Mollanın olduğu kəndə bir seyid gəlir. "Mən kəramət sahibiyəm,
hansı xəstənin ağzına bir dəfə püfləsəm sağalar" – deyə camaatı aldadıb
pullarını alır.
Molla Nəsrəddin əhvalatı eşidib onun yanına gedir. Bir az ordan-burdan
söhbət eləyib görür ki, o, savadsız, fırıldaqçının biridir. Soruşur ki:
– Seyid ağa, sizin ağzınızda nə kəramət var ki, xəstələrin ağzına
püfləyəndə yaxşı olur?
Seyid özünü çəkə-çəkə deyir:
– Bir gün aləmi-röyada Xızır peyğəmbər mənim ağzıma tüpürüb.
O vaxtdan mənim ağzım olub kəramətli.
Molla seyidin bu həyasızlığına daha tab gətirə bilməyib deyir:
– Xızır peyğəmbər sənin ağzına tüpürmək niyyətində olmayıb. O
sənin fırıldaqçı olduğunu görüb, üzünə tüpürmək istəyib, ağzıaçıq yatdığına
görə tüpürcək ağzına düşüb.
Top