Qarşımda bir kitab var. Müəllifi Nəcəf Nazim, adı isə «istiqlal ulduzları»dır. Bu kitabda xalqımızın igid oğul və qızlarından, Vətən naminə canlarından keçən qəhrəmanlardan bəhs olunur. Kitabı vərəqlədikcə birbirindən gözəl oğul və qızlarımız gözlərimiz önündə canlanır, dik və məğrur baxışları ilə diqqətimizi cəlb edirlər. Onların şücaəti və mərdliyi bizi Vətənimizi, xalqımızı daha dərindən sevməyə, onun yolunda qurban getməyə hazır olmağa çağırır.
        Qəhrəmanlıqdan danışarkən yadıma böyük tatar şairi Musa Cəlilin aşağıdakı sözləri düşür: «Mən ölümdən qorxmuram. Bu, boş söz deyil, bir həqiqətdir. Əgər mən sağlığımda faydalı bir iş görmüşəmsə, əgər bu haqqı qazanmışamsa, nə üçün ölümdən qorxum. Həyatın əsl mənası budur: Elə yaşa ki, öləndən sonra ölmə. Əgər Vətən üçün ölmək lazımdırsa, qoy belə şərəfli ölüm mənim nəsibim olsun.»
        Doğrudan da, yaxşı sözlərdir. İgid bir dəfə, qorxaq isə min dəfə ölər. Şərəfli ölüm şərəfsiz həyatdan min qat yaxşıdır. Son dövrlərin zorla cəlb edildiyimiz Qarabağ savaşı göstərdi ki, vətənimiz Azərbaycanda elini, obasını, xalqını canından əziz tutan, bu yolda canından keçməyə hazır olan minlərlə igid oğul və qızlarımız vardır. Müharibə ölüm deməkdir, burada qansız-qadasız ötüşmək mümkün deyildir. Bu müharibədə elə oğullarımızı itirmişik ki, onlar üçün qəlbimiz sızlayır, ürəyimiz göynəyir. Biz onlarla həm də fəxr edirik. Bu qəhrəmanlar Vətən uğrunda canlarından keçmişlər. Onlar ölümləri ilə ölümsüzlük zirvəsinə yüksəlmiş, şəhid adına ucalmışlar. Bu vətən oğulları mənəvi cəhətdən saf, yüksək əxlaqi keyfiyyetlərə malik böyük qəlbli insanlardır. Onların məsləki də, əqidəsi, amalı da Vətəndir, Azərbaycandır.

 
Təzədən doğulur igid, ölən gün,
O gündən başlanır təzə həyatı.
Ya düşür yoluna ölümsüzlüyün,
Ya da unudulur bir yolluq adı.

        Vətən yolunda canlarını qurban verən qəhrəmanlar heç zaman ölmürlər, Vətən uğrunda ölüm - həyatın davamıdır. Qəhrəmanlıq torpağa gömülmür, onun əbədi həyat vəsiqəsi var. Yaxşı demişlər:
 
İgid ölər, adı qalar!
Müxənnətın nəyi qalar?

        Qədirbilən xalqımız vətənin azadlıq və istiqlaliyyət idealları uğrunda canından keçən qəhrəmanları heç vaxt unutmayacaq, onları əbədi xatirə kimi həmişə qəlbində yaşadacaqdır. Onlar bizim üçün həmişə örnək və nümunədirlər. Biz də Vətən qarşısında and içirik ki, vətənimiz Azərbaycanı şərəf və ləyaqətlə qoruyacaq, ona sədaqətli övladlar olacağıq.
Top