XIX əsr ruhanilər aləmini tənqid edən satiraları realist şeirimizin ən gözəl nümunələridir.
Seyid Əzim irsinin böyük bir qismini şairin lirik əsərləri təşkil edir. Füzuli ədəbi məktəbinin ənənələrini davam etdirən şair lirik əsərlərində, xüsusən daha böyük çoxluq təşkil edən qəzəllərində saf və təmiz məhəbbəti tərənnüm edir, insan sevgisini qəlbləri şadlandıran, ürəkləri sevindirən bəşəri bir hiss kimi təqdim edir.
S.Ə.Şirvaninin yaradıcılığında ictimai mahiyyət daşıyan satiraları mühüm yer tutur. Şairi öz dövrünün böyük realist şairi kimi tanıdan da məhz bu satiralardır. Seyid Əzimin dövrün ictimai eyiblərinə qarşı ifşaedici münasibəti satiralarında aydın bir şəkildə ifadə edilmiş, xalqın qanını soran istismarçı siniflər, bəy və mülkədarlar, çar çinovnikləri, xalqı avamlıq və fanatizm girdabında saxlayan ruhanilər tənqid obyekti kimi götürülərək ifşa edilmişdir. Şairin «Əkinçinin hadisəsi», «Padşah və əkinçi», «Şamaxının yeni bəyləri haqqında həcv», «Köpəyə ehsan», «Yerdəkilərin göyə şikayəti» və s. kimi əsərləri maraqlı satirik parçalardır.
Seyid Əzimin satirik əsərlərindən biri «Alimləri məzəmmət edən cahillərə» şeiridir. Bu şeirdə çar məmurlarının rüşvətxorluğu, onları müdafiə edən yerli feodalların mənəvi eybəcərliyi ifşa olunur. Xüsusilə xalqı aldadan pulgir məhkəmə işçiləri, kələkbaz vəkillər şair tərəfindən kəskin tənqid atəşinə tutularaq xalqın düşmənləri kimi təqdim olunur:
Advoqatlar demə bu xəlq ilə manəndi-yağı,
Başı Fondilki, haput orta, Ağacan ayağı.
Soydular, ərzəçinin qalmadı cismində yağı,
Yazıq Abdulla bəyin həm uduzuldu boyağı,
Həm özün soydu lotu, gör necə üryan elədi.
Seyid Əzimin satirik tənqid hədəflərindən biri də polis məmurları, həris və acgöz pristavlar, kvartal və kazaklardır. Şair belə mənfi tipləri özünün satira güzgüsündə xalqı «qurd kimi» soyan tüfeylilər kimi qələmə alır:
Nə pristav, nə köməkçi, nə kvartal, nə kazak,
Hamısı qurd kimi soymaqlığa xalqı ki, qoçaq,
Məsləhətçin eləyiblər necə əşxası qaçaq,
Neçə kəs ki, nahaqdan olubdur dustaq,
Kimi öldürdü görək, hansı sinib qan elədi.
Seyid Əzimin feodalizm cəmiyyətinin hakim təbəqələri əleyhinə yazdığı ən güclü satirası «Şirvan bəyləri haqqında» şeiridir. Satiranın mövzusu müəllifin dövründə Şamaxıda yalançı bəylərin bəylik siyahısına salınması ilə əlaqədardır. Şeirin əsas tənqid hədəfləri isə həmin yalançı bəylər və onlardan rüşvət alıb şahidlik edən nəsli bəylər, məmurlar və çar hakimləridir.
S.Ə.Şirvaninin satiralannda xalqı cəhalətdə saxlayan, dini və şəriəti şəxsi qazanc vasitəsinə çevirən yalançı və ikiüzlü ruhanilərin tənqidi də mühüm yer tutur.
S.Ə.Şirvaninin dövrün ictimai qüsurlarını güzgü kimi əks etdirən satiraları şairin ən yaxşı realist əsərlərindəndir. öldürən və sarsıdıcı gülüş, kəskin istehza və kinayə, tənqid hədəfinə qarşı nifrət və qəzəb hissi ifadə edən, xəlqilik ruhunda yazılmış bu satiralar indi də aktual əhəmiyyət kəsb edərək günümüzlə uzlaşır və sevilə-sevilə oxunur.