Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:
       – Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.
       Molla kağız-qələm götürüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:
       – Niyə hirslənirsən, qibleyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də...
       Teymur deyir:
       – A kişi, mən boyda Teymur Ləng dilənçiyəm? Özü də lap həyasızı?
       Molla deyir:
       – Niyə hirslənirsən, qibleyi-aləm!? Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən, özü də lap həyasızından.
       Teymur deyir:
       – Demək, sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?
       Molla deyir:
       – Bəli, qibleyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.
Top