Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Nəcəf bəy Vəzirovdur. Azərbaycan dramaturgiyasının inkişafında, onun yeni mövzu və bədii keyfiyyətlərlə, rəngarəng və maraqlı surətlər silsiləsi ilə zənginləşməsində Nəcəf bəy Vəzirovun böyük xidmətləri olmuşdur.
        N.Vəzirovun yaradıcılığında «Müsibəti-Fəxrəddin» əsəri mühüm yer tutur. 1896-cı ildə yazdığı bu əsərlə dramaturq Azərbaycan ədəbiyyatı tarixində faciə janrının əsasını qoymuşdur.
        «Müsibəti-Fəxrəddin» faciəsinin mövzusu iki mülkədar ailəsi arasında gedən qan davasından götürülmüşdür. Faciənin əsas konflikti «zülmət səltənətində» hökm sürən mürtəce köhnəliklə hələ nisbətən zəif olan mütərəqqi yenilik arasındakı mübarizədən ibarətdir. Birincilərin nümayəndəsi mühafizəkar mülkədar olan Rüstəm bəy, ikincilərin nümayəndəsi isə demokratik ruhlu mülkədar ziyalısı Fəxrəddin bəydir.
        Əsərin əsas mənfi qəhrəmanı olan Rüstəm bəy «zülmət səltənətində» hökm sürməkdə olan mürtəce qüvvələrin tipik nümayəndəsidir. O, «mənəm- mənəm» deyərək qoluzorluluq göstərən, özündən gücsüzlərə zülm edən, nahaq qanlar tökən, evlər yıxan bir mülkədardır, qan intiqamından doymayan yırtıcı bir canavardır.
        Rüstəm bəy yaşadığı ərazidə özündən böyük heç bir varlı şəxs görmək istəmir, ona salam verməyən, onu saymayan adamların kökünü kəsir, evlərinə od vurub yandırır, bəzilərini pul gücünə sürgün etdirir, əlaltıları vasitəsilə öldürtdürür. Rüstəm bəyin yırtıcı siması onun ilk monoloqundan aydın şəkildə görünür. Həmin monoloqdan aydın olur ki, Rüstəm bəy oğlu Rəşidin qətlinə görə Fəxrəddin bəyin atası Heydər bəyi öldürtdürmüş, anasını döydürmüş, bacısını zorla gətirib oğluna arvad etmişdir. Lakin bütün bunlarla onun ürəyi soyumamışdır və o, indi də Fəxrəddin bəyi öldürmək, bu ailəyə yenidən dağ çəkmək istəyir.
        Qan intiqamı hissi Rüstəm bəyin gözünü elə tutmuşdur ki, o, oğlu Mahmud bəyi də bu işə təhrik edir və onun ölümünə səbəb olur.
        «Müsibəti-Fəxrəddin» faciəsinin əsas müsbət qəhrəmanı Fəxrəddin bəydir.
        Fəxrəddin bəy mülkədar ailəsindən çıxmış gənc ziyalıdır. Xaricdə 5 il ali təhsil aldıqdan sonra böyük arzularla vətənə qayıdan bu humanist gənc «zülmət səltənətinəw düşmüşdür, Fəxrəddin elə bir yerə gəlib çıxmışdır ki, burada xalq öz başını güclə saxlayır, heç bir qayda-qanun yoxdur və qoluzorlular özbaşınalıq edir, heç nədən çəkinmirlər.
        Fəxrəddin bəy gəldiyi gündən düşdüyü qaranlıq mühitə, cəhalətə qarşı çıxır, «zülmət səltənətini» maarif ziyası ilə işıqlandırmağı arzulayır. O, köhnə adətləri dağıtmaq, qan davasına son qoyaraq Rüstəm bəylə barışmaq istəyir. Istəyir ki, əmin-amanlıq şəraitində özünün maarifçilik niyyətlərini həyata keçirsin. Fəxrəddin öz xərcinə bağ saldırır, məktəb və xəstəxana açır. O, öz arzularını belə ifadə edir: «...AIIah qoysa, bir üç-dörd ilin erzində bağ hazır olar və onun mədaxili məktəbxanaya kifayət eylər, məndən artıq xərc istəməz... Sonra Səadət xanım qolları çirməkli, dəstə açar belində gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin bəy özü həm bağban, həm dirrikçi, həm də məktəbdə müəllim. Pis ömür deyil, hərgah qəza bivəfalıq etməsə...»
        Belə şirin arzularla yaşayan humanist gəncin ətrafında, özü hiss etmədən, qorxulu hadisələr dolaşır. Lakin yüksək vətənpərvərlik hissləri ilə yaşayan Fəxrəddin özünün maarifçilik ideyalarını həyata keçirmək uğrunda ölümdən də qorxmur. «Bu xaraba vilayətdən çıxıb getmək» barədə Səadət xanımın ona göndərdiyi təklifi qəbul etməyib. Hürü nənəyə deyir: «Mən buradan heç yana gedə bilmərəm. Əvvəla, ondan ötrü ki, dəxi hicrana tabım yoxdur, mənim Səadətdən uzaq düşməyə taqətim ola bilməz. İkinci, o işləri ki, mən başlamışam, ondan uzaqlaşa bilmərəm».
        Fəxrəddin maarifçi surətdir. O, ətrafında baş verən hadisələrin, düşmən münasibətlərin və qisasçılığın başlıca səbəbini adamların savadsızlığında, maarifdən uzaq düşməsində görür və bunu aradan qaldırmağa çalışır. Lakin Fəxrəddin nə qədər ali hisslərlə yaşayıb xalqı irəliyə, inkişafa aparmaq istəsə də, özü «zülmət səltənətində» bir nur kimi parlayıb tez də sönür. Əsərin sonunda o məhz maarifsizliyin gülləsinə tuş gəlir, nadanlığın, qeyri-insani münasibətlərin qurbanı olur. Bu ölüm nə qədər kədərli olsa da, öz mahiyyətinə görə nikbin səciyyə daşıyır. Xüsusən Səadət xanımın onun cənazəsi üzərində dediyi sözlər oxucuda belə qənaət yaradır ki, Fəxrəddinin səpdiyi maarifçilik toxumları davam edəcək, onun arzuları həyata keçəcəkdir.
        «Müsibəti-Fəxrəddin» faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl bir sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır, oxucular tərəfindən sevilə-sevilə oxunur.
Top