Hər bir insanın qəlb evində ana kimi müqəddəs, ülvi və şirin bir hiss yaşayır. Bu, vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Mən mübaliğəyə varmadan deyərdim ki, insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır Vətən eşqi, Vətən sevgisi. Bəli, hər bir kəs dünyaya gözünü açdığı ilk anda onu həyata gətirən qadın ananı görürsə, ilk qədəmlərini Vətən torpağında atır və atdıqca da Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss etmiş olur. Günlər, aylar bir-birini əvəz etdikcə, həyatı dərindən duyduqca bu sevgi daha da şirinləşir, əbədiləşir və insan daha qırılmaz tellərlə öz elinə, obasına bağlanır.
 
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə Vətən.

        Dağları qürurumuz, çaylan qaynar qanımız, ormanları geniş ürəyimiz olan bir diyarda - Azərbaycan adlı məmləkətdə doğulmaq, yaşamaq, işləmək, yaratmaq, onu kirpik gözü qoruyan kimi qorumaq, sevmək və bu sevgi uğrunda canından belə keçmək hər bir vicdanlı Vətən övladının, hər bir qeyrətli yurddaşımızın məslək işi, fəxarət dünyası, həyat amalı, ömür andıdır.
        «Dədə Qorqud» filmində gözəl bir epizod var. El ağsaqqalı Dədə Qorqud gəncliyə belə bir nəsihət verir: «Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağa dəyməz, qorumasan, onda da əkib-becərməyə dəyməz». Doğrudan da, gözəl sözlərdir. Vətəni sevmək, onun hər qarış torpağının qədrini bilmək, lazım gələrsə, bu doğma yurd üçün canından keçməyi bacarmaq bizim hər birimizin müqəddəs borcudur. Torpaq - uğrunda ölən varsa, vətəndir.
        1941—1945-ci illər müharibə dövrünün qəzetlərindən birində belə bir xəbər dərc edilmişdi: «Azərbaycanlı zabit düşmən gülləsindən ağır yaralanır, onu xəstəxanaya gətirirlər. Cərrahiyyə əməliyyatı zamanı vəziyyətinin get-gedə ağırlaşdığını hiss edən xəstə həkimə dayanmaq işarəsi verir. O, son nəfəsdə var gücünü toplayır və Səməd Vurğunun «Azərbaycan» şeirindən bir bənd zəif, titrək səslə deyir:
        
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

        Zabitin yanaqlarında bir gilə yaş görünür, sonra isə gözlərini əbədilik yumur».
        Gənc zabitin son nəfəsdə yurdunu, Vətənini xatırlaması onun hansı amala görə canını qurban verdiyini parlaq şəkildə göstərir. O, Azərbaycan uğrunda sinəsini düşmən gülləsinə sipər etmiş, Vətən yolunda ölümün gözünə dik baxmış, bu yolda canını əsirgəməmişdir.
        Bu gün mən hələ adicə şagirdəm. Lakin sabah lazım gələrsə, mən də öz doğma vətənim uğrunda canımdan keçməyə hazıram. Çünki mənim qəlbim də, varlığım da, qanım da Vətəndir, Azərbaycandır.

 
Qarabağım, gözəl Şuşam talan oldu,
Təbriz dərdi, Dərbənd dərdi yalan oldu.
Qalx ayağa, vətən oğlu, sən qisas al,
Qalib zəfər bayrağını zirvəyə çal.
Top