Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutan sənətkarlardan biri Y.V.Çəmənzəminlidir. Onun hekayə, povest və romanları özünün üslub yetkinliyi, dilinin səlisliyi və şirinliyi ilə diqqəti cəlb edən qiymətli sənət nümunələridir.
Y.V.Çəmənzəminli bədii yaradıcılığa çox gənc yaşlarından başlamışdır. Mətbuatda çap olunmuş ilk yazısı 1907-ci ildə «Molla Nəsrəddin» jurnalında dərc olunan «Müdiri-möhtərəm!» sərlövhəli məktubudur. Ilk bədii əsərini isə Yusif Vəzir 20 yaşında yazmışdır. «Şalıqulunun xeyir işi» adlı bu hekayəni o, təcrübəli ədib Ə.Haqverdiyevə təqdim etmiş və ondan xeyir-dua almışdır.
Y.V.Çəmənzəminlinin üç məşhur romanı vardır. Bunların içərisində «Qan içində» romanı xüsusi yer tutur. XVIII əsrin görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və fəaliyyətinə həsr etdiyi və 1937-ci ildə yazıb bitirdiyi bu romana Yusif Vəzirin özünün verdiyi əsl ad «İki od arasında» olmuşdur. Sonralar əsəri nəşrə hazırlayan professor Əkbər Ağayev senzura maneələrini nəzərə alaraq onu «Qan içində» adı altında buraxdırmışdır.
Romanın əvvəlində müəllif iki tarixi əsərdən epiqraf gətirmişdir. Bunlardan biri Mirzə Adıgözəl bəyin «Qarabağnamə»si, digəri isə Mirzə Camal Cavanşirin «Qarabağ tarixi» əsəridir. «Qan içində» romanının yazılmasında Y.V.Çəmənzəminli 25 elmi və tarixi mənbədən istifadə etmişdir. Lakin ədib bu mənbələrə yaradıcı şəkildə yanaşmış, orijinal bir əsər yaratmış, onu həyati epizod və surətlərlə zənginləşdirmişdir.
«Qan içində» romanının əsas qəhrəmanı Vaqifdir. Vaqif ağıllı və tədbirli dövlət adamı, incə ruhlu görkəmli şairdir. Romanın ilk səhifələrindən məlum olur ki, Vaqifin ilk ailə həyatı uğursuz olmuş, arvadı vaxtsız dünyadan köçərək yeganə övladları olan Qasımı özündən yadigar qoymuşdur. Şair sonralar bir qədər yaşlı vaxtında Qızxanım adlı qadınla evlənmiş, lakin bu izdivac ona heç bir xoş ovqat gətirməmiş, daim soyuq münasibətlə müşayiət olunmuşdur.
Qarabağ hakimi İbrahimxəlil xan Vaqifin ağlını, hazırcavablığını, savadını görərək onu özünə mirzəliyə qəbul edir və beləliklə, şairin diplomat, dövlət xadimi kimi fəalivyətinin bünövrəsi qoyulur. Çox keçmir ki, İbrahimxəlil xan Vaqifi vəzir təyin edir və artıq o bir sıra, ciddi diplomatik, siyasi, hərbi problemlərin həllində iştirak edir, hətta ehtiyac olduqda ordu ilə birlikdə hərbi səfərlərə çıxır.
Vaqifin sarayda yaşayışı yüksək mövqe tutsa da, qəlbi həmişə humanist duyğularla döyünür. O, müharibə meydanında qana bulaşmış insan meyitlərini görəndə ürəyi ağrıyır, saray mühitində rast gəldiyi iyrəncliklərə biganə qala bilmir. Vaqif cürbəcür vasitələrə əl ataraq sarayda xanın qəzəbini boğmağa, onun insan taleləri ilə bağlı sərt hökmlərini yumşaltmağa çalışır.
Vaqif saray adamlarının riyakarlığını və ikiüzlülüyünü, onların mənsəb uğrunda apardığı iyrənc mübarizəni gördükcə saray həyatına nifrət edir, bu barədə fikirlərini deməkdən çəkinmir. Həmsöhbətlərindən biri ilə söhbətində o deyir. «Azərbaycan xanları bir-birilə vuruşur, hakimiyyət üstündə ata oğulu, qardaş qardaşı öldürur. Bir-birinin gözlərini çıxarır, elimiz-obamız xanların kefi üçün qırılıb gedir, amma bu fəlakətlərin qarşısını ala bilmirik».
Vaqifin ən yaxın dostu, ən yaxın həmdəmi Vidadidir. Onların dostluğu qəlb yaxınlığına, ürək birliyinə əsaslanır. Lakin Vidadinin kədər fəlsəfəsinə qarşı çıxan Vaqif həyatdan zövq almagı bacaran, gözəli və gözəlliyi sevən, bu gözəlliyi tərənnüm etməkdən doymayan zərif təbiətli bir insan, incə ruhlu bir şairdir. Bunu onun Vidadiyə dediyi sözlər də təsdiq edir. Vaqif dünyanın son ucunun ölümlü olduğunu bildirib axirət fəlsəfəsinə üstünlük verən Vidadiyə deyir: «Ay Molla Vəli, axı ölümü də Tanrı yaradıb, eşqi də, nəşəni də, gözəli də. Tanrı axirətdə mənə deməzmi: «Ay yasar, sənə ürək verdim sevmədin, dodaq verdim öpmədin, göz verdim o yaşılbaş sonalara doyunca tamaşa etmədin» Onda mən tanrıya nə cavab verərəm?»
Vaqifin təbiətindəki humanizm və həyatsevərliklə saray mühitinin əksliyi onu faciələrə aparır. incə zövq sahibi olan Vaqif əvvəlcə müstəbid iran hökmdarı Qacarın, sonra isə hakimiyyəti xəyanət yolu ilə ələ keçirmiş Məmməd bəyin daş zindanlarına atılır, şərəfsizlərin təhqirlərinə məruz qalır. İbrahimxəlil xanın yaxın adamı olan Vaqifin böyük nüfuzundan ehtiyat edən Məmməd bəy şairi oğlu Qasım ağa ilə birlikdə Xəzinə qayasından atdıraraq qətlə yetirir.
«Qan içində» romanı bizi xalqımızın keçmiş şərəfli tarixi ilə tanış edən bir əsər kimi bu gün də aktual bir mövqedə dayanır və bu gün də oxucu kütləsinin diqqət mərkəzində olaraq sevilə-sevilə oxunur.