Bir məclisdə özünü alim göstərən dərvişlərdən biri ilə Mollanın
mübahisəsi düşür. Molla Nəsrəddin gündə bir fırıldaqla camaatı
aldadan bu dərvişi hər tərəfdən bağlayır və onun tamam yalançı, savadsız
bir adam olduğunu sübut eləyir. Dərviş işi belə görüb Molla
Nəsrəddini pərt eləmək üçün deyir:
– Sən, barı danışma! Sənin ki, bu dünyada əlindən heç bir iş gəlmir.
Molla deyir:
– Düz deyirsən. Sənin əlindən gələn işlər mənim əlimdən gəlməz.
Ancaq məni hamı tanıyır, gəlsənə bir sən də özünü nişan verəsən,
görək kimsən, nəçisən?
Dərviş deyir:
– Mən övliyayam. Mən hər gecə bu aləmdən, bu günahkarlar dünyasından
çıxıb göylərə uçuram.
Molla Nəsrəddin özünü tamamilə inanmış kimi göstərərək soruşur:
– Yaxşı, heç dördüncü göyə gedibsənmi?
Dərviş lovğa-lovğa deyir:
– Getmişəm, özü də bir dəfə yox, çox dəfə getmişəm. Molla yenə
də inanmış adam kimi soruşur:
– Heç orada uçanda dodaqlarına yumşaq bir şeyin dəydiyini hiss
edibsənmi?
Dərviş Mollanı üstələdiyini görüb, tez "bəli, bəli!" deyə cavab verir.
Molla Nəsrəddin camaata göz basıb dərvişə deyir:
– Hə, bax, o, bizim eşşəyin quyruğudur.
Top