XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri Cəfər Cabbarlıdır. Əsası M.F.Axundzadə tərəfindən qoyulan dramaturgiyamızın inkişafında, onun yeni mövzu və bəşəri məzmunla zənginləşməsində, eləcə də yeni aktyor nəslinin yetişməsində C.Cabbarlının böyük xidmətləri olmuşdur. Realist həyat mövqeyinə sadiq qalan sənətkar «Solğun çiçəklər», «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almaz», «Yaşar» kimi ölməz səhnə əsərləri yaratmış, milli dramaturgiyamızda yeni mərhələ açmış, onun bayraqdarı olmuşdur.
        C.Cabbarlı bədii yaradıcılığa çox gənc yaşlarından və şeir yazmaqla başlamış, «Bahar» adlı ilk şeiri 1915-ci ildə «Məktəb» jurnalında dərc edilmişdir. Sonralar daha çox dramaturji fəaliyyətlə məşğul olan sənətkar şeir və nəsrdən də uzaqlaşmamış, arabir bu janrlarda da maraqlı və məzmunlu əsərlər yaratmışdır.
        XX əsr Azərbaycan ədəbiyyatında C.Cabbarlı məhz dramaturq kimi tanınmış, yüksək və dərin məzmunlu dramlar müəllifi kimi şöhrəf qazanmışdır. Görkəmli ədib özünün dram əsərlərində əhəmiyyətli ictimai mövzulara toxunmuş, geriliyi, köhnə qayda və qanunları tənqid etmiş, pulpərəstliyin, tamahkarlığın insan cəmiyyətindəki pulun rolunu insanları bədbəxt etməsini göstərmişdir. C.Cabbarlının dramları həm də milli teatrımızın inkişafında böyük rol oynamış, ədibin hər bir yeni pyesi dram tariximizdə yeni yaradıcılıq hadisəsi kimi qarşılanmış, Azərbaycan dramını yüksəklərə qaldırmışdır.
        C.Cabbarlının ilk qələm təcrübələri «Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş» və «Solğun çiçəklər» pyesləridir. Bu əsərlərdə dramaturq pulun insanlara pozucu təsirini əks etdirmiş, tamahkarlıq və mal-dövlət hərisliyinin insanları bədbəxt etdiyini, onları mənəvi cəhətdən düşkünləşdirdiyini açıb göstərmişdir.
        «Nəsrəddin şah» pyesində C.Cabbarlı İran tarixinə müraciət etmiş, zülm və ədalətsizlik mövzusunu ictimai-siyasi planda həll etmişdir. «Ulduz» və «Ədirnə fəthi» əsərlərində isə dramaturq Türkiyə xalqının öz milli istiqlalı, ərazi bütövlüyü uğrundakı mübarizəsini əks etdirmiş qəhrəmanlıqlarla dolu birtarixi qələmə almışdır.
        C.Cabbarlının dramaturgiya sahəsindəki yaradıcılıq fəaliyyətini ilk dram əsərlərindən başlamış son pyesinə qədər yeni qəhrəman axtarışı və kəşfi kimi səciyyələndirmək olar, «Aydın», «Oqtay Eloğlu», «Od gəlini» əsərləri dramaturqun bu sahədəki yeni nailiyyətləri hesab olunmalıdır. «Aydın» və «Oqtay Eloğlu» pyeslərinin hər ikisində varlılar və yoxsullar arasındakı uçurum, pulun, var-dövlətin insan cəmiyyətindəki pozucu rolu açılıb göstərilmişdir. Həm Aydın, həm də Oqtay ağıllı, istedadlı və bacarıqlı gənc ziyalılardır. Lakin pulun, sərvətin hakim mövqe tutduğu bir cəmiyyətdə onlar özlərindən qat-qat güclü olan mənfi qüvvələrlə mübarizə apara bilmir, məğlub olurlar. C.Cabbarlının bu qəhrəmanları mübariz olmasalar da, onların həmin cəmiyyətlə barışmaz mövqedə durması bu surətlərin müsbət cəhəti kimi qiymətləndirilməlidir.
        «Od gəlini» faciəsində C.Cabbarlı xalqımızın tarixi keçmişinə müraciət etmiş, onun ərəb işğalına qarşı qəhrəmanlıq mübarizəsini əks etdirmişdir. Pyesin əsas ideyası xalqın azadlığa olan həvəs və iradəsinin sarsılmazlığıdır. Əsərin əsas qəhrəmanı Elxan xalq iradəsini təmsil edir, onun simasında xalqın vətənpərvərliyi, qəhrəmanlığı, yüksək mənəvi keyfiyyətləri ifadə olunur.
        C.Cabbarlı dramaturgiyasının sonrakı mərhələsində Azərbaycan xalq həyatının yeni bir dövrü əks olunur. Bu baxımdan böyük sənətkarın «Sevil», «Almaz», «Yaşar», «Dönüş» kimi əsərləri yeni yaradıcılıq uğurları kimi qiymətləndirilə bilər. Müasir həyat problemlərinə həsr olunmuş bu əsərlərdə yeniliklə köhnəliyin, mütərəqqi qüvvələrlə mürtəce qüvvələrin mübarizəsi verilir, yeniliyin qələbəsi həyatın, gerçəkliyin qanunauyğunluğu kimi təqdim olunur.
        Milli teatrımızın nailiyyətlərinə əsaslanan, Azərbaycan dramaturgiyasının realist ənənələrini davam və inkişaf etdirən C.Cabbarlı bir dramaturq kimi ədəbiyyatımız tarixində yeni səhifə açmışdır. Onun dövrün mühüm ictimai məsələlərinə həsr olunan dram əsərləri böyük estetiktərbiyəvi əhəmiyyətə malikdir və hər bir dövr üçün öz aktual mövqeyini qoruyub saxlayır. Bu əsərlər bu gün də oxucular tərəfindən sevilərək oxunur və teatrlarımızın səhnələrində tez-tez tamaşaya qoyulur.
Top