Azərbaycan! Mənim doğma vətənim! Sən mənə nə qədər əziz, nə qədər munissən. Mən səni öz canımdan da artıq sevirəm.
Vətənə «Ana» deyirik. Bu kəlməyə hər kəs təkcə dilinin deyil, qəlbinin, hissiyyatının, idrakının, bir sözlə varlığının bütün şirinliyini qatır. Həyatda kimsə həyat yoldaşından ayrılıb başqası ilə evlənə bilər, kimsə özünə yeni dost, yeni həmdəm tapa bilər. Ana isə hamı üçün təkdir, yeganədir və təkliyinə, yeganəliyinə görə də müqəddəsdir, ülvidir, Allahın özü kimi birdir, təkcədir. Ananı seçmirlər, onu dəyişmək də olmaz. Ana ülvidir, safdır, doğmaların doğmasıdır. «Ana» dediyimiz Vətən də belədir. Onu da nə dəyişmək olar, nə də yenisini axtarmaq... onu ancaq qorumaq, yolunda sipər olmaq gərəkdir. Çünki qorunmayan torpaqdan vətən olmaz.
«Dədə Qorqud» filmində maraqlı bir epizod var. El ağsaqqalı, əli qopuzlu xalq ozanı Dədə Qorqud gəncliyə belə bir nəsihət verir: «Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkibbecərməsən, onu qorumağına dəyməz. Əgər qorumasan, onda da əkibbecərməyinə dəyməz». Doğrudan da, çox dəyərli sözlərdir. Biz vətənin övladları, vətən oğluyuq. Vətən bizə oğul deyirsə, biz də bir oğul kimi onun qədrini bilməli, onun azadlığı və suverenliyi uğrunda canımızdan belə keçməyi bacarmalıyıq.
Azərbaycan! Ana torpaq!
Mən pərvanə, sən bir çıraq,
Variığına varaq-varaq
Qurban olum, qurban olum.
Hazırda vətənimiz Azərbaycan, öz ağır günlərini yaşayır. Ana vətənimizin qəlbində Qarabağ dərdi, Qarabağ nisgili ən ağrılı yerimizdir. Qarabağ kimi dilbər guşə düşmən tapdağı altında olduğu bir halda, biz heç vaxt özümüzü bəxtəvər hiss edə bilmərik. Buna bizim mənəvi haqqımız da yoxdur. Ya şəhid olmalı, ya da qəlb göynərtimiz olan Qarabağ torpağını qaytarmalı, Cıdırdüzünə, isa bulağına, istisuya, Turşsuya qovuşmalıyıq.
Əlbəttə, ən böyük arzumuz odur ki, ulu tanrı ölümlə üz-üzə duran yurddaşlarımızı heç vaxt dünya işığına, həyatın şirinliyinə həsrət qoymasın, onları dünyanın ən qiymətli əşrəfı kimi hifz edib saxlasın. Lakin nə edəsən ki, müharibə müharibədir və o, itkisiz, qansız-qadasız olmur. Əgər Vətənimin - doğma Azərbaycanımın istiqlalının ən kiçik bir səhifəsi mənim qanımla yazıla bilərsə, mən bütün cismimi ulu yurduma qurban verməyə hazıram və inanıram ki, qeyrətli övladları olan ölkəm qalib gələcək və xoşbəxtlik sevincini yaşayacaqdır.
Kişi kişidirsə
qorxmaz ölümdən,
Bu yoldakı
çətinlikdən zülümdən.
Əgər Qarabağım
getsə əlimdən,
Bağışlarmı məni
xalqım, vətənim?