Mən bədii ədəbiyyatı çox sevirəm. Asudə vaxtlarımda ən çox sevdiyim məşğuliyyət bədii əsərləri mütaliə etməkdir. Oxuduğum bədii əsərlər mənə hədsiz zövq verir. Mən bu əsərlərdəki müsbət qəhrəmanlardan nümunə götürür, onlardan Vətəni necə sevməyi, ləyaqətli və şərəfli olmağı, əsl insanlığı və s. kimi cəhətini öyrənirəm. Son dövrlərdə oxuduğum əsərlər içərisində yazıçı Əlfi Qasımovun «Qızburunda tək məzar» povesti daha çox xoşuma gəldı. Əsərin qəhrəmanı Kamil Zülfüqarov isə məndə yüksək təəssürat oyatdı.
Yazıçı əsərin proloqunda şirin bir zümzümə, insan qəlbini ehtirasa gətirən bir dillə bizi gələcək hadisənin qəhrəmanı ilə tanış edir. Povestin ilk səhifələrindən - ananın hekayətindən biz gələcək qəhrəmanın həyatı ilə tanış oluruq. Kamil uşaqdır, bütün uşaqlar kimi, Kamil yeniyetmədir, bütün yeniyetmələr kimi, Kamil gəncdir, bütün gənclər kimi. Ancaq Kamildə lap uşaqlıqdan nə isə bir qeyri-adilik, nə isə ancaq Kamilə xas olan səciyyəvi bir cəhət də görürük. Kamil hələ uşaq ikən öz qoçaqlığı və diribaşlığı ilə seçilər, öz məhəllələrinin uşaqları ilə «dava-dava» oyunu keçirər, həmişə də onun dəstəsi qələbə qazanardı. Kamil həm də heç zaman asan, ucuz «qələbəni» xoşlamaz, ən çətin məqamlarda qarşı dəstəni qeyrı-adi «manevr»ləri ilə çaş-baş salar, gözlənilməz yerlərdən «hücum»ları təşkil etməklə onları məğlub edərdi. Zahirən arıq, cılız görünən Kamil sarsılmaz iradi keyfiyyətə malikdır. Bu keyfiyyət onu daim qəhrəmanlıq göstərməyə sövq edir, irəli aparır. Məhz uşaqlıqdan bu keyfiyyətə görə Kamil idmanın ən çətin və «kişi» növü sayılan boksu seçir. Çünki Kamilin daxili keyfiyyətlərini və həm də çətinliyə dözə bilən bir adam məhz bu oyunun çətinini edə bilərdi. Kamil də bunu seçir və bunda da müvəffəqiyyət qazanır. Hiss edirsən ki, Kamildə yenilməz bir daxili qüvvə, daxili enerji vardır. Bu qüvvə onu daim axtarmağa, yeni döyüş meydanları tapmağa sövq edir. Onun üçün belə bir yeni məqam həqiqi müharibə meydanı - qara taun kimi meydana çıxan faşizmlə ölüm-dirim savaşı olur.
Vətənin bütün namuslu oğulları kimi, Kamil də ön cəbhəyə yollanır. Əsər boyu biz Kamilin qızğın döyüşlər zamanı göstərdiyi bir sıra qəhrəmanlıqlarla tanış oluruq. Döyüşlərin ən çətin anlarında, ən məsul yerlərdə biz həmişə Kamili görürük. O ən çətin dəqiqələrdə belə özünü itirmir, əsl qəhrəmanlara xas olan keyfiyyətlər nümayiş etdirir.
Çətin döyüşlərin birində Kamil atəşi öz üzərinə götürərək yoldaşlarını ölümdən qurtarır, lakin öz canından keçməli olur. Kamil qəhrəmanlıqla həlak olur. Belə qəhrəmanlar heç vaxt unudulmur, qəlblərdə əbədi yaşayırlar. Onlar bizə əsl nümunədirlər. Biz Vətəni sevməyi, Vətən uğrunda canından keçməyə hazır olmağı belə qəhrəmanlardan öyrənirik.