– Bir gün bir nəfər molla, necə olursa, məscid həyətində dəstəmaz
alanda çarhovuza düşür. Çarhovuz dərin imiş, molla da üzmək
bilmirmiş. Molla batır, çıxır, qışqırır. Camaat yığılır. Hər nə qədər qışqırırlarsa:
Molla, əlini ver, çəkib çıxardaq, – molla heç kəsə əlini vermir.
Özü də batır, çıxır, az qalır boğulsun. Camaat qalır məəttəl. Bu
dəmdə Molla Nəsrəddin çatır. İşi belə görcək, çarhovuzun kənarına
gəlib deyir:
– Molla, molla, tut əlimdən çıxardım səni.
Molla Nəsrəddin bu sözü deyib əlini uzadır, molla onun əlindən
tutub çıxır. Adamlar qalırlar məəttəl ki, bu necə işdir. Bir nəfər molladan
xəbər alır:
– Niyə bu qədər adam hər nə qədər qışqırdısa, əlini vermədin,
Molla Nəsrəddin "tut" deyən kimi o saat əlini uzatdın?
Molla dinmir. Molla Nəsrəddin onun əvəzində cavab verib deyir:
– Camaat, təəccüb eləməyin. Siz buna deyirdiniz ki: "Molla, ver
əlini səni çıxardaq". O da əlini sizə vermirdi. Amma mən dedim:
Molla, al, tut əlimdən. O da əlini verdi. Məsələ burasındadır ki, bu
molla tayfası "ver" sözünə öyrəşməyib, "al" sözünə öyrəşib.
Top