Birbaşa bu günümüzdən başlamaq istəyirəm. Dünənimizi heç birimiz unutmamışıq və bu günümüzdən fəxrlə keçib sabahlara addımlayırıq. Bu günümüzün fəxarət dünyası, örnək ocağı, güvənc yeri isə müstəqilliyimiz, istiqlalımız, azadlığımızdır.
Artıq neçə ildir ki, vətənimiz Azərbaycan müstəqildir, azad, suveren bir dövlətdir. Amma bu sözü dilə gətirmək üçün qərinələr, əsrlər lazım gəlib bizə. Babəklərin qolu kəsilib, Nəsimilərin dərisi soyulub, sürgünlər, qətllər, həbslər tüğyan edib, ağzından od püskürən, gözlərindən qan daman imperiyaların caynaqlarının əsiri olub Azərbaycan. Yağılar tərəfindən yağmalanıb, məkrli niyyətlərin ünvanı olub, süfrələrə təam kimi gətirilib Azərbaycan.
Dünyanın siyasi xəritəsində yeni adlar yarananda, yeni sərhədlər cızılanda və xalqların istiqlal savaşı alovlananda da Azərbaycanımız xain əllərin, həris jandarmların plasdarmına çevrildi. Qədim bir ərazini, qədim bir xalqı cəng meydanında tarixi bir sınağa çəkdilər, torpaqlarını azadlıq uğrunda mübarizəyə qalxanların qanı ilə suvardılar.
Biz uzun illər «Gülüstan» poemasının təsirindən kövrəlmiş, azadlıq təşnəsi tək için-için qovrulmuşuq. Biz onu zərrə-zərrə, qram-qram yox, bütöv bir xalqın tarixi haqqı kimi, istəyirdik. Bir gün azad yaşamağın qırx il kölə kimi sürünməkdən üstün olduğunu anlasaq da, imperiya buxovlarından qurtula bilmirdik. Azadlıq deyən dilləri kəsməyə daim hazır olan imperiya heç cür yağlı tikədən əl çəkmək istəmirdi.
Tikan olub gözlərə batırdıq. Vətənimiz, varlığımız əzirdi, didirdi qara donlu, üzdə dost, daxildə düşmən olan qonşularımızı. Təkəbbürü dağ boyda olan, vücudu isə qara quruşa dəyməyənlərin sınaq laboratoriyası oldu vətənimiz. Bizi çətin sınaqlara çəkdilər. Əvvəlcə Azərbaycanın sinəsində Araz boyda şırım açaraq iki böldülər onu. Ürəkləri soyumadı. Zaman-zaman torpaqlarımızdan hədiyyə verildi mənfur qonşularımıza. Sonra isə Qarabağ yarası vuruldu bizə. Ürəyimizə işlədi bu yara, qəlbimizi dağladı. Amma...
Biz sınmadıq, sına bilməzdik. Əyilmədik, əyilə bilməzdik. Müstəqil həyat şərəfinə, bu dünyanın qara daşının göyərəcəyinə əminlik hissi ilə başımızı dik tutduq, tankların tırtılları altından, bizə tuşlanan güllələrin gilizlərindən güclə çıxartdıq Azadlığımızı, Istiqlalımızı, Müstəqilliyimizi. Sinəmizi sipər etdik yağı gülləsinə, düşmən mərmisinə. Qanımız töküldü, lakin ucaltdıq üçrəngli bayrağımızı, yaşatdıq babalarımızdan yadigar qalan azadlıq himnini. Millətimizin xətti imzalar içərisində göründü.
Müstəqillik bizim bu günümüzdür, sabahımızdır. Biz bir həqiqətə inanırıq ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, ölməzdir, dönməzdir!
Azərbaycan! Mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
«Azərbaycan» deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.