Azərbaycanım, sənsən mənim
Ülviyyətim, şan-şöhrətim.
Adı mənim öz adımdır,
Sənsiz mənim nə qiymətim.
Doğulub boya-başa çatdığın, suyunu içib, nemətini daddığın, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğun, yaxşısı ilə öyünüb, pislərini özünə dərd etdiyin yurd -Vətəndir. Bu vətənin böyük, şərəfli bir adı var- Azərbaycan! Azərbaycan mənim vətənimdir.
Doğma vətənimə sevgim hər şeyə - havasından, suyundan, təbiətindən, torpağından, daşından tutmuş insanlarına olan dərin və tükənməz sevgimdir. Bu vətənin şanlı tarixi keçmişi, indisi və işıqlı gələcəyi mənə əzizdir. Çünki vətənim Azərbaycan asanlıqla bugünkü vəziyyətə gəlib çıxmamışdır. Onun zaman-zaman yadelli işğalçılar tərəfindən bağrı dəlikdeşik olmuş, güclü istila və talanlara məruz qalmışdır. Bir yandan azğın işğalçılar tərəfindən soyulub talan edilmiş, digər tərəfdən isə param-parça edilərək bir tərəfi Şimal, o biri tərəfi Cənub olaraq ikiyə bölünmüşdür. Odur ki, əsrlər boyu Azərbaycan adlanan yurdum yaralanmış, sızlamış öz övladlarından yardım və kömək istəmişdir. Mərd və mübariz Azərbaycan oğulları bu çağırışa qeyrətlə səs vermiş, yolunda saysız-hesabsız şəhid və qurbanlar vermişlər.
Vətənim Azərbaycanı bu qədər işğallara məruz qoyan onun gözəlliyi, ecazkar təbii sərvətləri olmuşdur. Onun zəngin və əlverişli iqlim şəraiti, bu ölkənin böyük sərvətlərə malik olması səbəb olmuşdur. Yaradan gözəl nemətlərindən biri olan il boyu parlaq günəş şəfəqlərini bu diyardan əsirgəməmişdir. Buna görə vətənim «Odlar yurdu»da adlandırılır. Bu baxımdandır ki, bizim xalqımız istiqanlı və qonaqpərvərdir.
Vətənimi çılğın mavi gözlü Xəzəri, Ulu qoşqarı, ağbaşlı Kəpəzi, incə zümrüd Araz vadisi ilə, bitib-tükənməyən düzənlikləri, həmişə yaşıl meşələri, bol balıqlı çayları, mirvari gözlü Göygölü, Maralgölü, Xoş bulağı ilə birlikdə sevirəm.
Qubanın payız bağları, Lənkəranın tropik nemətləri, coşub-daşan narahat Kürü, şəffaf Arazı ilə sevirəm. Vətənim Azərbaycanı.
Azərbaycan xalqının tarixi onun azadlıq və xoşbəxtlik uğrunda mübarizə tarixidir. Bu xalqın mübarizə və qəhrəmanlığı tarix boyu təsvir və tərənnüm edilmişdir.
Ana yurdum Azərbaycan kəşməkəşli tarix yaşayıb. Bu gün də vətənimin üzərindən qara buludlar çəkilməmişdir. Azərbaycanımın qəlbi Qarabağ dərdi ilə yaralıdır. Lakin bu dərdi çözəcək mətin sərkərdəmiz, qəhrəman və qeyrətli oğullarımız vardır. Başda Ali Baş Komandanımız olmaqla cəsur Azərbaycan övladları və bütünlükdə millətimiz bu Qarabağ yarasını öz əlləri ilə kəsib atacaq, bağrı dəlinən vətənim Azərbaycanın yarasına şəfalı məlhəmi ilə əlac qılacaqdır!