İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhvaliruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün bərabərliyi günüdür.
Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu Bahar bayramı adlanır. Sonralar bu bayramı Novruz bayramı adlandırmışlar.
Novruz «yeni gün» deməkdir. Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü bayram edir. Bəzi Şərq xalqlarında bu bayram həm də Yeni il bayramı kimi qeyd olunur.
Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır. Novruza hələ bir ay qalmış xalq bayrama hazırlaşır. El arasında həmin bu aya Novruz ayı deyilir. Bu ayın dörd çərşənbəsinin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - oda, torpağa, suya və havaya (küləyə) həsr olunur. Bunun özü də onu göstərir ki, Novruz bayramı dünyanın ən qədim, ən müdrik bayramlarından biridir.
Novruzda növbənöv bayram şirniyyatı bişirilir, xonçalar bəzədilir. Səməni öz yaşıl qaməti ilə evlərin bəzəyinə çevrilir. Səməni yaşıllıq, bolluq deməkdir. Səməni təbiətin canlanmasına, çöllərin yaşıilığa qərq olmasına, ağacların yarpaq açmasına, gələcək bolluğa, firavanlığa işarədir. Səməni həm də ən əziz bayram yeməyinin adıdır. Səməni halvası müqəddəs yemək sayılır. O əziz yemək kimi, bayram sovqatı kimi qohum-əqrəbalara, qonumqonşulara da paylanır. Bayramın ən ləziz təamı isə, şübhəsiz ki, üstü qaralı plovdur. Hər evdə bayram gecəsi hökmən plov bişirilir, qohum-qonşuya, kimsəsizlərə, qapıya papaq atanlara pay verilir, hamı sevindirilir, küsənlər barışır, insanlar deyir, gülür, şənlik edir, bir-birinə xoş günlər arzulayırlar. Mən bahar fəslini çox sevirəm. Bahar xoş ovqatdır, xoş əhvali-ruhiyyədir, arzudur, istəkdir, amaldır. Mən arzu edirəm ki, yurdum, vətənim həmişə bahar təravətli, bahar ovqatlı olsun, xalqımızın üzündən bahar gülüşü, bahar şənliyi əskik olmasın.